
Azərbaycanda bir neçə Ermənistan mənşəli proqram təminatından aktiv şəkildə istifadə olunur. İstifadəçilər çox vaxt özləri də bilmirlər ki, həmin tətbiqlər ermənilərə məxsusdur. Proqramlar yaxşı imkanlar təqdim edə bilər. Amma özlüyündə bizim vətəndaşların məlumatları üçün ciddi təhlükə yaradır.
Bu sözləri texnobloger, İT mütəxəssisi Fərid Pərdəşünas qeyd edib. “Məsələn, foto-redaktə tətbiqi olan "Piksart" cihazın qalereyasına və fayllarına giriş icazəsi verir. Təsəvvür edin, şirkət hər nə qədər “tərəfsizlik” və “peşəkarlıq” nümayiş etdirsə də, adi bir qərəzli mühəndis belə bu məlumatlara müdaxilə edə bilər. Yəni burada insan faktoru çox önəmlidir.
Bu səbəbdən sizə aşağıda qeyd etdiyim tətbiqlərdən uzaq durmağı və onların qarşısında göstərilən alternativlərdən istifadə etməyi tövsiyə edirəm:
“Piksart” - mənşə: Ermənistan. Alternativ - “Canva”, “Adobe Express”, “CapCut”;
“Renderforest” - mənşə: Ermənistan. Alternativ - “Envato Placeit” və “FlexClip”;
“SoloLearn” - mənşə: Ermənistan. Alternativ - “Codecademy” və “freeCodeCamp”.
“Krisp” - mənşə: Ermənistan. Alternativ - “NVIDIA Broadcast” və “Zoom/Google Meet” səs filtrasiyası;
“Zangi” messenceri - mənşə: Ermənistan. Alternativ - “Signal” və ya “Wire”.
Məqsədim bu həlləri pisləmək deyil. Əsas məqsəd çox ciddi məsələ olan məlumat təhlükəsizliyidir. Bu tətbiqlərdən istifadə edənlər diqqətli olsunlar və daha etibarlı alternativlərə keçid etsinlər", - deyə Pərdəşünas qeyd edib.
İnformasiya-kommunikasiya texnologiyaları üzrə ekspert Əmrah Mövsümzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, son zamanlar sosial şəbəkələrdə istifadəçilərin şəxsi məlumatlarına icazəsiz çıxış əldə edən tətbiqlərin sayı artmaqdadır: “Bu cür tətbiqlər çox zaman insanları maraqlı məzmun yaxud xidmət vədləri ilə cəlb edib aldadaraq şəxsi məlumatları-fotoları, kontaktları, sosial şəbəkə hesablarına giriş məlumatlarını əldə edə bilir. Belə halların qarşısını almaq üçün vətəndaşlar bir sıra təhlükəsizlik məsələlərini nəzarətdə saxlamalıdırlar. Məsələn, naməlum mənbələrdən gələn keyslərə daxil olmamaq, tətbiqlərə verilən icazələri yoxlamaq, lazımsız icazələr tələb edən tətbiqləri yükləməmək, tətbiqləri rəsmi mağazalardan - Play Market, App Store-dan yükləmək, ikimərhələli identifikasiyanı aktiv saxlamaq, şübhəli fəaliyyət aşkarlandıqda dərhal sistemi qorumaq üçün müəyyən antivirus proqramlarından istifadə etmək, o cümlədən şübhəli fəaliyyət aşkarlanan proqramları dərhal silməyi tövsiyə edə bilərəm. Əlavə olaraq, əgər tətbiqlər sosial şəbəkə hesablarına giriş edə bilibsə, bu zaman şübhəli fəaliyyətləri müəyyənləşdirib, girişləri ləğv etmək olar. Mütəmadi olaraq, antivirus proqramlarından istifadə etməyi də məsləhət görürəm. Bu addımlar həm şəxsi məlumatların təhlükəsizliyini qorumağa, həm də bu tip saxta tətbiqlərin təsir dairəsini azaltmağa kömək edəcək. Eyni zamanda aidiyyəti qurumlar tərəfindən belə tətbiqlərin aşkarlanması və bloklanması, ictimai maarifləndirmə tədbirlərinin gücləndirilməsi də önəmlidir”.
Tehsil-press.az