Etibar Həsənov: “Hüquqi yardıma görə ödənişin artırılması, vəkillik sahəsindəki islahatların tərkib hissəsidir”

Etibar Həsənov: “Hüquqi yardıma görə ödənişin artırılması, vəkillik sahəsindəki islahatların tərkib hissəsidir” “2017-ci ildən etibarən ölkəmizin vəkillik təsisatında mühüm islahatların həyata keçirilməsi nəticəsində vəkillik institutu xeyli güclənib, əhalinin hüquqi yardıma çatımlığı təmin edilmiş və hüquqi xidmətlərin keyfiyyəti artıb”.

Bu fikirləri açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Mediasiya Şurasının üzvü, Sumqayıt 1 saylı Mediasiya təşkilatının rəhbəri, vəkil Etibar Həsənov bildirib.

O qeyd edib ki, son illərdə vəkillərin və vəkil qurumlarının sayı bir neçə dəfə artıb, 2018-ci ildən etibarən vəkilliyə qəbul imtahanlarının müntəzəm olaraq keçirilməsi və vəkilliyə qəbul prosesində şəffaflıq təmin olunub, qadın hüquqşünaslar sırasından vəkilliyə qəbul olunanların sayının artması bu sahədə gender balansına müsbət təsirini göstərib və AR Vəkillər Kollegiyası tərəfindən icra olunan müxtəlif layihələr gənc hüquqşünasları peşə seçimində vəkilliyə təşviq edib:

“Vəkillik fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilərək, 2023-cü ildən "Elektron order" sistemi pilot layihə kimi tətbiq olunub və 2024-cü ildən geniş şəkildə istifadə edilməyə başlanılıb.

Mülki Prosessual Məcəlləyə edilən son dəyişikliklərlə, hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxslərin dövlət hesabına vəkillə təmin olunması mexanizmi genişləndirilib ki, bu da vəkillərin prosesdə dövlət hesabına iştirakını təmin edir. 2024-cü ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilən dəyişikliklərlə vəkillik fəaliyyətinin hüquqi bazası təkmilləşdirilib, qeyd edilən dəyişikliklər vəkillik institutunun inkişafı və hüquqi xidmətlərin keyfiyyətinin artırılması məqsədini daşıyır.

Vəkilliyin son illərdə inkişafına və bu təsisatın güclənməsində Dövlət qayğısına dəlalət edən digər xüsusat isə 2018-ci ildən dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən saat hesabı məbləğin 2 manatdan 6 manata, 2025-ci ilin aprel ayının 28 də AR Nazirlər Kabinetinin 141 saylı Qərarı ilə bu məbləğin 6 manatdan 11 manata artırılmasıdır .

Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən saat hesabı məbləğin artırılması vəkillərin motivasiyasının yüksəlməsini, onların daha keyfiyyətli hüquqi yardım göstərmələrini və işlərinə daha ciddi yanaşmalarını təmin edərək, formal vəkillik hallarının qarşısının almasında öz təsirini göstərə bilər.

Bu artım həm də vəkillərin əməyinin adekvat şəkildə və daha ədalətli qiymətləndirilməsidir.

Nəticə etibarilə Dövlət hesabına hüquqi yardıma görə ödənişin artırılması, hüquqi yardımın effektivliyini və vəkillərin motivasiyasını artıraraq, ədalət mühakiməsinin səmərəliliyinə müsbət təsir göstərəcək.

Deyə bilərik ki, indiyə kimi gerçəkləşən islahatlar nəticəsində ölkəmizdə vəkillik təsisatı daha güclü və nüfuzlu bir quruma, əhali üçün hüquqi yardım əlçatan xidmətə, vəkillik isə cəlbedici peşəyə çevrilib”.

Tehsil-press.az

Oxşar xəbərlər