
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə Nazirliyinin nümayəndələri ilə NATO-nun ekspert heyəti arasında işçi görüşü keçirilib. Görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin NATO-nun “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” və “Planlaşdırma və analiz prosesi” sənədləri çərçivəsində görülmüş işləri müzakirə ediblər.
Qeyd edək ki, son günlər Rusiya mediasında Azərbaycan-NATO münasibətlərinin inkişafına xüsusi diqqət hiss olunmaqdadır. Xüsusilə Kremlə yaxın media Cənubi Qafqazdakı prosesləri Qərbin təsirləri prizmasından təhlil edir. Kremlə yaxın “Svobodnaya pressa” bu barədə ötən həftə geniş məqalə yazıb. “Rusiya ilə Azərbaycan arasındakı gərginlik bizi Bakıya təkcə siyasi deyil, həm də hərbi baxımdan daha yaxından baxmağa məcbur edir. Bu, Azərbaycanın NATO-ya daxil olma ehtimalı və bu Qafqaz respublikasının ərazisində türk hərbi bazasının qurulması müzakirələridir”, - deyə sayt öz məqaləsində yazır.
“Təhlildə” hətta belə nəticə çıxarılır ki, “Azərbaycan öz seçimini edib. Bakı Qarabağdakı qələbədən sonra NATO ilə daha böyük əməkdaşlıq haqda düşünməyə başlayıb. Azərbaycanda NATO-nun ən böyük bazasının tikilməsi ehtimalı ilə bağlı yayılan məlumatlar bu ölkənin İran və Rusiyaya təzyiq alətinə çevrildiyini təsdiqləyir”.
“Azərbaycanda Türkiyənin hərbi bazasının yaranması ehtimalı və NATO-ya daxil olması perspektivləri necədir” sualına politoloq, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Siyasi və Sosial-Psixoloji Proseslər kafedrasının dosenti Aleksandr Perendjiyev isə belə cavab verib: “NATO Azərbaycandan Rusiya və İrana təzyiq göstərmək üçün istifadə etməyi planlaşdırır. Bu respublikanın ərazisində Türkiyə və ya hər hansı digər hərbi baza peyda olarsa, bu, Rusiyanın strateji tərəfdaşı olan İran üçün birbaşa hərbi təhdid olacaq”. O da iddia olunub ki, guya Rusiya ilə strateji müttəfiqlik müqaviləsi Qərbi dərhal narahat edib. “Nəticədə 2023-cü ildə Böyük Britaniyanın Azərbaycandakı səfirliyində hərbi attaşe vəzifəsi bərpa edilib.
Maraqlıdır ki, ötən ay Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova Azərbaycan və Ermənistanın NATO ilə münasibətlərindən Kremlin narahatlığını ifadə edib. Onun sözlərinə görə, Kreml Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı riskləri tam şəkildə nəzərə aldıqlarına ümid edir. Kreml rəsmisi hesab edir ki, NATO Cənubi Qafqazın təhlükəsizliyinə təhlükə törədir. Onun fikrincə, Qərbin əsas məqsədi regionda sabitliyi pozmaq və yeni gərginlik ocaqları yaratmaqdır.
Görünür ki, Rusiya Cənubi Qafqazda təsirlərinin azalması nəticəsində NATO-nun bölgədə gücünün artmasından bərk narahatdır. Ukraynaya hərbi təcavüzünün əsas səbəblərindən birini də sözügedən blokun Şərqə doğru genişlənməsinin qarşısını almaqla əlaqələndirir.
Bəs Azərbaycan-NATO münasibətləri Moskva və Tehran üçün nə dərəcədə qorxuludur? Rus mediasının iddia etdiyi kimi, Azərbaycandan qonşularına qarşı istifadə oluna bilərmi və bu necə baş tuta bilər?
