BDU-da görkəmli şərqşünas-alim Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş dəyirmi masa

BDU-da görkəmli şərqşünas-alim Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş dəyirmi masa Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsinə həsr edilmiş dəyirmi masa keçirilib.
Tədbirdə fakültə rəhbərliyi, Ərəb filologiyası kafedrasının müəllimləri və ərəb dili ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Fakültənin dekanı dosent Aydan Xəndan professor Aida İmanquliyevanın həyat və yaradıcılığı, elmi fəaliyyəti barədə geniş məlumat verib, onunla bağlı xatirələrini bölüşüb. O, görkəmli alim A.İmanquliyevanın yüksək insani keyfiyyətlərə və humanizmə malik parlaq bir şəxsiyyət olduğunu vurğulayıb.
Ərəb filologiyası kafedrasının müdiri dosent Vüqar Qaradağlı bildirib ki, Aida İmanquliyeva korifey şərqşünas kimi Şərqşünaslıq fakültəsinin məşhur məzunları arasında xüsusi yer tutur. O, müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb, öz fundamental araşdırmaları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, dünya şərqşünaslığını da zənginləşdirib və inkişaf etdirib.
Professor Aida İmanquliyevanın tələbəsi, Ərəb filologiyası kafedrasının müəllimi Aytən Əlizadə görkəmli alimlə bağlı xatirələrini bölüşüb.
Dosent Çinarə Mütəllimova görkəmli alim A.İmanquliyevanın tədqiq etdiyi sahənin unikal bir sahə olduğunu, ilk dəfə məhcər ədəbiyyatının nümayəndələrinin məhz onun vasitəsi ilə Azərbaycan elminə tanıdılmasını vurğulayıb.
Sonda şərqşünas alimin həyat və fəaliyyəti barədə tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər