
Bu “qəhrəmanlığı”nı mənə bir taksi sürücüsü təmir sexində danışıb, özü də qürur duya-duya. Heç nə. Adam başqa ölkədə öz soydaşlarından işverənlik edib, onları, kim bilir, nə qədər xərcə salıb, hələ bir öz hərəkəti ilə də fəxr edir, kimə gəldi, danışır.
“Keçən ay Alanyada bizim turfirmanın xətti ilə otellərə gələn azərbaycanlılara yaxtalara, tarixi yerlərə, gəzintilərə tur-paketlər satırdım. Bir ana-bala vardı, nə qədər tur təklif etdim, heç birini almadılar, dedilər, biz gəzmək istəmirik, eləcə, dənizdə, hovuzda üzməyə gəlmişik. Dedim, yaxşı. 3-4 gündən sonra getmək vaxtları çatanda bunları Antalya aeroportuna aparmalıydım. Avtobus sürücümüzə əvvəlcədən dedim, çox da tələsməsin. Antalyaya yaxınlaşanda işarə elədim ki, tıxac olan yerdən sürsün. O da bir sözümü iki eləmirdi. Yolda ilişdik. Təyyarəyə qeydiyyat başlayıb, bizim isə yol açılsa, hələ yarım saat yolumuz var. Anası da, qız da başladılar etiraz etməyə. Dedim, görürsünüz də, yol bağlıdır, mən nə edə bilərəm. Təklif etdim ki, düşüb piyada getsinlər, irəlidə taksi tutsunlar. Acıqlı-acıqlı düşüb getdilər, daha bilmədim, təyyarəyə çatdılar, ya yox. Məncə, heç cür çata bilməzdilər”.
Bu “qəhrəmanlığı”nı da mənə əslən Goranboydan olan, ilin yarısını Türkiyə kurortlarına turist göndərən turfirmanın koordinatoru danışıb. O da qürbət eldə iki azərbaycanlı qadını çar-naçar qoymasını fəxr edə-edə danışırdı. 3-5 manat tuta bilmədiyinə görə qadınların təyyarə biletini bilərəkdən yandırıb, hələ bir öz mərdiməzarlığı ilə də fəxr edir.
Belə hadisələrdən sizə də danışmış olarlar. Mütləq hər kəsin bu cür “fərasətli”, “prinsipial”, yeri gələndə yamanlıq etməyi bacaran və bunu sonradan yaxşı bir iş görüblərmiş kimi öyünə-öyünə danışan tanışlarınız var.
Onlar mütləq zəif damarlarını tutduqları adamı soyublar, kimisə şantaj edib nəyinisə ələ keçiriblər, aldadıb bahalı malını (evini, maşınını, danasını) ucuz qiymətə alıblar, kimisə şərləyib, at kimi üzünə durublar, bir mənzili 3 nəfərə satıblar, xarici universitetlərə “tələbə qəbulu” aparıb, pulları yığıb, aradan çıxıblar və s. Və bunu utanıb xəcalət çəkmədən, öz ütüklüklərinin, fərasətlərinin bariz nümunəsi kimi danışırlar.
Hamı da qəşəngcə dinləyir. Çox adam deyir ki, vallahi, sənə halaldır, harda olsa, baş çıxaran adamsan. Belələrinə həsəd aparanlar, böyüyəndə onlar kimi kəmfürsət, cələkəsən, mərdiməzar, haramxor olmaq istəyən gənclər var.
Belələrini qınayanlar davaya düşə bilər. Çünki mütləq yerbəyerdən “bacarana baş qurban” sədası eşidəcək. Əsas məsələ qabağa düşmək, qisas almağı bacarmaqdır, ta bunu necə edəcəksən, beşinci dərəcəli məsələdir.
Dünən DİN-in polkovniki Elşad Hacıyev 10 min manat “qabağa düşmüş” bir dələduz gədənin şəklini və barəsində qısa informasiya paylaşmışdı. Üz-gözündən narkomanlıq yağan bu adam, görün, nə edirmiş. Bu məxluq müalicələrinə böyük məbləğdə pul lazım olan və bu məqsədlə xəstələrə yardım üçün sosial şəbəkədə paylaşılan kart nömrələrindən istifadə edərək hesablara girir, xəstələrin son ümid yeri olan pulları hesabdan çıxarır, mənimsəyirmiş.
Heş şübhəniz olmasın ki, o, ilişib ələ keçməsə, bir müddətdən sonra qürur duya-duya 2025-ci ildə necə zəkicə hərəkətlər etdiyini, filan qədər qabağa düşdüyünü dost-tanışına danışacaqdı.
Halbuki, bu adam dünyanın ən alçaq adamıdır (barəsində məhkəmə qərarı olmadığına görə “cani” deməyək) . Bundan aşağısı yoxdur. Ev soyan, maşın qaçıran, bank yaran canilərin yenə bir səviyyəsi var, beləsi kasıbın hinindən toyuq oğurlayandan da betərdir.
Başqa vaxt əyri yollara, “başını birtəhər dolandırmağa”, “fəndgirlik edib 5 manat qabağa düşməyə”, nə bilim, kiməsə “50 min dollar atmağa” birbaşa və dolayısı ilə haqq qazandıran camaatımızın nümayəndələri, bir görəydiniz, ağır xəstələrin müalicə pulunu mənimsəyən gədəyə nələr yazmışdılar. Özü bunları oxusa və canında bircə damcı vicdan hissi varsa, özünü öldürərdi.
Amma belə adamlarda vicdan, insaf, mürvət, abır-həya, ümumiyyətlə heç bir müsbət keyfiyyət olmur. Bunlar cəmiyyətin tullantılarıdır. Bunlar düzələn deyillər və dürüst insanların, halal zəhməti ilə dolananların qənimidirlər.
Tehsil-press.az