Gəncə şəhərində “TOPs” layihəsi çərçivəsində “açıq dərs”

Gəncə şəhərində “TOPs” layihəsi çərçivəsində “açıq dərs” “TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramının 6-cı mövsümü çərçivəsində Gəncə şəhərinin 1, 18, 34 və 39 nömrəli məktəblərində “açıq dərs”lər keçirilib.
“Açıq dərs”lərin təşkil olunmasında məqsəd müasir təlim üsullarının tətbiqi yolu ilə şagirdlərin fiziki və liderlik bacarıqlarını inkişaf etdirməkdir.
Proqram Təhsil Nazirliyi, “British Council – Azerbaijan”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin əməkdaşlığı ilə həyata keçirilir. Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilik və peşə bacarıqlarını “TOPs” metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bunun nəticəsi olaraq, şagirdlərin bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.
“TOPs” proqramı çərçivəsində Gəncə şəhərinin fiziki tərbiyə müəllimləri üçün təlimlər təşkil edilib. Müəllimlərə “TOPs” metodologiyasından istifadə etməklə fiziki tərbiyə dərslərini şən, təhlükəsiz və daha keyfiyyətli tədrisin üsul və formaları mənimsədilib. Təlimlərdə iştirak edən müəllimlər “TOPs” metodologiyasını bir müddətdir ki, öz dərslərində tətbiq edirlər.
“Açıq dərs”də şagirdlər komanda halında müxtəlif idman oyunlarını və yarışlarını icra ediblər.
Layihə rəhbəri Vəli Musayev bildirib ki, “açıq dərs”ləri layihənin əməkdaşları, şəhər Təhsil şöbəsinin məsul işçiləri, məktəb rəhbərliyi, müəllimlər və valideynlər izləyiblər. Müasir təlim üsulları ilə təlimatlanan fiziki tərbiyə müəllimləri dərsləri fəal şəkildə tədris etməklə fiziki tərbiyənin tədrisinin yeni mərhələdə olduğunu bir daha göstəriblər. Belə dərslər öz növbəsində şagirdlərin fiziki və funksional göstəricilərinin inkişafı ilə yanaşı, uşaqlarda mübarizlik ruhunu yüksəldir, dostluq, əməkdaşlıq hisslərini gücləndirir.
2019-2020-ci tədris ilində “TOPs” proqramının ölkənin bütün ərazisində tətbiq olunması qərara alınıb. Bunun üçün təlimlərin keçirilməsi prosesi bölgələr üzrə davam etdirilir.
Xatırladaq ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb.

Tehsil-press.az



Oxşar xəbərlər