Son 20 il ərzində Azərbaycan beynəlxalq aləmdə gedən proseslərə təsir göstərmək imkanları əldə edib

Son 20 il ərzində Azərbaycan beynəlxalq aləmdə gedən proseslərə təsir göstərmək imkanları əldə edib Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti sayəsində ölkəmiz çox sürətlə inkişaf edir. Bu gün Azərbaycan dünyanın öndə gedən ölkələri arasında layiqli yer tutur. Azərbaycan dünyada ədalətli, sülhsevər bir ölkə kimi tanınır. Ölkəmiz beynəlxalq siyasi platformalarda əhəmiyyətli təşəbbüsləri ilə diqqəti cəlb edir, regionda və dünyada sülhün, təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfələr verir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı torpaqlarımız işğaldan azad olundu, biz böyük Zəfər qazandıq, bu Qələbə ilə xalqımız daim qürur duyur.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fəlsəfə doktoru Yusif Ağayev söyləyib. Y.Ağayev bildirib ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, soydaşlarımızın doğma torpaqlarına, yurd yerlərinə qayıtması bu gün tariximizin ən çox diqqətçəkən hadisələridir. Bütün bunlar haqqın, ədalətin böyük Qələbəsidir.
“Prezident İlham Əliyevin zəngin dövlət idarəçilik təcrübəsi sayəsində son 20 il ərzində Azərbaycan beynəlxalq aləmdə gedən proseslərə təsir göstərmək imkanları əldə edib. Məhz buna görə də beynəlxalq aləmdə Azərbaycanın mövqeyi ilə hesablaşılır.
Vətən müharibəsindən sonra bu ilin sentyabr ayında Qarabağda aparılan lokal antiterror tədbirləri nəticəsində Cənubi Qafqaz regionunda sülhün, ədalətin bərqərar olunması üçün geniş imkanlar yarandı. Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə, Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan Prezident, Ali Baş Komandan İlham Əliyevin adı xalqımızın qəlbinə və onun tarixinə əbədi olaraq yazıldı”, - deyə Y.Ağayev vurğulayıb.
O qeyd edib ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə çox geniş bərpa və quruculuq tədbirləri həyata keçirilir. Azərbaycanda əldə olunan uğurlar, respublikamızın dünyada nüfuzunun daha da yüksəlməsi, söz sahibi olması Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin, siyasətin nəticəsidir.

Tehsil-press.az


Oxşar xəbərlər