
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, məktəbin nüfuzu qalxdıqca repetitorluğun nufuzu düşəcək.
"Təhsil sahəsi elə bir sahədir ki, burada yeniliyə hər zaman ehtiyac var. Dünya təcrübəsi, texnologiyanın inkişafı kimi amillər təhsilin inkişafına təkan verir. Düşünürəm ki, Elm və Təhsil Nazirliyinin gördüyü tədbirlər öz nəticəsini verir və ildən-ilə məktəbin nüfuzu artacaq. Ancaq repetitorluq və onun kimi başqa hansısa prosesi nazir əmri, Milli Məclis qərarı ilə dayandıra bimərik. Məsələn, keçən əsrin 70-ci illərində repetitorluğu müəyyən mənada dərnəklər əvəz edirdi. Dərsdən sonra həftədə bir və ya bir neçə dəfə müəllim öz şagirdlərini dərnəyə çağırır, onlarla əlavə məşğul olurdu. Amma bu məşğələlər ödənişsiz idi. Valideynlər bütün gücünü repetitor hazırlığına yönəldib və uşaqlarının istirahətini belə düşünmürlər. Unutmamalıyıq ki, uşağı sıxmağın da nəticəsi xəmiri əlində sıxanda yaranan mənzərə kimi olacaq. Xəmiri sıxdıqca barmaqlarının arasından çıxır. Uşağın uşaqlığını əlindən almaq olmaz.
Yadıma İbn Sina ilə bağlı bir rəvayət düşdü. İbn Sina hələ uşaq olanda onun sorağı yayılıb. Bir qrup alim onun sorağını ala-ala onun yaşadığı kəndə gəlir. Kənddə görüblər ki, bir uşaq ağaca çıxıb quşların yumurtalarını sındırır. Uşaqdan İbn Sinanı tanıyıb-tanımadığını soruşurlar. Məlum olur ki, ağaca çıxan İbn Sinadır. Təəccüblənirlər ki, İbn Sina da ağaca çıxar? İbn Sinanın onlara cavabı belə olur: “Mən istedadlı ola bilərəm, amma Allah mənim uşaqlığımı əlimdən almayıb ki?” Valideynlər övladlarının uşaqlığını əllərindən almamalıdırlar. Unudurlar ki, şagirdin həyatı təkcə müəllim və kitabdan ibarət deyil".
Tehsil-press.az