
Peşə təhsili ali təhsillə müqayisə edilməməli və hər ikisinin mahiyyətini gənclər düzgün anlamalıdır. Onlar bilməlidir ki, peşə bacarıq tələb edən təhsil sahəsidir və cəmiyyətdə həmişə tələb görür. Yəni bazar iqtisadiyyatında dəyəri hər zaman mövcuddur. Peşə mütəxəssisinin görəcəyi işi ali təhsilli biri görmür deyə bu sahələr arasında heç zaman rəqabət olmur.
Cəmiyyətin təsəvvüründəki "dırnaqarası peşə təhsili" anlayışını silmək və peşədə təhsil alan gənclərə qarşı münasibətin dəyişməsi üçün peşə sahəsində çalışanların üzərinə böyük məsuliyyət düşür. Onlar işlərinə daha da canla-başla yanaşmalı, qarşılarındakı gəncin bacarıqlı, istedadlı bir fərd olduğunu nəzərə alaraq onlara biganə yanaşmamalıdırlar. Bacarıqlı gənclərin həm də artistik bacarığı, incəsənət ruhu olur. Onlar yaratmağı bacaran və sevən olurlar. Bunu biz mərkəzimizdə keçirilən tədbirlər əsnasında da aydınca görə bilirik. Çox istedadlı gənclərimiz var, onların potensialına cəmiyyətin gözucu yanaşması ədalətli deyildir. Bu baxış bucağını dəyişmək son dərəcə vacibdir. Bu məqsədlə biz də öz növbəmizdə peşə təhsilinin səmərəliliyini aktual saxlamaq üçün tez-tez orta məktəblərdəki şagirdlərlə əlaqəyə keçib, seminarlar, ustad dərsləri təşkil edirik. Sosial media üzərindən peşə təhsilinin daha çox insana çata bilməsi üçün ölkə tarixində əlamətdar hesab olunan bütün tədbirlərdə peşə tələblərinin iştirakını təmin edir, onların bacarıqlarının göz önündə olması üçün əlimizdən gələni edirik. Peşəkarlar olmasa, cəmiyyətin strukturunda ciddi problemlər yaranar. Buna görə də, peşə təhsilini "zirzəmi təhsili" kimi görməkdən vaz keçmək lazımdır. Bizim hər zaman dərzilərə, ustalara, aşpazlara, qənnadçılara ehtiyacımız olacaqdır.
Aysel Qafilova,
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi
Tehsil-press.az