
Bu sözləri deputat Vasif Qafarov Milli Məclisdə Əmək Məcəlləsinə, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, heç bir halda sertifikasiya həkimin 6-12 il oxuduğu və nəticədə aldığı diplomdan üstün ola bilməz. Sertifikasiyaya belə bir üstünlük tanınmamalıdır.
"Sertifikasiya imtahanı bir insana diplomun verdiyi hüququ onun əlindən almamalıdır və ümumiyyətlə bu hüquqa malik olmamalıdır. Serifikasiya imtahanının nəticəsinə görə sadəcə həkimlərə və orta tibb işçilərinə diferensial yanaşma tətbiq edilməlidir. Bu da həkimləri və orta tibb işçilərini öz üzərində işləməyə və özünü inkişaf etdirməyə stimullaşdırar. Digər bir məsələ: Həkim 2 həftə və ya 1 ay müddətinə təkmilləşmə kursuna cəlb edilir, amma sertifikasiya imtahanında həkimdən onun burada öyrəndikləri deyil, Tibb Universitetinin bütün 6 illik proqramı soruşulur.
Hesab edirəm ki, təkmilləşmə kursunda tibbin son yenilikləri həkimlərə tədris edilməli, öyrədilməli və sertifikasiya imtahanı da həkimlərə tədris edilən bu proqram əsasında olmalıdır.
Eyni zamanda, təklif edirəm ki, təkrar sertifikasiyadan keçmək üçün müddət 6 ay yox, 1 il müəyyən olunsun və bu müddət ərzində həkimə və orta tibb işçisinə bir neçə dəfə sertifikasiya imtahanına girmək hüququ verilsin.
Eyni zamanda, Qanunun 48-ci maddəsinin ikinci absazına görə: “Tibb mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə yalnız müvafiq təhsil müəssisəsində peşə hazırlığı keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra yol verilir”. Maddənin bu hissəsi indi ləğv edilir.
Qeyd edim ki, bizim bölgələrimizdə, o cümlədən təmsil etdiyim Lerik və Astara rayonlarında 50-dən çox ixtisaslı həkim çatışmır. Bu həkim çatışmazlığı illərdir ki, mövcuddur, hamı mərkəzdə işləmək istəyir, bölgələrə işləmək üçün gedənlərin sayı azdır və ya yoxdur. Bu problem getdikcə dərinləşir.
Belə bir vəziyyətdə bölgələrdəki xəstəxanalarda çalışan terapevtlərin ixtisasartırma kurslarına peşə hazırlığına cəlb edilməsi vasitəsilə onlara ixtisaslarını dəyişmək imkanının tanınması ilə həmin yerlərdəki ixtisaslı həkim çatışmazlığını qismən də olsa aradan qaldırmaq olar.
Buna görə də hesab edirəm ki, bölgələrimizdəki həkim çatışmazlığını qismən də olsa aradan qaldıra biləcək bu imkanı ləğv etməməliyik, bu imkanı tanımalıyıq və bundan mövcud boşluğu doldurmaq üçün istifadə etməliyik",
Tehsil-press.az