
Quba şəhər A. Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyində baş verən bu pul toplama kampaniyasında isə vəziyyət bir qədər fərqli idi. Çünki məktəb direktoru bu pul yığma işini öz möhürü ilə təsdiq edərək hər hansı bir araşdırma aparılma zərurəti belə buraxmamışdı. Nə özü inkar edirdi, nə də onun öz əlləri ilə az qala rəsmiləşdirdiyi möhürlü siyahısı. Hər şey gün kimi aydın və açıq idi.
Amma digər pul yığan məktəb direktorlarının məlum aqibəti Lalə Bədəlova məsələsində tamamilə fərqli oldu. Baş verən hadisəni təhlil edib, araşdırıb onu cəzalandırmalı olan bütün aidiyyəti strukturlar onu bütünlüklə müdafiə etməyə səfərbər oldu. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin yerləşdiyi inzibati bina ilə yan-yana olan bu məktəbdəki hadisəyə deyəsən qanunların aliliyi, nazirliyin təhsil sistemindəki şəffaflıq prinsipləri naminə deyil, elə qonşuluq naminə, xətri ilə və izzəti ilə yanaşıldı. Və nəticədə bu qanunsuz əməl cəzasız qalaraq, təhsil ocağında yaranan narazılıqlar da elə Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən dərin bir sükunətlə və canfəşanlıqla ram edildi. İşdən azad edilməli olan bu xanım direktora nə bir töhmət, nə də bir xəbərdarlıq verilmədi.
Heç bir xüsusi idarəetmə bacarığı, təşkilatçılığı olmayan Lalə Bədəlovanın qazandığı bu əlahiddə imtiyaz onu öz kreslosunda daha da möhkəmləndirdi. Bu əminlik bu əməl sahibinə əlavə güc və arxayınlıq verdi. Bəs bu əmələ göz yuman, onu bu fəlakətin cəngindən qurtaran sehirli əllərin təfəkkürünü başı dik, alnı açıq etdimi?..
Axı hansı naməlum səbəblər baş verən bu hadisənin məramından dəyərli və qiymətli oldu ki, aylarla pedaqoji kollektivin cibinə girib, bu qanunsuz vəsaitin siyahıya alındığı adlı siyahını direktor möhürü ilə təsdiq edən bir direktoru bu qanunsuzluqdan bir töhmət belə almadan canını qurtarmağa rəvac verdi…
Buna bənzər faktlar qarşısında, görəsən, Quba-Xaçmaz Regional Təhsil İdarəsi digər təhsil müəssisələrində dəmi eyni reaksiyanı və eyni yanaşmanı sərgiləyəcək?
Bu “pərdə”nin arxasında yüksək tədris nəticələri, mükəmməl davamiyyət, olimpiada uğurları, məktəb şagirdlərinin digər elmi uğur və bacarıq statistikasının gözoxşayan artımı olsaydı, bəlkə də sərgilənən bu cəzasızlıq mühitini anlamaq olardı. Amma təəssüf ki, Qubada bu təhsil ocağının sadaladığım statistikası ildən-ilə azalır, artmır.
Həm Elm və Təhsil Nazirliyinin, həm Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, həm də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin bu məktəb qarşısındakı susqunluğu, hələ bu da azmış kimi, ampluasını dəyişib cəzalandıran qurum statusu ilə deyil, yatışdıran, qanunsuzluğu görməzdən gəlib onu əllərinin tərsi ilə bir kənara qoyub, bütünlüklə bu məktəbi, daha doğrusu, onun direktorunu qorumağa səfərbər olması ümumilikdə ölkədə təhsil siyasətini yürüdən bu qurumların təhsildə şəffaflıq prinsiplərinə olan yanaşımını gülüş hədəfinə çevirdi. Bu bir nişanədir, bu bir izdir. Yeni tədris ilində ölkədə səs yazısı yayılacaq bütün direktorların tutunub özünü “bərabərləşdirmək” imkanıdır…
Tehsil-press.az