BAKI ŞƏHƏRİNDƏ “III BEYNƏLXALQ APİTERAPİYA VƏ TƏBİƏT” KONQRESİ KEÇİRİLİB

BAKI ŞƏHƏRİNDƏ “III BEYNƏLXALQ APİTERAPİYA VƏ TƏBİƏT” KONQRESİ KEÇİRİLİB 21-23 noyabr 2025-ci il tarixdə Bakı şəhərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunda “III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi” keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiyənin Karadeniz Texnik Universiteti və Gümüşhane Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi”ndə respublikamızla yanaşı bir sıra xarici ölkələrdən dəvət olunmuş tədqiqatçılar da qatılıb.

İlk dəfə 2023-cü ildə Naxçıvan şəhərində, 2024-cü ildə Türkiyənin Trabzon şəhərində keçirilmiş, 3-cü isə Bakı şəhərində təşkil olunan “III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi”nin əsas məqsədi apiterapiya (bal, vərəmum, arı südü, arı zəhəri və s.) və təbiətə əsaslanan elmlər sahəsində tədqiqatçıları bir araya gətirmək, elmi müzakirələr aparmaq, qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək, yeni elmi layihələrin formalaşmasına və inkişafına töhfə vermək, dünyada apiterapiya və təbiət elmləri üzrə elm adamlarını bir platformada toplayaraq, beynəlxalq elmi şəbəkələr qurmaqdan ibarətdir.

Konfransda Azərbaycan, Türkiyə, Pakistan, Əlcəzair, İndoneziya, Yunanıstan, Qazaxıstan, Özbəkistan və digər müxtəlif ölkələrdən qatılan görkəmli alimlər, mütəxəssislər, apiterapiya və fitoterapiya sahəsi üzrə tədqiqatçılar iştirak ediblər.

“III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi”ndə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutun direktoru, professor Səyyarə İbadullayeva açılış nitqi edərək qonaqları salamlayıb və konqresin işinə uğurlar arzulayıb. O, bu mötəbər tədbirin ölkəmizdə keçirilməsinin əsas məqsədinin zəngin floraya, biomüxtəlifliyə malik Azərbaycan təbiəti və bu təbiətdən gələn qiymətli arı məhsullarının tədqiqinə dair ən son elmi yenilikləri müzakirə etmək, müəssisələr və tədqiqatçılar arasında beynəlxalq əməkdaşlıqları genişləndirmək, yeni araşdırma istiqamətlərinə yol açmaq olduğunu vurğulayıb. Professor Botanika İnstitutunda biomüxtəlifliyin qorunması və təbii mənşəli müalicə üsullarının öyrənilməsi istiqamətində aparılan elmi tədqiqatlardan söz açıb. Konqresdə təqdim olunacaq məruzələrin, aparılacaq müzakirələrin tədqiqatçı və mütəxəssislər üçün böyük fayda verəcəyini vurğulayıb.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Gümüşhane Universitetinin rektoru Oktay Yıldız, Karadeniz Texnik Universitetinin professoru Sevgi Kolaylı, Pakistanın Karaçi Universitetinin professoru Muhammad İqbal Choudhary, Azərbaycan Peşəkar Arıçılar birliyinin sədri Elxan Ələkbərov çıxış ediblər.

Konqres 3 salonda 11 bölmə iclasları və 80-dən çox poster təqdimatları ilə işini davam etdirmişdir. Bölmələrdə ümumilikdə 8 ölkədən 150-dən çox tədqiqatçının məruzələri dinlənilmişdir.

Tehsil-press.az

Oxşar xəbərlər