Oğul dərdi hər ikisini bu dünyadan nakam apardı : Nailə-Hikmət Mirməmmədlilərin HƏYATI

Oğul dərdi hər ikisini bu dünyadan nakam apardı : Nailə-Hikmət Mirməmmədlilərin HƏYATI Bu dəfə Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli və həyat yoldaşı Hikmət Mirməmmədlini yad edəcəyik.

Onların həyat və yaradıcılığa haqqında materialı təqdim edir.

Nailə Ağabala qızı Mirməmmədli 1961-ci ildə Bakı şəhərində, "Sovetski"də anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alıb.



***

1985-ci ildə Tusi adına Pedaqoji Universitetində musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka ixtisasları üzrə təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub.

O, 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb, Tofiq Quliyevin ilk və son tələbəsi olub.

***

Nailə Mirməmmədli bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı olub. Onlar hər ikisi “Sovetski”də yaşayıblar, yanaşı məktəblərdə təhsil alıblar. Anaları bir sinifdə oxuyub, ancaq uşaqlıq illərində heç vaxt rastlaşmayıblar. Nailə xanımı Müəllimlər evində “Xəyal” instrumental ansamblına əsgərlikdə olan Hikmət Mirməmmədlinin yerinə işə götürürlər. Əsgərlikdən qayıdan Hikmətlə birgə işləməli olacağını düşünən Nailə xanım işdən çıxmaq qərarına gəlir, ancaq Hikmət buna razı olmur. Yalnız bir konsertdə birgə işlədikdən sonra o, özünə başqa iş tapacağını deyir. Lakin, iş elə gətirir ki, onlar möhkəm dost olurlar.

Bu dostluq isə sonradan böyük məhəbbətə çevrilir. Günlərin birində isə Hikmət Mirmmədli Nailə xanıma deyir:

“Ad günündə bizimkilər sizə gələcəklər”.

***

Lakin Hikmət əsgərliyə getməzdən əvvəl anası və bacısı ona qohumlardan başqa qızı gözaltı edirlər. Onun Nailəyə elçi göndərməsi fikri ailəsi tərəfindən xoş qarşılanmır. Hikmət isə deyir, ya istədiyim qızı alacam, ya da onu götürüb qaçacam.

***

Beləliklə ailələlər onların evlənməsinə qarşı çıxmırlar və onlar ailə qururlar. Cütlüyün iki oğlu, bir qızı dünyaya gəlir.

Nailə Mirməmmədli 2001-ci ildə atasını itirib. 1 il sonra isə 16 yaşlı oğlu dənizdə boğulub. Nailə Mirməmmədli oğlunun ölümündə onun dostlarını günahlandırırdı. O, müsahibələrinin birində deyib:

“Dostları hər gün uşağa deyirdilər ki, ana uşağısan, bəsdir evdə oturdun, gedək dənizə. Ad gününə bir həftə qalmışdı. Uşaqlar onu dənizə apardılar. Bu da sübut etmək istəyirdi ki, uşaq deyiləm. Getdi dənizə, bir də qayıtmadı”.

***

2002-ci ildə 16 yaşlı oğlu Seyid Hüseynin dostları ilə dənizdə çimərkən boğulması xəbəri ailədən ilk olaraq Hikmət müəllimə verilir. O, Nailə xanıma heçnə demədən hadisə yerinə gedir. Oğlunun ölümünə inanandan sonra elə hadisə yerində infarkt keçirir.

Nailə Mirməmmədli ağrılarına görə siqaret çəkdiyini özü dəfələrlə etiraf eədərək deyib:

“Siqaret çəkməyi mənə Hikmət öyrədib. Adamların arasında çəkən deyiləm. 42 yaşımda oğlumu itirdim. Ondan sonra siqaret çəkməyə başladım. Dərmanlar təsir etmirdi. Daha güclüsünü yazırdılar, yenə xeyri olmurdu. Hikmət özü mənə öyrətdi ki, siqaret səni sakitləşdirə bilər”.

***

Hikmətgil ailədə iki bacı, bir qardaş olublar. Onun bacılarından biri on altı yaşında dünyasını dəyişib. Oğlunun da on altı yaşda dünyasını dəyişməsi ilə bəstəkarın bir oğlu, bir qızı qalır. Nailə xanım qızının taleyindən nigaranlıq keçirir. Ona elə gəlir ki, həyat yoldaşının ailəsindəki itkilər onun da ailəsində təkrarlana bilər, bu səbəbdən də o, dördüncü dəfə ana olmaq qərarı verir. Oğlunun ölümündən sonra ailədə daha bir oğlan uşağı Mirələkbər doğulur.

Nailə Mirməmmədlinin bəstələdiyi mahnıların içərisində “Dərd verdin” mahnısı beş il onun siyirməsində qalıb. Oğlu rəhmətə gedəndən sonra həmin mahnını Mətanət İsgəndərli ifa edib. O, mahnını o qədər yanğılı ifa edir ki, hər kəs elə bilir ki, bəstəkar bu mahnını oğlunun ölümünə yazıb.

***

Müsahibələrinin birində Nailə xanım oğlunun ölümündən danışarkən deyir:

“Xeyli vaxt ağladım, oğlumu dəfn edəndə isə ümumiyyətlə özümü ələ ala bilmirdim. Bir xanım mənə yaxınlaşıb dedi ki, bizim şəhidlərimiz var, sən isə dənizdə boğulan oğlun üçün ağlayırsan, ixtiyarın var ağlamağa? Bu söz məni tutdu! Bir anlıq düşündüm ki, oğlum dənizdə boğulub, amma başqalarının övladları Vətən üçün şəhid olur. Oğlumun ölümünə ağlamaqdan utandım”.

2007-ci il mayın 23-də Nailə Mirməmmədlinin ad günü idi. Ailə həm Əməkdar incəsənət xadimi adının alınması, həm də ad günü münasibəti ilə məclis təşkil etmək qərarına gəlir. Ancaq iş elə gətirir ki, mayın 22-də dostlardan birinin ad günündə olan Hikmət Mirmmədli növbəti dəfə infarkt keçirir və Nailə xanımın qolları üstdə dünyasını dəyişir.

***

"Çox əfsus ki, Nailə Mirməmmədlinin bütün itkiləri gözümün önündə baş verdi. Oğlu "Qaqaş", həyat yoldaşı Hikmət Mirməmmədli, qardaşı və anası dünyasını dəyişəndə bütün bu dərdlərin göz-qulaq, ruh şahidi olmuşam".

Bu sözləri Xalq artisti Faiq Ağayev mərhum Əməkdar İncəsənət Xadimi Nailə Mirməmmədli və onun ailəsinə həsr edilən "Retro Baku" verilişinə müsahibəsində deyib.

2002-ci ildə bəstəkarın 16 yaşlı oğlu Seyid Hüseynin dostları ilə dənizdə çimərkən boğularaq dünyasını dəyişdiyini öyrənən sənətçi bildirib ki, dərhal özünü Mirməmmədlilərin evinə çatdırıb:

"Qaqaş" faciəvi şəkildə dənizdə boğulanda bu hadisəni ən birinci öyrənənlərdən biri mən idim. Onun cəsədi evə gələndə mən artıq özümü onların evinə çatdırmışdım. Nailə ilk övladını itirmiş dəhşətli vəziyyətdə idi. O, ağlını itirmişdi. Bax, o vəziyyətdə üstümə atılıb söylədi ki, "oxudun "Ayrılma məndən". Oğlum ayrıldı məndən"".

Faiq vurğulayıb ki, bəstəkarın həyat yoldaşı Hikmət Mirməmmədli dünyasını dəyişən zaman Belarusiyada olub. Həmin anlarda Ağayev bəstəkarın ölüm xəbərini gözlənilmədən Nailəyə zəng edərkən alıb:

"Mən Belarusiyada idim. Orada "Azərbaycan Mədəniyyəti Günləri" tədbiri keçirilirdi. Oradan çıxdım və kimsə sanki mənə söylədi ki, “Nailə Mirməmmədliyə zəng vur”. Özüm "bəmbəyaz" geyimdə idim. Nailəyə zəng edəndə o, yüksək səslə söylədi ki, "sən haradan bilirsən?" və qışqırdı üstümə... Sual verdim ki, axı nə olub Nailə?

Sən demə, təcili tibbi yardım maşınında Hikməti xəstəxanaya çatdırmağa cəhd göstərirdilər. Elə orada da canını tapşırdı. Bu xəbəri eşidəndə mən elə həmin "bəmbəyaz" geyimdə çəmənlikdə yerə çökdüm".

Xalq artisti AYB-nin üzvü, şairə Xanım İsmayılqızının illərlə Nailə Mirməmmədli ilə küsülü olduğunu söyləyib. Faiqin sözlərinə görə, Xanım ürəktutmasından oğlu Fərid Əliyevi 2014-cü ilin iyulun 4-də itirdikdən sonra N.Mirməmmədli ilə birgə başsağlığına gedir. Beləcə, Ağayev iki sənətçinin yas mərasimində barışığına nail olduğunu dilə gətirib:

"Özgələri ucbatından Nailə Mirməmmədli və şairə Xanım İsmayılqızı danışmırdılar. Xanımın ailəsində itki olanda, oğlu dünyasını dəyişəndə mən Nailəyə zəng etdim. Sual verdim ki, bu hadisədən xəbərin var? Cavab verdi ki, "hə". Dedim ki, sən oğul itirən anasan və sənin belə "acı təcrübə"n var. Vaxtıdır, zamanıdır... Gəl, mənimlə gedək və səni Xanımla barışdırım. Nailə "yox" demədi və söylədi ki, "Faiq, gedək"... Mən, anam Həcixanım və Nailə birlikdə üçümüz getdik Xanımgilə. Xanımgilin evinə birinci mən daxil oldum. Arxamca Nailə gələndə heç bir sözə ehtiyac qalmadı. İki övladını itirmiş ana, ürəkləri yırtıq, paramparça olan analar bir-birinin gözlərindən anladılar və bir-birinə sarılıb ağlamağa başladılar.

Təbii ki, onlara kənardan baxanda mənim də ürəyim ağlayırdı. Amma digər tərəfdən ürəyim "dağ" bayda oldu ki, mən özgə fitnəsi nəticəsində əlaqələrini kəsən və hər ikisi mənə doğma olan insanları barışdırdım. Buna çox sevindim.

Bu isə birdəfəlik barışıq olmadı. Bu hadisədən sonra onlar zəngləşməyə, söhbət etməyə başladılar və aralarında münasinət daha da istiləşdi. Yadımda qalan bəlkə də ən mühüm hadisələrdən biri bu idi".

Nailə Mirmmədli 2021-ci il yanvarın 4-də ürək tutmasından dünyasını dəyişib. "Qurd qapısı" məzarlığında dəfn olunub.

Tehsil-press.az

Oxşar xəbərlər