"Müəllimlər filan sözləri düz yazmırlar" kimi bəhanələrlə məmurlar məsuliyyətdən yayınır" - Dosentdən SƏRT açıqlama

Son illər ölkəmizdə təhsil sistemi ilə bağlı artan narahatlıqlar getdikcə daha qabarıq şəkildə özünü göstərir. Məktəblərdə keyfiyyətli dərs prosesinin təşkilində çətinliklər, ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə aşağı mövqelərdə qərarlaşması, müəllimlərin sosial durumundan qaynaqlanan problemlər bu sahədəki əsas çatışmazlıqlar kimi irəli sürülür. Ən ciddi məqamlardan biri isə odur ki, valideynlərin böyük hissəsi övladlarının təhsilini repetitorların üzərinə buraxmaq məcburiyyətində qalır. Repetitorluq hələ də əsas təhsil mənbəyi sayılırsa, bu, sistemin özündə ciddi problemlərin olduğunu göstərir.

Mütəxəssislər hesab edirlər ki, problemlərin kökündə duran əsas səbəblərdən biri elm və təhsilə ayrılan maliyyə vəsaitlərinin, investisiyaların kifayət qədər olmamasıdır.

Mövzu ilə bağlı danışan dosent İlham Əhmədov deyib ki, elm və təhsilə investisiyaların artırılması zəruridir:

"Elm və təhsil hər bir cəmiyyətin inkişafının əsas sütunudur. Bu sahələrin inkişafı üçün maliyyə resurslarının ayrılması, uzunmüddətli və davamlı investisiyaların cəlb edilməsi zəruridir. Belə investisiyalar maddi-texniki bazanın, insan kapitalının gücləndirilməsinə, elmi-tədqiqatların aparılmasına və innovasiyaların yaradılmasına xidmət edir".

Dosent qeyd edir ki, son 30 ildə ölkəmizdə elm və təhsil ehtiyacdan dəfələrlə az səviyyədə maliyyələşib: "Bu maliyyələşmə inkişaf yönümlü olmayıb. Ona görə də Azərbaycan beynəlxalq elm və təhsil reytinqlərində həmişə aşağı pillələrdə qalıb.

Təəssüf ki, məsul şəxslər problemi etiraf etmək əvəzinə, müxtəlif bəhanələr gətirir, xüsusən də müəllim və alimlərin “zəifliyi” ilə izah etməyə cəhd edirlər. "Mən ölkədə alim tanımıram", "Müəllimlər filan sözləri düz yazmırlar" v.s. kimi bəhanələrlə məmurlar məsuliyyətdən yayınmağa cəhd edirlər.

Halbuki zəif kadrların formalaşmasının da əsas səbəbi də bu sahələrdə uzunmüddət ərzində maliyyə çatışmazlığının olmasıdır. Maddi sıxıntı səbəbindən repetitorluq etməyə məcbur qalan alimdən yüksək elmi nəticələr gözləmək ən azı ədalətsizlikdir.

Təəccüblü budur ki, ETN hələ də məsələlərə səhv yanaşır: “Biz proseslərə yox, nəticəyə investisiya edəcəyik.” Halbuki proseslər maliyyələşməsə, heç bir nəticə ola bilməz. Bu yanaşma problemlərin davamlı qalacağına işarədir. Zəif potensiallı universitetlərin və elmi tədqiqat müəssisələrinin publik hüquqi şəxs (PHŞ) statusuna keçirilməsi və büdcədən təcrid edilməsi onların dövlət investisiyasından kənar qalmasına, bu müəssisələrin daha da geriləməsinə, nəticədə tam tənəzzülünə gətirib çıxaracaq.

Əgər milli universitetlərimizin illik büdcəsi 10–30 milyon dollar arasındadırsa, büdcəsi milyardlarla dollar olan xarici universitetlərlə necə rəqabət apara bilərlər? Bu sualın cavabı acı reallığı bir daha göstərir.

Elm və təhsil milli inkişafın təməlidir. İnvestisiya edilməyən elm və təhsil müasir çağırışlara cavab verə bilməz. Ona görə də bu sahələrə davamlı dövlət qayğısı, dəstəyi, özəl sektorun fəal iştirakı, şəffaf və nəticəyönümlü layihələr, elm–təhsil– innovasiyanın inteqrasiyası Azərbaycanın strateji inkişafının əsas şərtlərinə çevrilməlidir. Əks halda resurs iqtisadiyyatından biliklər iqtisadiyyatına keçid mümkün olmayacaq".

İlham Əhmədova görə elm və təhsilə qoyulan davamlı investisiyalar ölkənin sosial-iqtisadi inkişafına, əhalinin rifahına və dayanıqlı gələcəyinə xidmət edir: "Beynəlxalq təcrübə də göstərir ki, bazar iqtisadiyyatı şəraitində elm və təhsilin inkişafı birbaşa səmərəli investisiyalardan asılıdır. Bu sahələrə qoyulan vəsait insan kapitalını inkişaf etdirir, biliklərə əsaslanan iqtisadiyyata təkan verir, yüksək texnoloji və rəqabətqabiliyyətli sektorların formalaşmasına şərait yaradır.

Azərbaycanda da bu istiqamətdə investisiyaların artırılması strateji zərurətdir. Təhsil sisteminə edilən investisiyalar maddi-texniki bazanın gücləndirilməsinə, müasir texnologiyaların tətbiqinə, müəllimlərin peşəkarlığının yüksəldilməsinə, təhsildə inklüzivliyin təmin edilməsinə, insan kapitalının inkişafına bilavasitə təsir göstərir.

Elmə yönəldilən investisiyalar fundamental və tətbiqi elmin inkişafına, elmi tədqiqatların maliyyələşdirilməsinə, gənc alimlərin dəstəklənməsinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə, elmi tədbir və nəşrlərin maliyyələşdirilməsinə, universitetlərə və elmi müəssisələrə qrantların verilməsinə, texnologiya və innovasiyanın inkişafına şərait yaradır".

Dosent onu da qeyd edir ki, elm və təhsil bir-birini tamamlayan sahələrdir:" Təhsilə qoyulan investisiya yeni nəsl alim və tədqiqatçıların yetişməsinə xidmət edir. Elmə qoyulan investisiya isə əldə edilən biliklərin tədris proqramlarına daxil edilməsinə, daha müasir təhsilin formalaşmasına imkan verir. Elm və təhsilə yönəldilən vəsaitin səmərəli istifadəsi və şəffaflığın təmin olunması olduqca vacibdir. Bu istiqamətdə dövlət və özəl sektor əməkdaşlığı, strateji yanaşma, nəticəyönümlü layihələrin hazırlanması mühüm əhəmiyyət daşıyır. Əgər investisiya düzgün istiqamətləndirilsə, uzunmüddətli perspektivdə elm və təhsil sahəsində müsbət nəticələr əldə olunacaq, ölkənin iqtisadi potensialı və beynəlxalq nüfuzu yüksələcəkdir.

Elm, təhsil və innovasiya inkişaf zəncirinin bir-birini tamamlayan həlqələridir. Bu həlqələrin möhkəmliyi və əlaqələrin davamlılığı isə investisiyadan asılıdır. Necə ki, torpağa toxum səpilməsə, suvarılmasa və qulluq edilməsə məhsul olmaz, eləcə də elm və təhsil investisiya olmadan inkişaf edə bilməz".

Tehsil-press.az

Oxşar xəbərlər