Yanan bina ilə bağlı MÜHÜM SƏNƏDLƏR - Samir ölümündən əvvəl açıqlamışdı - FOTOFAKT

Yanan bina ilə bağlı MÜHÜM SƏNƏDLƏR - Samir ölümündən əvvəl açıqlamışdı - FOTOFAKT Yasamalda 3 nəfərin ölümü, 27 nəfərin xəsarət alması ilə nəticələnən yanğında həyat yoldaşı və iki azyaşlı övladını xilas etməyə çalışarkən həlak olan binanın komendantı Samir Məhəmmədov faciədən bir neçə gün əvvəl müraciət etmişdi. O, binanın zirzəmisinin qanunsuz şəkildə satıldığını və həmin sahədə “Loft” restoranının saxta sənədlərlə fəaliyyət göstərdiyini bildirmiş, bununla bağlı redaksiyaya çoxsaylı sənədlər təqdim etmişdi.

Mərhum komendant açıqlamasında qeyd edirdi ki, 17 mərtəbəli bina vaxtilə “Fobos” MTK tərəfindən tikilsə də, uzunmüddətli mübarizədən sonra MTK ərazidən uzaqlaşdırılıb və sakinlər "Yasamal 62" MMMC-ni yaradaraq idarəçiliyi öz üzərlərinə götürüblər:

“Mən cəmiyyətin idarə heyətinin sədriyəm. Həm də binanın sakiniyəm”.

Onun sözlərinə görə, MTK binadan çıxarıldığı dönəmdə onun sədri Abbas Çerpanov layihədə texniki mərtəbə kimi göstərilən “-1 mərtəbə”nin böyük hissəsini birinci mərtəbədəki obyektin sahibi Vüqar Abbasova satıb. Vüqar Abbasov isə zirzəmidə pəncərəsiz, tamamilə qapalı məkanda “LOFT” adlı restoran tikdirib:

“Vüqar Abbasov ora sahiblənib və binanın altında, hətta yer səviyyəsindən də aşağıda restoran tikib. Elə bir restoran ki, heç pəncərəsi belə yoxdur. O zamandan bəri nə zirzəmimiz, qarajımız var, nə də restoranın fəaliyyəti sakinlərin dinc yaşamağına imkan verir. Ümumi əmlak olan bu sahələr satılıb”.

Samir Məhəmmədovun sözlərinə görə, həmin restoran layihədə ümumiyyətlə, nəzərdə tutulmayıb və obyektə giriş də qanunsuz şəkildə düzəldilib:

“Restoranın ayrıca girişi də yoxdur. Deməli, birinci mərtəbədə “Loft Dent” stomatoloji klinikası açıblar. Klinikanın girişindən keçib restorana düşürsən. Ora zirzəmi, qarajlar üçün nəzərdə tutulmuş yer idi. Onlar da restoranın içindən belə deyək, yerin altından özlərinə deşik açıb ayrıca giriş düzəldiblər .Son zamanlar restoranın fəaliyyəti daha da güclənib. Səs-küy, musiqi, iy, qoxu… Orada antisanitariya yaranıb, siçovulların sayı artıb. Gecə saat 24.00-01.00-da həyətdə dava-dalaş, içkili insanlar olur. Restorana gələnlər maşınını bizim bizim həyətdə saxlayırlar, özümüz maşın saxlamağa yer tapa bilmirik. Nəinki maşın saxlamaq, ümumiyyətlə, həyətdən keçmək olmur. Təsəvvür edin ki, 1-ci mərtəbənin sakinləri bu səs-küydən, daimi musiqidən nə qədər əziyyət çəkir. Bilmirəm, toy edirlər, nə edirlər orada.

Birincisi, həmin zirzəmi ümumiyyətlə, saxta sənədlər əsasında ələ keçirilib. Bunu məhkəməyə də vermişik, məhkəmə davam edir. Sənədlərin saxta olduğunu sübut etmişik, şahidlər də gətirmişik.

İkincisi, burada restoranın fəaliyyəti nə dərəcədə qanuna uyğundur? Mənim bildiyimə görə, qanunvericilik yaşayış binalarının altında restoranların fəaliyyətinə icazə vermir. Səs-küy, qoxu sakinləri narahat edir. Binanın layihəsində də restoran üçün heç bir texniki şərt nəzərdə tutulmayıb, şaxtaları belə yoxdur”.

Zirzəmi ilə bağlı Samir Məhəmmədovun təqdim etdiyi sənədləri təqdim edirik:

Tehsil-press.az

Oxşar xəbərlər