Məktəb direktorlarının məsuliyyəti onların səlahiyyətləri ilə adekvat deyil

Məktəb direktorlarının məsuliyyəti onların səlahiyyətləri ilə adekvat deyil Əvvəllər təhsilin təlim və tərbiyə qanadları vardı. Sonradan tədricən yetişməkdə olan nəslin tərbiyələndirilməsi işində məktəbin, müəllimin rolu azaldı və bu mənfi tendensiyanı sosial medianın naqisliklərinin uşaq və gənclərə sirayət etməsi ilə əlaqələndirdilər. Daha sonra isə məlum oldu ki, məktəb nəinki tərbiyə, heç təlim vermək vəzifəsinin də öhdəsindən gələ bilmir. Repetitorluğun əhəmiyyətinin müəllimin sinifdə keçdiyi dərsin keyfiyyətini üstələməsi bunun əyani sübutudur. Belə olan halda müəllim nüfuzunun azalması labüddür.

Bu mövzu ətrafında fikirlərini bölüşməyi təhsil üzrə ekspert, “Təhsil-press.az” İnformasiya Agentliyinin direktoru Əkbər Hüseynzadədən xahiş etdik.
Dediklərindən:

Ümummilli lider Heydər Əliyev demişdir ki, müstəqilliyi qazanmaqdan daha vacib və daha çətin bir iş onu qoruyub saxlamaqdır. Şükürlər olsun ki, ulu Öndərimizin layiqli davamçısı, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimiz qorundu və möhkəmləndirildi. Azərbaycan öz ərazilərini mənfur qonşunun işğalından azad etdi. Buna Ali Baş Komandanın uğurlu siyasəti və sərkərdəlikm qabiliyyəti, hərbi cəhətdən qüdrətli ordumuzun əsgər və zabitlərinin şücaəti hesabına nail olduq. Ancaq bu gün dövlət başçısı səviyyəsində prioritet göstərilir ki, ölkəmiz azalmaqda olan karbo-hidrogen ehtiyatlarından asılılıqdan qurtulmalı, iqtisadiyyatını şaxələndirməli, insan kapitalını inkişaf etdirməli, sənaye inqilabını gerçəkləşdirməlidir. Həqiqətən də iqtisadiyyat təkcə neft-qaz sektorundan, gənclərimizin tərbiyəsi də təkcə vətənpərvərlik hisslərinin aşılanmasından ibarət olmamalıdır. Tarix göstərir ki, iqtisadiyyatı güclü, əhalinsinin sosial rifahı yüksək olan Almaniya, Yaponiya, Cənubi Koreya kimi ölkələr üstün göstəricilərə məhz xalqlarının intizamı ilə nail olublar. İntizam tərbiyəsi isə məhz orta məktəbdən başlayır.

Bu gün bizim ən yaxın müttəfiqimiz olan qardaş Türkiyənin də nüfuzlu elm və təhsil ekspertləri öz müşahidələrindən belə qənaətə gəldiklərini deyirlər ki, sovetlər dönəmində müstəqil olmayan Azərbaycanda təhsil almış, indi orta və daha yuxarı yaş qrupuna aid edilən şəxslərin ortalama intellektual səviyyəsi indiki müstəqil Azərbaycan məktəbində yetişən nəsildəkindən artıqdır. Söz yox, o vaxt ideologiya, ictimai-siyasi formasiya başqa idi. O da bəlli ki, ötən yarım əsrdə elm və texnologiya bütün dünyada inkişaf edib və texniki nailiyyətlər, müasirləşmə gəlib bizim məişətimizə də daxil olub. Gənclərimiz arasında yüksək istedadı ilə seçilən fərdlər də vardır ki, bunlar istisnadır. Amma ümumi mənzərə heç də qənaətbəxş deyil. Düşünürəm ki, təhsildə islahatların lokomotivini məhz məktəbdə intizamın təmin olunması təşkil etməlidir. İstər məktəbəqədər müəssisə olsun, istər orta və ya ali məktəb, ümumiyyətlə təhsil müəssisəsində intizama cavabdeh olan əsas şəxs müəssisə rəhbəridir. Gəlin, etiraf edək ki, bu gün Azərbaycan məktəbində direktorun daşıdığı məsuliyyət onun olduqca məhdud səlahiyyətləri ilə adekvat deyil. Bu gün Azərbaycanda müəllimlər imtahanla seçilir (yaxud, işləyib-işləməməsinə qərar verilir), şagirdlər onlayn-müsabiqə ilə qəbul olunur, hətta təhsil müəssisələrinə texniki işçilərin belə işə götürülməsində müəssisə rəhbəri (məktəb direktoru) söz sahibi deyil. Məktəb direktorları sanki qarovulçu vəzifəsini daşıyırlar. Di gəl, bir uşaq digərinə sillə vuran kimi direktordan məsuliyyət tələb olunur. Hətta şagirdlərin iştirakı ilə məktəbdən kənarda baş verən insidentlərə görə də direktor ictimai qınağa tuş gəlir. Halbuki, direktor məktəbdə özünü uyğunsuz aparan bir şagirdi tənbeh edən kimi valideyn onun üstünə hücum çəkir.

Direktorların səlahiyyətlərini artırmaqdan qorxuruq ki, belə olan halda despotizmə, uşaq hüquqlarının pozulmasına, korrupsiyaya zəmin yarana bilər. Yuxarıda qeyd etdiyim intizamsızlıq fonunda isə məktəb direktoru nöqsanları malalamaq üçün yeganə çıxış yolunu yalnız məktəbi bitirən məzunların ali məktəblərə daxil olmaq üzrə göstəricilərinin yuxarı olması ilə qayğılanmaqda görür. Buna isə müəllimlərin sinifdə keçdiyi dərslərin keyfiyyəti ilə deyil, repetitorların evdə təşkil etdikləri kurslarda nail olunur. Çünki başqa səbəblər bir yana, sinifdə şagird sıxlığı var, müəllim 40-50 şagirdə bir saat ərzində dərs proqramını tələb olunan keyfiyyətdə mənimsədə bilməz. Şagird seyrəkliyi olan ucqar kənd məktəblərini isə birləşdirirlər ki, bəs, maliyyə baxımından sərfəli deyil. Əgər hətta müvəqqəti də olsa, bu günün reallığında repetitorluq hadisəsi ilə barışmışıqsa, eyni müəllimin məktəbdə keçdiyi dərsin keyfiyyətsizliyini, evində, yaxud, elə məktəbdəcə əlavə saatlarda təşkil etdiyi kursun isə yüksək keyfiyyətini qəbul etmişiksə və bu paradoksu müəllimin öz vicdanının ixtiyarına buraxmışıqsa, qoy elə isə məktəbdə şəffaf “direktor fondu” yaradaq. Dövlətin verdiyi maaşla qənaətlənməyən müəllim-repetitorlar məktəbin resurslarından yararlandıqlarına görə icarə haqqı kimi həmin fonda ödəniş etsinlər.

Tehsil-press.az

Oxşar xəbərlər