2 il sonra açıqlanan bayraq qalmaqalı: Gözlənilməz ittihamlar, sərt cavablar

2 il sonra açıqlanan bayraq qalmaqalı: Gözlənilməz ittihamlar, sərt cavablar Türkiyədə fəaliyyət göstərən azərbaycanlı alim - professor Aygün Attarın iki il öncə Ankarada Azərbaycan bayrağına qarşı hörmətsizlik etdiyi bildirilir.

Bu barədə Elşad Eyvazlı və “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri, Vətən müharibəsi qazisi Bəhruz Məmmədzadə məlumat veriblər.

Onların sözlərinə görə, Türkiyədə keçirilən prezident seçkiləri ərəfəsində Azərbaycan Mətbuat Şurasının bir qrup üzvü, azərbaycanlı ictimai fəallar və jurnalistlər Ankarada olarkən xanım Attarın üçrəngli bayrağımıza sayğısız rəftarına şahidlik ediblər.

Bildirilir ki, həmin vaxt Ankarada düzənlənən tədbirdə Aygün Attara kiçik ölçülü Azərbaycan bayraqları verilib ki, əlində saxlasın. Amma o, heç kimin gözləmədiyi halda həmin bayraqları yerə atıb.

Məsələ ilə bağlı Elşad Eyvazlı ilə əlaqə saxlayıb və baş verənlərin təfərrüatını öyrənməyə çalışıb:

“Məsələ Azərbaycan mediası, o cümlədən bizim sayt Aygün Attarın Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvlüyündən azad edilməsi ilə bağlı xəbəri dərc etməsindən sonra başladı. Bu xəbərin yayılmasından sonra A. Attarın köməkçisi barəmdə hər yerdə, şəxsi profilimə belə tənqid dolu sözlər yazdı. Mən ondan nə baş verdiyini soruşdum. Dedi ki, “qərəzlisiniz, sizi kim öyrədib, bu yazını kim sifariş verib?”

Çox təəccübləndim, ona bildirdim ki, bu xəbəri bütün Azərbaycan mediası yayıb. Qarşı tərəf yenə də ittihamlarını davam etdirdi. Belə yanaşmanın doğru olmadığını, bir sərhəd saxlanılmalı olduğunu dedim. Bu dəfə köməkçi mənimlə “sən” deyə danışdı və “mənə həddimi sən öyrədəcəksən?” deyib daha ağır ifadələr işlətdi. Sonra gördüm ki, köməkçinin dedikləri ilə Aygün xanımın feysbuk hesabında mənim haqqımda yazdıqları eynidir.

Deməli, köməkçi ilə söhbətimizdən onun xəbəri var. Saytımızın əməkdaşı bu danışıqdan sonra Aygün Attarla əlaqə saxladı, o bizə bildirdi ki, təyyarədədir. Sonra isə zənglərimizə cavab vermədi. Onlar kimdir ki, bizi təhdid edir?

Feysbuk hesabında yazır ki, bu iki il ərzində saytımızda onu mədh edən yazılar vermişik. Mən qərəzli insan, jurnalist olsaydım, onun keçirdiyi tədbirlər haqqında saytda yazı getməsinə imkan verməzdim. Göründüyü kimi, mənim xüsusi qərəzim yoxdur. Özünü elə aparır ki, guya vətəni, bayrağı, Azərbaycanı bundan çox istəyən yoxdur.

Bayrağımızı yerə atması tək mənimlə Bəhruzun gözü qarşısında baş vermədi, digərləri də şahidlik etdi. Mən də iki ildən sonra həmin hadisəni Aygün xanıma xatırlatmaqla demək istədim ki, “siz busunuz”.

Aygün xanım sual edir ki, niyə məhz iki ildən sonra bayraq məsələsi haqda danışıram. Həmin vaxt böyük bir tədbir keçirilirdi, orada qalmaqal yaratmaq, tədbiri pozmaq istəmədiyimiz üçün məsələni açıb-ağartmadıq. Bəhruz müəllim etiraz olaraq zalı tərk etdi, mən isə keçib arxa sırada əyləşdim. Amma həmin hadisə mənə bərk toxunmuşdu.

İndi Aygün xanım bizi məhkəmə ilə hədələyir. Azərbaycan hüquqi dövlətdir. Hər kəsin istənilən mübahisəli məsələni hüquqi müstəvidə həll etmək səlahiyyəti var. Məhkəməyə müraciət etmək istəyir? Buyursun. Məndən sübut istəyir. Mən heç kimi öyrətməmişəm, uşaq deyillər ki, desinlər belə bir şey olub və ya olmayıb. Müraciət edərik, həmin tədbirin videosunu verərlər, biz də sübutu göstərərik.

