Azərbaycan Respublikasında insan hüquqları10 dekabr tarixi hər il dünyada İnsan Hüquqları Günü kimi qeyd edilir. Bu, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edildiyi günün, yəni 10 dekabr tarixinin BMT Baş Assambleyasının 423 (V) saylı qətnaməsinə əsasən “İnsan Hüquqları Günü” kimi qeyd edildiyi tarixdir. İlk dəfə “İnsan Hüquqları Günü” 1950-ci ildə qeyd edilmişdir. Hər il bu əlamətdar tarixin qeyd olunması BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının İdarəsi tərəfindən təşkil edilir. Bir qayda olaraq, “İnsan Hüquqları Günü” münasibətilə BMT-nin Baş Katibi və İnsan Hüquqları üzrə Ali Komissarı üzv-dövlətlərə müraciət ünvanlayır. Müraciətdə adətən insan hüquqlarının təmini sahəsində BMT-ni narahat edən əsas məsələlər, həmçinin insan hüquqlarının pozuntularının aradan qaldırılması, pozulmuş hüquqların bərpası, ümumilikdə insan hüquqlarının səmərəli təmini istiqamətində üzv-dövlətlərə tövsiyələr öz əksini tapır.
Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri insan hüquq və azadlıqlarının qorunması olmuşdur. Ulu Öndərin rəhbərliyi altında həyata keçirilmiş islahatlar nəticəsində insan hüquqlarının səmərəli müdafiəsi təmin edilmiş, bütövlükdə insan hüquqlarının inkişafı üçün münbit şərait yaranmışdır.
1998-ci il aprelin 16-da Ulu Öndər tərəfindən “Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyinin keçirilməsi haqqında” Sərəncam imzalanmışdır. Sərəncamda qeyd edilirdi ki, “Bəyannamədə təsbit edilmiş hüquqlar ümumbəşəri dəyərlərdir. Onlar hər kəsə, məhz insan olduğuna görə, mənsubdur. Kişi və ya qadın, uşaq və ya böyük, vətəndaş və ya əcnəbi, varlı və ya kasıb, güclü və ya zəif bütün bunların heç bir əhəmiyyəti yoxdur: hər kəs insan olduğuna görə bərabər hüquqlara malikdir və ləyaqətinə hörmət edilməyə haqqı vardır”. Həmin dövrdə Ulu Öndər yeganə dövlət başçısı idi ki, belə bir unikal sənəd imzalamışdı. Bu isə Ulu Öndərin insan hüquqlarına nə qədər böyük önəm verdiyinin göstəricisi idi.
Bu il həm də müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının ilk milli və hüquqi Konstitusiyasının referendum yolu ilə qəbul edilməsindən 30 il ötür.
Konstitusiya dövlətin hüquqi-siyasi və ictimai sisteminin tərkib hissəsidir. Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan əsas qanun kimi hüquqi mahiyyəti ilə bərabər, həm də sosial-siyasi mahiyyətə malikdir.
Hər bir dövlətin idarəetmə ideologiyası, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində uğurlu siyasəti həmin dövlətin əsas Qanununda – Konstitusiyasında təsbit etdiyi rəhbər prinsip və müddəalardan asılıdır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının Konstitusiyası bu cür müddəaları uğurla, hüququn aliliyini, ədalətliliyi, insan hüquqlarına hörmət edilməsi prinsipini rəhbər tutmaqla bəyan etmişdir.
Müstəqil Azərbaycanın gələcək inkişafının yalnız hüquqi dövlət, demokratik idarəetmə və vətəndaş cəmiyyəti quruculuğu, azad sahibkarlıq və bazar iqtisadiyyatının formalaşdırılması nəticəsində mümkün olacağını yaxşı bilən müdrik liderimiz ilk növbədə bu münasibətləri tənzimləyən yeni qanunvericilik sisteminin, xüsusən də onun əsasını təşkil edəcək Əsas Qanunun – Konstitusiyanın hazırlanıb qəbul edilməsinə çox böyük önəm verirdi. Bu məqsədlə 1995-ci il mayın 2-də yaradılmış və Prezident Heydər Əliyevin rəhbərlik etdiyi Konstitusiya Komissiyasının və İşçi Qrupunun tərkibinə ali və mərkəzi dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, ictimai xadimlər, elm adamları da daxil idi. İşçi Qrupunun tərkibində Hüquq fakültəsinin müəllimlərinin, hüquqşünas alimlərin olması isə Ulu Öndərin hüquq elminə və alimlərimizə xüsusi inam və etimadının göstəricisidir.
“Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik” – deyən Ulu Öndər Heydər Əliyev konstitusionalist alim kimi bu sahədə bütün problemləri öyrənərək və görkəmli mütəfəkkirlərin elmi irsinə mükəmməl yiyələnərək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratmışdır.
Həqiqətən də, bu akt dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri – hüququn aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan hüquqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir.
Xüsusilə, qeyd etməliyik ki, Ulu Öndərin milli dövlətçilik ideyaları uğrunda mübarizəsi hələ 1978-ci il Konstitusiyasının qəbulu zamanından başlamışdı. Həmin Konstitusiyanın qəbul olunmasında müstəsna rolu olmuş Ümummilli Liderimizin tələbi ilə Konstitusiyada dövlət dili kimi Azərbaycan dili müəyyən edilmişdi. Belə ki, 73-cü maddəyə əsasən: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR dövlət orqanlarında və ictimai orqanlarda, mədəniyyət, maarif müəssisələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir”. Bu Konstitusiyada, həmçinin Dağlıq Qarabağ və onun orqanlarının hüquqi statusu “Yerli dövlət hakimiyyət orqanları” fəsli daxilində müəyyən edilmişdi, yəni ona ayrıca, xüsusi önəm verilmirdi. Bu da Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən biri idi. Konstitusiyada, həmçinin bir sıra hüquqlar – vəzifəli şəxslərin hərəkətindən şikayət vermək hüququ, sağlamlığın mühafizəsi hüququ, mənzil hüququ, mədəniyyət nailiyyətlərindən istifadə etmək hüququ, yaradıcılıq azadlığı kimi hüquq və azadlıqlar da təsbit olunmuşdur. İstər dövlət dili ilə bağlı müddəanın, istərsə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin autentik nüsxələrindən birinin “tam məxfi” qrifi ilə SSRİ Xarici İşlər Nazirliyində saxlandığı bir vaxtda insan hüquqları ilə bağlı müddəaların Konstitusiyada təsbit olunması böyük cəsarət tələb edirdi.
Tam əminliklə deyə bilərik ki, müstəqilliyimizin təməli Ulu Öndər tərəfindən hələ SSRİ vaxtı qoyulmağa başlanmışdır. Məhz Ulu Öndərin müstəsna xidmətləri və qətiyyəti sayəsində 1978-ci il Konstitusiyasına milli dövlətçiliyimizə xidmət edən müddəalar daxil edilmişdir.
Azərbaycan Respublikasının müasir Konstitusiyası insan hüquqları doktrinasına əsaslanır. Burada ilk dəfə olaraq insan hüquqlarına dair təbii hüquq nəzəriyyəsi öz əksini tapmışdır. 24-cü maddənin II hissəsində göstərilmişdir ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Bu müddəanın söykəndiyi fəlsəfəyə görə, insan hüquqları onların normativ təsbitindən kənar və asılı olmayaraq mövcuddur və Konstitusiyamızda öz əksini tapmış əsas hüquq və azadlıqların siyahısına daxil olmaqla insan hüquqlarının qanunvericilikdə, xüsusilə Konstitusiya qaydasında pozitivləşdirməklə onların dəqiq hüquqi prosedurlar vasitəsilə lazımi müdafiəsi üçün prinsipial əhəmiyyət kəsb edir. Azərbaycanın dövlət quruculuğu tarixində ilk dəfə idi ki, təbii hüquq nəzəriyyəsi əsas qanunda öz əksini tapırdı.
Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan 48 maddədən ibarət III fəslinin bütün mətni insana, insan ləyaqətinə, insan hüquqlarına hörmət ruhunda yazılmışdır. Ona görə də bəşər sivilizasiyasının iki mütərəqqi ideyasının – konstitusionalizm və insan hüquqlarının müdafiəsi ideyalarının üzvi bağlılığı Azərbaycan Respublikasının Konstitusiyasında özünün layiqli ifadəsini tapmışdır.
