Bakının Sabunçu rayonunda “TOPs” təlimləri keçirilib

Bakının Sabunçu rayonunda “TOPs” təlimləri keçirilib “TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramının 6-cı mövsümü çərçivəsində növbəti təlimlər Bakı şəhərinin Sabunçu rayonunda keçirilib.
Proqram Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.
Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bunun nəticəsi olaraq, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.
Təlimlərə Sabunçu rayonu üzrə 69, 107, 108, 112, 126, 128, 137, 142, 155, 268 və 170 saylı orta məktəblərin 35 fiziki tərbiyə müəllimi cəlb olunub. Təlimlər boyunca müəllimlərə fiziki tərbiyə dərsləri daha səmərəli və əyləncəli keçməyin yolları, şagirdləri dərslərə həvəsləndirmək üçün tədris metodları öyrədilib.
Təlimlər zamanı müəllimlərə TOPs metodologiyası əyani formada göstərilib, proqramın əhatə etdiyi təlim formatları yerində tətbiq olunub. “TOPs” proqramının təlimçisi Asəf Mehdiyev bildirib ki, Sabunçu rayonunun müəllimləri təlimlərə maraqla qoşulublar: “Təlimlər boyunca müəllimlərimiz aktiv iştirakı ilə seçildi. Onlara “TOPs” metodologiyası izah olundu və əyani göstərildi. Dərslərin təşkili, şagirdlərə yanaşma, inkluziv təhsil alan şagirdlərlə rəftar və sair kimi önəmli məqamlar diqqətə çatdırıldı”.
Müəllimlərə Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanan və gündəlik tədris planlaşdırmasını əvəz edəcək metodiki tədris kartları da təqdim olunub.
“TOPs” təlimlərində iştirak edən müəllimlər yeni metodologiyanı dərslərində tətbiq etdikdən sonra açıq dərslər və dərsdənkənar müxtəlif idman festivalları təşkil edəcəklər. Burada məqsəd şagirdlərin həm fiziki, həm də liderlik bacarıqlarının inkişaf etdirilməsidir.
2019-2020-ci tədris ilində “TOPs” proqramına Bakı, Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı, Şabran, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə məktəblər cəlb olunub.
Xatırladaq ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb.

Tehsil-press.az



Oxşar xəbərlər