Mən Aygün xanımla düşmən deyiləm, amma jurnalistlə belə davranmaq olmaz. Biz hədəf deyilik, Aygün xanım acığını başqa yerdən çıxsın. Onu vəzifəyə biz təyin etməmişik ki, biz də çıxaraq. İndi bizə niyə acıqlıdır?!”

Bəhruz Məmmədzadə də saytımıza açıqlama verib:

“İki il bundan öncə ictimaiyyət və media nümayəndələri ilə birlikdə Ankaraya səfər etmişdik. Aygün xanımı tanımırdım, tədbirdə gördüm. Orada qazi kimi iştirak edirdim. Türkiyənin qaziləri, Azərbaycanın kursantları da tədbirdə idilər. Aygün xanımın yanında əyləşmişdim.

Tədbir başlayarkən iştirakçılara əldə tutulan Azərbaycan və Türkiyə bayraqları paylayırdılar. Aygün xanım birinci dəfə bayrağı götürmədi, ikinci dəfə götürəndə isə bayrağı stolun ayaq hissəsinə - yerə qoydu. Bu, mənim xoşuma gəlmədi və həmin bayrağı özüm götürdüm. Niyə buna etiraz etmədim? Tədbir pozulardı, oradakı kursantlarımıza pis nümunə olardım. Buna görə də əsəbi şəkildə çölə çıxdım. Bunu geniş ictimaiyyətə bildirmədim, azərbaycanlı qrup arasında danışdım.

Aygün xanım indi məndən sübut istəyir. İki il bundan öncə olan hadisəyə görə nə sübut göstərim, indiyə kamera görüntüsü qalar? Sübut mən, öz gözlərimlə gördüm. Məni məhkəməyə vermək istəyirsə, versin. Bayrağıma görə odun, alovun içindən keçmişəm. İndi məhkəmədən qorxacağam? O hadisəni tək mən görməmişəm. O adamlar bunu danarlarsa, heyif bizim əziyyətimizdən”.

Məsələ ilə bağlı Aygün Attar Musavat.com-a bildirib ki, qarşı tərəfdən iddiaların sübutunu gözləyir:

“Elşad Eyvazlı köməkçi ilə danışdığını deyir. Mən bu barədə bilmirəm. Həmin vaxt ölkədə deyildim. Son dərəcə mədəni səsli bir xanım zəng etdi, ona bildirdim ki, təyyarədəyəm. Onda hələ haqqımda səsləndirilən iddia ilə bağlı yazı da yayımlanmamışdı. O xanım da heç mövzu ilə bağlı bir söz demədi, sadəcə harada olduğumu soruşdu. Bir sözlə, ortalığa atılan iddialar yalan və iftiradır”.

Qeyd edək ki, A. Attar sosial media hesabında bildirib ki, haqqında səsləndirilən iddialarla bağlı məhkəməyə müraciət edəcək:

“Bayrağımıza iki xoşagəlməz söz deyiləndə ölkəni lərzəyə gətirən mən bunu edə bilərdimmi?

2003-cü ildə Hollandiyada, 2014-cü ildə isə İsveçrədə vətən və bayrağa görə erməni diasporunun hücumundan Avropa Türk Federasiyasının üzvləri sayəsində çətinliklə xilas olan məni bayrağı yerə atmaq kimi göstərirlər. Mən həyatımı şanlı Azərbaycan bayrağının hər bir tribunada sərbəst dalğalanması uğrunda mübarizəyə həsr etmişəm. Bayraq bizim namusumuzdur, ona hörmətsizlik edənə dərhal yeri göstərilməlidir. Məsələn, 35 ildən artıqdır ki, yaşadığım Türkiyədə sevimli Azərbaycanımın və Türkiyənin bayrağı haqqında pis danışan hər kəsə dərhal ən sərt şəkildə cavab verdim və məsələni ictimaiyyətin diqqətinə çatdırdım və lazımi tədbirlərin görülməsini tələb etdim.

Türkiyə Mülki Məcəlləsinin 6-cı maddəsinə görə, hər kəs iddiasını sübut etməyə borcludur. Azərbaycandan olan hüquqşünas dostlarımdan soruşdum, orada da belədir: İddiaçı iddiasını sübut etməlidir.

Ya iddianı sübut edəcəksən, ya da böhtan, şəxsin hüquqlarına qəsd, ictimai xadimin alçaldılması və bir sıra başqa cinayətlərə görə açılmış məhkəmə işi ilə mühakimə olunacaqsan”.

Tehsil-press.az

Oxşar xəbərlər