Konstitusiyada insan ləyaqəti xüsusi diqqət mərkəzinə gətirilir. İnsan ləyaqəti həm ümumbəşəri dəyər, həm konstitusion prinsip, həm də subyektiv hüquq kimi qəbul edilir.
İlk növbədə qeyd etmək lazımdır ki, ləyaqət insan hüquqlarının əsasını və bünövrəsini təşkil edir. İnsan hüquqları doktrinası bütövlükdə ali dəyər olan insan ləyaqətinə əsaslanır. Ləyaqət – yaşından, cinsindən, dilindən, dinindən, irqindən, əmlak vəziyyətindən, siyasi mənsubiyyətindən və digər əlamətlərdən asılı olmayaraq hər bir insanın (o cümlədən uşağın, hətta ana bətnində olan uşağın belə) toxunulmaz, pozulmaz və ayrılmaz təbii keyfiyyətidir. Ləyaqətindən imtina etmək hüquq və azadlıqlarından imtina etməyə, hüquq və azadlıqlarından imtina etmək isə ləyaqətindən imtina etməyə bərabərdir. İnsan hüquqları doktrinasında ləyaqət konsepsiyası mərkəzi yerlərdən birini tutur. İnsan hüquqlarına dair bütün beynəlxalq hüquqi aktlar insan ləyaqətinin toxunulmazlığı və ona hörmət olunması prinsipinə əsaslanır. İnsan hüquqları sahəsində fundamental sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsində bununla bağlı bir sıra normalar mövcuddur. Bəyannamənin preambulasına əsasən, bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqət hissinin və onların bərabər və ayrılmaz hüquqlarının tanınması azadlıq, ədalət və ümumi sülhün əsasıdır. Bəyannamənin 1-ci maddəsinə əsasən isə, bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar.
İnsanın hüquq və azadlıqları birbaşa olaraq məhz ləyaqətdən irəli gəlir. İnsanın hüquq və azadlıqlarını qorumaq üçün ilk növbədə onun ləyaqəti dövlət tərəfindən qorunmalıdır. 1975-ci il tarixli Helsinki Yekun Aktında dövlətlərin insan şəxsiyyətinə məxsus ləyaqətdən irəli gələn və insanın azad və hərtərəfli inkişafı üçün əsas olan mülki, siyasi, iqtisadi, sosial, mədəni və digər hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təşviq və inkişaf etdirəcəkləri qeyd edilir.
Ləyaqət, həmçinin insana dövlət tərəfindən verilən ictimai dəyərdir. Ləyaqətin dövlət tərəfindən qorunması insanın xoşbəxt həyat sürə bilməsi üçün ən vacib şərtlərdən biridir. Ləyaqəti tapdanmış insan xoşbəxtlik hissini itirmiş olur. Ləyaqət konsepsiyasına əsasən, insan ən ali, ən dəyərli, ən dahi varlıqdır. Hələ qədim yunan mütəfəkkiri Sofokl bildirirdi ki, “Yer üzündə ali varlıqlar çoxdur, lakin insandan alisi yoxdur”. Dahi fransız hüquqşünası və filosofu Şarl Lui de Monteskye insan ləyaqətinə böyük önəm verərək yazırdı: “Mən ilk növbədə İnsanam, sonra isə fransızam”. Tanınmış alman filosofu Lüdviq Feyerbaxın fikrincə isə, ləyaqət - insanın böyüklüyü, onun ən ali dəyəridir.
Azərbaycan mütəfəkkirləri ləyaqət konsepsiyasına böyük önəm vermişlər. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi təxminən 900 il əvvəl insan ləyaqətinə böyük önəm verərək “Sirlər xəzinəsi”ndə yazırdı:
Sən ey fələklər qədər uca, dəyərli İnsan!
Nazını çəkməkdədir bu yer, bu göy, kəhkəşan.
Heç xəbərin varmı ki, səsin yetişir hara?
