Əvvəlcə professor Nimet Yıldırımın həyatı və fəaliyyəti ilə bağlı məlumat verilib. Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan türkologiya elminin inkişafında BDU-da aparılan elmi tədqiqatların mühüm rol oynadığını, qardaş ölkə olan Türkiyə ilə elmi təmasların vacibliyini qeyd edib. O, nizamişünaslığın inkişafında və dahi Nizaminin əsərlərinin türk dünyasına tanıdılmasında professor Nimet Yıldırımın xüsusi xidmətlərinin olduğunu vurğulayıb.
Bakı Yunus Emre İnstitutunun koordinatoru Güvən Çolak BDU ilə məhsuldar əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib, belə görüşlərin hər iki ölkənin türkoloji tədqiqatlarına fayda verdiyini diqqətə çatdırıb.
Professor Nimet Yıldırım türk dünyasının qüruru olan Nizami Gəncəvi əsərlərinin çox az sayda türk dilinə tərcümə edildiyini və bu səbəbdən dünyaşöhrətli şairin qardaş ölkədə geniş tanıdılması və təbliğinə ciddi ehtiyac olduğunu qeyd edib. O bildirib ki, Nizami Gəncəvi əsərlərinin tərcüməsini həyata keçirmək olduqca çətin, şərəfli və məsuliyyətli işdir. Alim Nizami Gəncəvidən tərcümə etdiyi “Sirlər xəzinəsi” və “İsgəndərnamə” poemaları barədə geniş məlumat verib, onları dil, üslub baxımından təhlil edib. Görkəmli alim Nizaminin milli kimliyi, əsərlərində toxunduğu məsələlər, poemalarına yazılan nəzirələr, elmi-tənqidi mətnlərin qarşılaşdırılması, Nizami lüğətinin hazırlanması ilə əlaqədar da fikirlərini bölüşüb.
Şərqşünas-alim sonda iştirakçıların suallarını cavablandırıb.
Tehsil-press.az