“Belə hadisələri şişirtmək müəllimin imicinə xələl gətirir” - Deputat

“Belə hadisələri şişirtmək müəllimin imicinə xələl gətirir” - Deputat Direktorun yuxarı sinif şagirdinə əl qaldırmasını əks etdirən videogörüntülərlə müzakirə obyektinə çevrilən 9 nömrəli tam orta məktəb Bakının Nəsimi rayonu ərazisində yerləşir. Daxili İşlər Nazirliyinin bu gün yaydığı məlumata görə, məktəbin direktoru Zinyət Əhmədovanın, həmin məktəblinin və onun valideyninin izahatı alınıb.
Hadisəyə münasibət bildirən Nəsimi rayonunun deputatı Məlahət İbrahimqızı açıqlamasında təəssüfləndiyini bildirib.
Deputat uzun illərdən bəri parlamentdə Nəsimi rayonunu təmsil etdiyini və 16 il Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi təşkilatının sədri olduğundan həmin məktəbin kollektivini və döyüldüyü iddia edilən şagirdin ailəsini tanıdığını söyləyib:
“Mən uzun müddətdir, Nəsimi rayonunu Milli Məclisdə təmsil edirəm. Həmçinin, Yeni Azərbaycan Partiyasının Nəsimi təşkilatının sədriyəm və seçicilərimi, məktəbin kollektivini yaxşı tanıyıram. 9 nömrəli məktəbdə sağlam ruh var, pedaqoji kollektiv şagirdlərlə çox dərindən çalışır. Bu məktəbin onlarla məzunu 44 günlük Vətən müharibəsində şücaət göstərib. Məktəbin valideynlərinin əksəriyyəti mənim seçicilərimdir. Zinyət xanım uzun illərdir bu məktəbə rəhbərlik edir və seçicilərimin, şagirdlərin, valideynlərin sevimlisidir. Təəssüf edirəm ki, kimlərsə belə bir video yayımlayıb. Bakının əksər məktəblərində olduğu kimi, bu məktəbdə də mindən çox şagird təhsil alır və müxtəlif ailə mühitindən gələn şagirdlərin arasında sözsüz ki, çətin tərbiyə edilən, valideyn nəzarətindən kənarda qalan, uğursuz ailələrin övladları da var.
Bu videoda görünən məqama bəraət vermirəm. Amma müvafiq qurumlar tərəfindən heç bir araşdırma aparılmamış, doğruluğu və ya nə dərəcədə əsaslıdır, bilmədən sosial şəbəkələrdə, mətbuatda yaymaq bizim 3000-ə yaxın şəhid, 3000-ə yaxın qazi, eləcə də vətənpərvər veteran gənclər tərbiyə etmiş təhsil ictimaiyyətini də bir növ qaralamaqdı. Belə video ilə hadisənin şişirdilməsinin məqsədi aydın deyil. Müəllimin, direktorun çətin tərbiyə edilən uşağı tənbeh etməsi normal haldır. Videonu mən də izlədim və dediyim kimi, təqdir etmirəm. Amma yuxarı sinif şagirdinin tərbiyə və intizam qaydalarını kobudcasına pozmasına da haqq qazandırmaq olmaz. Belə görüntülərin sosial şəbəkələrdə yüksək pafosla yayılması düzgün deyil”.
Məlahət İbrahimqızı həmin şagirdin ailəsində də müəyyən problemlərin olduğunu, bu baxımdan yeniyetmənin tərbiyəsinə yetərli vaxt ayrılmadığını qeyd edib:
“Şagirdin anası isə polisə izahat verərək, oğlunun çətin tərbiyə edilən uşaq olduğunu, dərsə davamiyyətinin zəifliyini və direktoru günahlandırmadığını bildirib. Düşünürəm ki, bir anlıq baş verən bu cür hadisələri sosial şəbəkələrdə, mətbuatda qabardıb, ziyalı və təcrübəli təhsil işçilərimizin nüfuzuna, müəllim obrazına xələl gətirməməliyik”.

Tehsil-press.az

Oxşar xəbərlər