
Bu halda əlac qalır “Hollivud” şadlıq sarayını günahkar bilmək, çünki hazırda oranın yiyəsi İsfəndiyar müəllimin yaxası əldədir. Kimisə dələduz adlandırıbmış, o da verib məhkəməyə və qəribədir ki, əmlak kralımızın... maşınlarını həbs ediblər. Bir kəlmə söyüşə 500 minlik “Lamborcini” dustaq olub.
Gör bizdə sözün nə qədər böyük qiyməti vardır! Şair sağ olsa “Artıran söz qədrini sidq ilə qədrin artırar, Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz” qəzəlinə düzəliş edərdi. Bəlkə pensiyası da vaxtında verilərdi, şikayətnamə yazmazdı.
Dünən İsfəndiyar müəllim məhkəmə önündə əsəbi açıqlamalar vermişdi, deyir heç Ağadadaş balta atanda məhkəməyə bu qədər gəlib-getmədi. Deyir məni tutsalar canım dincələrdi (əmlakçılar üçün siyasi dustaq termini yəqin belə olmalıdır: “ev dustağı”).
Həqiqətən, iş adamının bu cür incidilməsi ölkəmizə ucalıq gətirmir, hətta xarici kapitalı ürküdür. Nə qədər transmilli tikinti şirkətləri İsfəndiyar müəllimin məhkəməsini izləyir, ta gəlib Biləcəri-Sumqayıt yolunun ortasında göydələn qayırmaqdan vaz keçirlər.
Bəlkə də bu hadisələr savadlı uşaqların İsfəndiyar müəllimdən qisas aksiyasıdır. Axı o, dəfələrlə intervülərində özünün dördillik rus-tatar məktəbinin ikinci sinfini yarımçıq qurtardığını söyləmişdir. Bir dəfə isə demişdi ki, indi mən çobanam, əlaçı sinif yoldaşlarımı qoyun kimi qabağıma qatıb otarıram. Bəlkə tam belə deyildi cümlə, ancaq mənası elənçik çıxırdı. Nəticədə ölkəmizdə məktəbi axıracan oxuyan insanlar qəzəbləndilər, İsfəndiyar müəllimə xərçənglərin harda qışladığını başa salmaq qərarına gəldilər. Elmin, biliyin qisası ağır olur! Həri.
Ümumiyyətlə, bizdə qanun qarşısında hamı bərabərdir, narazılığa əsas yoxdur. Örnək üçün, bu yaxında Qubada camaatı söyən kənd icra nümayəndəsinin müavini işdən qovulmuşdu, ardıyca Kəlbəcərdə icra başçısını söyən zəhmətkeşi cərimə etdilər. Bəlkə işləsə işdən də qovardıq. Deməli, kim olursan ol, qanunlardan uca deyilsən.
Hətta deputat Razi müəllim məhkəmədə uduzmuşdur! Orada da nəsə təhqir-böhtan mövzusu varmış. Razi müəllimin partiyasının (adını Ədliyyə Nazirliyi də yadında saxlaya bilmir, mən necə saxlayım?) bir üzvü, sən demə, internetdə sədri təhqir edirmiş. İddia edirmiş ki, Razi müəllim onu aldadaraq Qarabağ iqtisadi rayonunda təmir-bərpa işlərinə yönəldib, maaşını isə verməmişdir. Tam olaraq deputatı necə təhqir edib, bilmirəm, güman edirəm təxminən “Kişi sözü” filmimizdə Qasımın açıqlaması fason bir söhbət olubdur: “Nəbi kişi söz vermişdi ki, mən ali təhsil alsam qızı Solmazı mənə verəcəkdir. Mən baytarlıq oxuyub qayıtdım, lakin Nəbi kişi sözünün üstündə durmadı. Orden almaqla deyil, gərək kişi sözünə əməl eləsin”. Yaxşı film idi, baxmayanlara tövsiyə edirəm.
Yazının əvvəlinə qayıtsaq, həmin yazıq qadını qaynı qətlə yetirmişdi, telekanal isə belə süjet verdi: “Biz zəngdən sonra ora gedəndə artıq ölümə şahid olduq”. Yoldaşlar, axı bu, çox əcaib, qeyri-peşəkar hərəkətdir, yanaşmadır. Kimsə sizə zəng edib “məni öldürəcəklər” deyirsə, bu anda ilk iş polisə xəbər çatdırmaq olmalıydı, ta kamera-mikrofon götürüb şellənə-şellənə ora getmək yox. Hər halda, süjetdə hüquq-mühafizə orqanlarına məlumat verdikləri haqda bir kəlmə səslənmədi. Sizin hərəkətiniz suda batanı xilas etmək əvəzinə onu telefonla çəkənlər barədə məşhur karikaturanın eynisidir.
Zəhmətkeşlər niyə həyatları təhlükəyə tuş gələndə birinci dövləti aramırlar - bunun da üzərində yəqin azacıq düşünməyə dəyər.
Tehsil-press.az