
Əvvəlcə, könüllü və təcrübəçi anlayışını fərqləndirmək lazımdır. Könüllülük “Könüllü fəaliyyəti haqqında” AR Qanunu ilə tənzimlənir. Həmin qanunda göstərilir ki, könüllü fəaliyyət – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.
Könüllü fəaliyyətin iştirakçıları adlanan 4-cü maddədə isə göstərilir ki:
1. Şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz.
2. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir.
3. Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir.
Qeyd etmək lazımdır ki, könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir.
Aydındır ki, girişdə qeyd etdiyim təcrübə proqramları, təcrübəçi vakansiyaları könüllülük fəaliyyətinə aid deyil. Bəs, həmin təcrübəçilərin əməyi necə rəsmiləşdirilir?
Bu halda təcrübəçilərlə əmək müqaviləsi bağlanılmalı və aylıq iş vaxtı norması tam işlənildikdə İşəgötürən tərəfindən minimum aylıq əməkhaqqından (cari il üzrə 400 manatdan) az olmamaq şərtilə əməkhaqqı ödənilməlidir.
Belə ki, AR Əmək Məcəlləsinin “Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi” adlanan 7-ci maddəsinin 2-3.4. bəndində göstərilir ki, tərəflər arasında işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Həmçinin 7-ci maddənin 4-cü bəndində göstərilir ki, bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. Yəni təcrübəçi ilə ixtisasa yiyələnmə barəsində müqavilə bağlanıla bilər, lakin bu müqavilə əmək müqaviləsini əvəz etmir və əmək müqaviləsinin bağlanılmasını istisna etmir.
Əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma BƏT-in “Əmək hüquq münasibətləri haqqında” 198 nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il 2 aprel tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlib.
Bəs, "təcrübə müqaviləsi" anlayışı qanunvericilikdə təsbit olunubmu?
Qanunvericiliyə nəzər saldıqda “təcrübə müqaviləsi” ifadəsinə yalnız bir yerdə - AR Nazirlər Kabinetinin 16 sentyabr 2019-cu il tarixli “İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması”nın təsdiq edilməsi haqqında Qərarında rast gəlirik. Həmin qərar isə yalnız Peşə təhsili müəssisələrində Təhsilalanların peşə təhsili və təlimi proqramının praktiki hissəsini mənimsəməsi məqsədilə təcrübənin həyata keçirilməsini tənzimləyir. Sözügedən “İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması”nın 1.5 bəndində göstərilir ki, “Təcrübə dövründə Təhsilalanın İşəgötürənlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən tənzimlənir. Təhsilalan ilə İşəgötürən arasında təcrübə dövrü üçün sınaq müddəti müəyyən edilmədən müddətli əmək müqaviləsi bağlanılır və Təhsilalana onun ixtisasına uyğun yerinə yetirdiyi iş və xidmətlərə görə aylıq iş vaxtı norması tam işlənildikdə, İşəgötürən tərəfindən minimum aylıq əməkhaqqından az olmamaq şərtilə əməkhaqqı ödənilir".
Başqa sözlə desək, Nazirlər Kabinetinin həmin qərarı ilə təsdiq olunmuş “təcrübə müqaviləsinin Nümunəvi Forması” yalnız Peşə təhsili müəssisələrində Təhsilalanlara aiddir və həmin qərarda da təcrübəçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanması və müvafiq əməkhaqqının ödənilməsi müəyyən edilib.
Təcrübəçilər ilə əmək müqaviləsi əvəzinə təcrübə müqaviləsinin bağlanılması təcrübəçilərin əməyindən sui-istifadə edilməsinə, işçi götürmək əvəzinə təcrübəçi götürərək əmək haqqı və digər ödənişlərin edilməsindən yayınmaya gətirib çıxarır. Son olaraq qeyd etmək lazımdır ki, əmək müqaviləsi bağlamadan şəxsləri müvafiq işlərin görülməsinə cəlb etmək İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Tehsil-press.az