“Sənətdə yeniliklər etmək olar. Bu normaldır. Amma bizim tarixi abidələrimiz kimi, milli muğamımız da, klassik musiqilərimiz də toxunulmazdır. Onlara yeniliklər lazım deyil. Vaxtilə xalq artisti Alim Qasımov bu yenilikləri milli ruhda, milli nəfəsdə etdi. Amma Sevda Ələkbərzadə musiqimizə yad nəfəslər gətirdi. Bunu hamı bəyənmir. Bu haqda çəkinmədən deyirəm. Sevda mənim övladım yaşındadır. Amma məndən yaxşı yaşayır. Ona mənzillər, mükafatlar veriblər, ikisindən birini mənə də versinlər də. Bizim milli musiqimizə toxunmaq olmaz. Getsin hansı janra toxunur, yenilik edir etsin, amma bizim milli muğamlara əl vurmaq lazım deyil. Onda yaxşı alınmayıb. Onun bizim romanslara, klassik musiqilərə, Üzeyir Hacıbəylinin əsərlərinə etdiyi yeniliklər xoşuma gəlmir”. Bunu Medianews.az-a açıqlamasında əməkdar artist, tanınmış müğənni Ədilə Əflaki deyib.O daha sonra əlavə edib:
“O vaxt bizdə “Azərbaycanfilm” kinostudiyası filmlər çəkirdi. Görün necə məntiqli, düşündürücü olurdu. İndi də filmlər çəkilir, amma bərbad gündədir. İş görəndə gərək möhürünü vurasan. Desinlər ki, halal olsun, bax budur. Məsələn, mən Qərbi Berlin televiziyasındakı çıxışımla möhür vurmuşam. Hələ Azərbaycandan, ittifaqdan bir xanəndə yaxud müğənni Qərbi Berlin televiziyasında konsert verməmişdi. Mən özümü reklam üçün demirəm. Bir gün yas yerində böyük sənətkarımız Zeynəb Xanlarovanı gördüm. Qolumdan çəkib dedi ki, “Bura gəl, ay yerlim, mən bütün dünyanı gəzmişəm, amma heç bir televiziyada konsertim canlı yayımlanmayıb, bunu ilk sən etdin”. Bunları mən bilmirdim, ilk dəfə mənə Zeynəb xanım dedi. Yaxud da Qarabağa, cəbhə bölgələrinə ilk gedən sənətçilər mən, rəhmətlik aktrisa Mənsumə Rzayeva və Amaliya Pənahova idi. Flora Kərimovanı da Tərtərdə görmüşdük. Eyni mahnını hamı oxuyur, amma möhür vurandan sonra bu sənə aid olur”.
Ədilə Əflaki bir otaqlı, şəraitsiz yerdə oğlu ilə birlikdə yaşadığını deyib:
“43 yaşlı oğlumla bir otaqlı evdə yaşayıram. Bu evdə yanğın da ola bilər. Başıma su axıdırlar. Səfalət içərisində yaşayıram. Buna yaşamaq demək olarsa. Mənim sənətdə haqqımı yeyiblər. Sonra hər şey gec olacaq. Oğlum əlildir, əlimə gələn 5-10 manatla dolanıram. Nə dərmanları ala bilirik, nə də özümüzə yemək almağa gücümüz çatır. Vəziyyətimiz həqiqətən də ağırdır”.
Tehsil-press.az














