
Mövzu ilə bağlı danışan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib: “Bəli, sosial mediada yayılan gözəllik trendləri, xüsusən də “gündəlik üz baxımı”, makiyaj rutini, “filtr”lərlə gözəlləşdirilmiş selfilər və təsirli vizual transformasiyaları artıq 7-18 yaş arası uşaq və yeniyetmələr içində də yayılıb. Nəzərə almaq lazımdır ki, bu yaş dövrü insan şəxsiyyətinin və özünüdərkin formalaşdığı kritik bir mərhələdir. Sosial mediada yayımlanan idealizə olunmuş gözəllik standartları mükəmməl dəri, simmetrik üz cizgiləri və filtrlərlə yaradılan qeyri-real görünüşlər bəzi yeniyetmələrdə öz bədənindən narazılıq hissini artırır. Bu da öz növbəsində “bədən dismorfik pozuntusu” riskini yüksəldir və xüsusilə qızlar arasında depressiya və özgüvən azlığına yol açır. Eləcə də azyaşlı uşaqlar real həyatı və sosial mediada göstərilən ideal həyat arasında fərqi ayırd edə bilmədiklərindən tez-tez özlərini başqaları ilə müqayisə etməyə başlayırlar. Bu isə narahatlıq, narazılıq və “mən kifayət qədər yaxşı deyiləm” kimi destruktiv düşüncələrin yaranmasına səbəb ola bilir”.
Psixoloqun sözlərinə görə, sosial şəbəkələrdə üz baxımı və bədənə yönəlik məzmunların artması uşaqlarda daxili inkişaf proseslərini poza bilər: “Onlar sanki daha tez “böyüməyə”, daha tez gözəl və cəlbedici görünməyə çalışır, daxili zənginlikdən çox xarici görünüşə önəm verməyə başlayırlar. Bu da onların psixososial inkişafını mənfi istiqamətdə dəyişə bilər. Nəticədə bəzi yeniyetmələr bu trendlərə uyğun görünmək üçün vaxt və enerji sərf edir, bahalı məhsullar almağa çalışır və sosial mediada bəyənilmək üçün təzyiq altında qalırlar. Bu isə onların akademik performansına, yuxu rejiminə və sosial münasibətlərinə mənfi təsir göstərir. Ona görə də media və sosial şəbəkələrdə yayılan gözəllik qavrayışları azyaşlıların həm psixoloji, həm də emosional dünyasına ciddi təsir edir. Burada valideyn nəzarəti, məktəblərdə media savadlılığı təhsili və psixoloji dəstək xidmətlərinin rolu çox vacibdir. Uşaqlara öyrədilməlidir ki, sosial mediada görünən hər şey real deyil və onların dəyəri yalnız görünüşləri ilə ölçülmür”.
Tehsil-press.az