
Azərbaycan Ordusunun şəxsi heyətinin Kosovo, İraq və Əfqanıstanda iştirak etdiyi sülhməramlı missiyalar haqqında çox yazılıb. Bu məqalədə ordumuzun hərbi qulluqçularının Birləşmiş Millətlər Təşkilatı mandatı ilə Cənubi Sudandakı sülhyaratma missiyasından danışacağıq. Əvvəlcə məlumat üçün qeyd edək ki, BMT-nin Cənubi Sudan Missiyası (United Nations Mission in the Republic of South Sudan - UNMİSS) 2011-ci ildə Cənubi Sudanın müstəqillik əldə etməsindən sonra yaradılmışdır. Cənubi Sudan münaqişəsi etnik, siyasi və iqtisadi səbəblərə əsaslanan mürəkkəb və bu gedişlə uzunmüddətli münaqişələrdən biridir. Bu münaqişənin bir neçə səbəbləri var - etnik qarşıdurmalar, siyasi sabitliyin olmaması, resursların mənimsənilməsi, xarici və regional təsirlər. Artıq bir neçə ildir davam edən münaqişələr nəticəsində yüz minlərlə insan ölmüş, milyonlarla insan qaçqın düşmüş, ciddi aclıq, humanitar böhran və ciddi iqtisadi tənəzzül yaranmışdır.
BMT-nin bu ölkədəki missiyasının da əsas məqsədləri ölkədə sülhün əldə olunması, mülki əhalinin qorunması, zərərçəkənlərə humanitar yardımın göstərilməsidir. Sadalananların davamı olaraq BMT mandatı mülki əhalinin müdafiəsi, humanitar yardımların çatdırılması üçün şəraitin yaradılması, sülhün dəstəklənməsi, pozuntuların monitorinqi və araşdırılması məsələlərini də əhatə edir.
Azərbaycan Respublikası Milli Məclisinin 2018-ci ildəki müvafiq qərarı ilə Azərbaycan Ordusunun hərbi qulluqçularının BMT Sülhməramlı Missiyasının Komandanlığı altında Cənubi Sudan Respublikasında qərargah zabiti və hərbi müşahidəçi rolunda iştirakına icazə verilmişdir. UNMİSS-də iştirak edən Azərbaycan Ordusunun zabiti Mehman Qaragözovla tanış olub onun fikirlərini qələmə aldıq.
“Mən mayor Qaragözov Mehman Həmdiyə oğlu Qəbələ rayonunun Bum kəndində anadan olmuş, ilk təhsilimi Qəbələ rayon 4 saylı tam orta məktəbində almışam. 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi birinciliklə bitirmiş, 2005-2010-cu illərdə ali hərbi təhsilimi İtaliya Respublikası Hərbi Akademiyasında almışam.
Xidmət müddətində ölkəmi müxtəlif beynəlxalq təlim və tədbirlərdə layiqincə təmsil etmiş, həmçinin NATO-nun ƏİK proqramı çərçivəsində bölməmizlə birlikdə müxtəlif qiymətləndirmə təlimlərini uğurla keçmişəm. 2018-ci ildə Əfqanistanda "Qətiyyətli Dəstək" missiyasında iştirak etmişəm. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinin iştirakçısıyam, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuşam. 2024-cü ilin sentyabr ayından BMT mandatı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada hərbi müşahidəçi olaraq iştirak edirəm. Bu missiya 2011-ci ildən fəaliyyət göstərir və tərkibi 70-dən çox üzv ölkələr tərəfindən təmin edilib, zabit, əsgər, polis və mülki vətəndaşlardan ibarət olur. Burada yaşayan əhalinin sağlamlığının qorunması, onların hüquq normalarına nəzarət, humanitar köməklərin göstərilməsi, ehtimal olunan qarşıdurmaların bloklanması və digər fəaliyyətlər missiya iştirakçıları tərəfindən yerinə yetirilir. Hazırkı vəziyyətdən əziyyət çəkən insanlara, ələlxüsus, azyaşlılara yardım etmək, onların zəruri tibbi ləvazimatlarla təmin edilməsi, münaqişədən zərər görmüş insanların həyatının yaxşılaşdırılması üçün BMT nümayəndələri tərəfindən monitorinqlər keçirilir. Həmçinin münaqişədən zərərçəkən və bu səbəbdən evlərini tərk etmiş insanları sığınacaq, qida və digər zəruri təminat vasitələri ilə təmin etmək də missiya iştirakçılarının üzərinə düşən vəzifələrdən biridir. Missiyada üzərimə düşən tapşırıqları dəqiqliklə yerinə yetirdiyim üçün BMT-nin UNMİSS missiyasının rəhbərliyi tərəfindən sertifikat, xidmət medalı ilə təltif olundum. Sevinirəm ki, ölkəmizi bu missiyada uğurla təmsil etməyi bacardım. Müharibə və münaqişə görmüş biri olaraq demək istərdim ki, ən böyük arzum uşaqların olduğu dünyada daimi sülh və sabitliyin olmasıdır. Uşaqların müharibədən əziyyət çəkməsi çox acınacaqlıdır. Dinindən, dilindən, irqindən asılı olmayaraq, uşaqların müharibədən və münaqişələrdən əziyyət çəkməsi qəbuledilməzdir. Oradakı sığınacaqlarda valideynlərini itirmiş uşaqları gördükdə, tarixi torpaqlarımızda, ələlxüsus, Xocalımızda uşaqlarımızın yaşadığı aqibəti xatırlayırdım. Dünyada sülhün olması üçün hər birimiz səfərbər olmalı, bayrağımızın ətrafında sıx birləşməli, ölkəmizi layiqincə təmsil etməli və dünyaya tanıtmalıyıq. Ölkəmizin beynəlxalq sülhə verdiyi töhfələr həm beynəlxalq təşkilatlarda, həm də bilavasitə sahələrdə həyata keçirilən fəaliyyətlər vasitəsilə böyük əhəmiyyət daşıyır. Azərbaycanın göstərdiyi diplomatik təşəbbüsləri, humanitar yardımları və beynəlxalq sülhə yönəlmiş fəaliyyətləri onu regionda və dünyada daha sabit və sülhsevər bir dövlətə çevirir. Və bir daha təsdiqləyir ki, Azərbaycan nəinki regionda, dünyada da sülh tərəfdarı olan ölkədir", - deyən mayor Qaragözov fikrini tamamladı. Zabitimizə gələcək xidmətində də bol uğur arzu edib, onunla söhbətimizi başa çatdırdıq.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"
"Azərbaycan Ordusu"
Tehsil-press.az