
Görüş zamanı rektor Kamal Abdulla qonağı salamlayaraq onu universitetdə görməkdən məmnun olduğunu bildirib. O, ADU-da 20-dən çox dilin, o cümlədən Avropa və Asiya dillərinin tədris olunduğunu, universitetin QS reytinqlər cədvəlində dünyada ilk 200 universitet sırasında yer aldığını qeyd edib. Rektor ispan həmkarlarla əlaqələrin möhkəmləndirilməsinin, gənclər arasında münasibətlərin dərinləşdirilməsinin və qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb. Həmçinin tələbə və müəllim mübadiləsinin vacibliyini vurğulayıb.
Xose Pedro Torrubia ADU-da olmaqdan məmnunluğunu ifadə edərək, Elm və Təhsil Nazirliyi ilə qurulan sıx əməkdaşlıqdan bəhs edib. O, iki ölkə universitetləri arasında elmi və mədəni sahələr üzrə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə dəstəyə hazır olduqlarını bildirib.
ADU rektoru qonağı universitetdə fəaliyyət göstərən “Səfir saatı” layihəsinə dəvət edib və tələbələrin maraq dairəsində olan mövzu üzrə onlarla görüş keçirə biləcəyini bildirib.
Görüşdə tərəflər, həmçinin ispan universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılması təşəbbüsünü də müzakirə ediblər. ADU-nun rektoru bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinə açıq olduqlarını və real nəticələrə nail olmağın mümkünlüyünü bildirib. Hazırda dünyanın 8 ölkəsində belə mərkəzlərin mövcud olduğu qeyd edilib.
Görüşdə səfirlik vasitəsi ilə tələbə-müəllim mübadiləsinin yeni inkişaf perspektivləri də müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Tehsil-press.az