Hərbi ekspert Ramil Məmmədli qeyd etdi ki, əvvəla, Azərbaycan Qoşulmama Hərəkatına üzvdür, alyanslara daxil olmaq niyyəti ortaya qoymayıb. Onun sözlərinə görə, bu səbəbdən NATO üzvü Türkiyənin ölkəmizdə hərbi bazalarının qurulması gözlənilmir. Ekspert bu qərarın NATO-nun hərbi bazasının Azərbaycana yerləşdirilməsi kimi qarşılanacağını vurğuladı: “Təbii ki, Rusiya və İran buna etiraz edəcəklər. Amma Azərbaycan belə bir addıma getməyəcək. Onsuz da Naxçıvanda Türkiyə ilə birlikdə hərbi kompleks yaradılıb, Ordumuzun müasir standartlara keçidində qardaş dövlətin təcrübəsindən istifadə edilir. Bu da elə NATO sisteminə uyğun ordu qurmaq deməkdir. Habelə Azərbaycanın Türkiyə ilə Şuşa Bəyannaməsi var. Sənədə əsasən, ölkəmizə hərbi təhdid varsa, Türkiyə ordusu da dəstək üçün müdaxilə edə bilər. O zaman Türkiyənin hərbi bazalarına nə ehtiyac var? Madam ki, Şuşa Bəyannaməsinə istinad etməklə Türkiyə ordusu köməyə gələ bilir, onda bir dövlətin ərazilərimizdə hərbi bazası lüzumsuzdur”.
Hərbi analitik Rusiya və İrana qarşı Azərbaycandan istifadə ediləcəyi barədə iddiaları blef adlandırdı: “Orada yanlış olaraq əminliklə deyilir ki, guya Azərbaycan seçimini edib, NATO-ya doğru inteqrasiya edəcək. Bizim bu blokla 30 ilə söykənən əməkdaşlığımız var və gizli deyil. Rusiya və İranı narahat edəcək addımlar da atmamışıq. Hətta Bakıya NATO generalları gəlib, bizim hərbi rəhbərlikdən Brüsselə səfərlər olub. Yəni açıq bir əməkdaşlıq mövcuddur və üçüncü tərəfi təhdid etmir, hansısa qonşu ölkəyə qarşı yönəlməyib. Azərbaycan nə NATO-ya üzv olmağa, nə türk bazalarının yerləşdirilməsinə zərurət görür. Bunun da səbəbini yuxarıda izah etdim - bir NATO dövləti Türkiyə ilə müttəfiqlik, həmçinin nüvə dövləti Pakistanla müttəfiqlik yetərlidir, hətta alyansa üzv olmaqdan da üstündür. Üstəlik, geopolitik qarşıdurmalar, hərbi eskalasiyalar, Ukrayna böhranı fonunda Azərbaycanın belə bir fikrə düşməsi real deyil”.
R.Məmmədli sonda əlavə etdi ki, NATO-nun Rusiya ilə qarşıdurmasında, eləcə də ABŞ-ın İrana qarşı addımlarından Azərbaycan heç zaman platsdarm rolu oynamayıb, bundan sonra da Bakının mövqeyində dəyişiklik olmayacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası ilə NATO arasında əməkdaşlığın təməli 1992-ci ilin mart ayında qoyulub və 1997-ci ildən etibarən Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb. 4 may 1994-cü il tarixində Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub.
Təhlükəsizlik məsələləri ilə yanaşı, NATO-Azərbaycan əməkdaşlığı elm və təhsil kimi digər sahələrdə də uğurla inkişaf etdirilir. 2008-ci ildən etibarən təhsil sahəsində NATO ilə əməkdaşlıq edən Azərbaycan Ordusu NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramından yararlanmaqla tabeliyində olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin tədrisinin məzmun və formasının Avropa təhsil standartlarına və Boloniya prosesinə uyğunlaşdırılması, eləcə də pedaqoji kadrların təkmilləşdirilməsi sahəsində ciddi işlər görüb.
Tehsil-press.az