Müdafiə naziri cəbhə xəttində olub

Müdafiə naziri cəbhə xəttində olub Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Nazirliyin mətbuat xidmətindən Tehsil-press.az-a bildiriblər ki, ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Zakir Həsənov müdafiənin dayanıqlılığı, mühəndis-istehkam qurğularının təkmilləşdirilməsi, hərbi qulluqçuların döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti və sosial-məişət şəraiti ilə tanış olub.
Müdafiə naziri düşmənlə təmas xəttində yerləşən bölmələrdə qarşı tərəfi müşahidə edib. Ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə olunub. Aprelin əvvəlində Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş polkovnik-leytenant Şükür Həmidova müdafiə nazirinin əmri ilə vaxtından əvvəl verilmiş polkovnik hərbi rütbəsi təqdim olunub.
Aprel döyüşlərində fərqlənən hərbi qulluqçularla görüşən müdafiə naziri onlara qiymətli hədiyyələr təqdim edib və hərbçilərlə çay süfrəsi arxasında söhbət aparıb.
Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyət Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olduqlarını bildiriblər.


Tehsil-press.az

Oxşar xəbərlər