Sənin zənn etdiyindən xeyli ucalıqlara!
Dahi Azərbaycan filosofu İmadəddin Nəsimi təxminən 700 il əvvəl insanı, onun ləyaqətini önə çəkərək yazırdı:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Həm sədəfəm, həm inciyəm
Adım Adəmdir, Adəməm mən bu məkanə sığmazam
Zərrə mənəm, günəş mənəm
Şəms mənəm, qəmər mənəm, şəkər mənəm
Ulu Öndər Heydər Əliyev öz fəaliyyətində insan ləyaqətinin toxunulmazlığı və ona hörmət olunması konsepsiyasını rəhbər tuturdu. Ulu Öndər deyirdi: “İnsan ləyaqətinə hörmət Azərbaycan xalqının çoxəsrlik ənənələrindən irəli gəlir”.
Ləyaqət nəinki fəlsəfi-etik, həm də konstitusion-hüquqi kateqoriyadır. XVIII əsrin sonları, XIX əsrin əvvəllərində ləyaqət konstitusion mühafizə obyektinə çevrilməyə başladı. XX əsrdə isə “insan ləyaqəti” kateqoriyası bir çox ölkələrin konstitusiyalarının ayrılmaz elementini təşkil etdi. Almaniya Konstitusiyasının 1-ci maddəsində deyilir: “İnsan ləyaqəti toxunulmazdır. Ona hörmət etmək və onu qorumaq bütün dövlət hakimiyyətinin vəzifəsidir”. İsveçrə Konstitusiyasının 7-ci maddəsinə əsasən, insan ləyaqətinə hörmət edilməlidir və o qorunmalıdır. İtaliya Konstitusiyasının 3-cü maddəsinə görə, bütün vətəndaşlar bərabər ictimai ləyaqətə malikdirlər. İspaniya Konstitusiyasının 10-cu maddəsinə müvafiq olaraq, şəxsiyyətin ləyaqəti siyasi nizamın və ictimai sülhün əsasıdır. Yunanıstan Konstitusiyasının 2-ci maddəsinə əsasən, insan ləyaqətinə hörmət etmək və onu qorumaq dövlətin birinci dərəcəli vəzifəsidir. Polşa Konstitusiyasının 30-cu maddəsində göstərilir: “İnsanın anadangəlmə və ayrılmaz ləyaqəti insan və vətəndaş hüquq və azadlıqlarının mənbəyini təşkil edir. O, toxunulmazdır, ona hörmət edilməsi və onun qorunması hakimiyyət orqanlarının vəzifəsidir.”. “Ləyaqət” kateqoriyasının iki aspektini fərqləndirmək olar: insan ləyaqətinə hörmət insan hüquqları hüququnun ümumtanınmış prinsipi kimi və ləyaqət subyektiv hüquq kimi. Bir sıra müasir demokratik-hüquqi konstitusiyalar “ləyaqət” kateqoriyasının birinci aspektini ehtiva edir. Qeyd etmək lazımdır ki, “ləyaqət” kateqoriyasının hər iki aspekti Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyanın 24-cü maddəsinin I hissəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət olunur. Konstitusiyanın 46-cı maddəsinə müvafiq olaraq, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Bununla da, Azərbaycan Konstitusiyası ləyaqət konsepsiyasını tam şəkildə özündə əks etdirir.
Milli Konstitusiyamızın mühüm xüsusiyyəti kimi burada hüquq və azadlıqların bilavasitəliyinin təsbit olunmasıdır ki, bu prinsip insanın öz hüquqlarını bütün qanuni vasitələrlə qoruya bilməsini təmin edir və dövlət onları tanımağa, riayət etməyə və qorumağa borcludur. Bilavasitəlik prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, hüquq və azadlıqlar birbaşa tanınır, bunun üçün əlavə qanunvericilik tədbirlərinə ehtiyac yoxdur. İnsan hüquq və azadlıqları bütün qanunların mənasını, məzmununu və tətbiqini, o cümlədən qanunvericilik və icra hakimiyyəti də daxil olmaqla bütün dövlət orqanlarının fəaliyyətini müəyyən edir. Eyni zamanda, dövlət insan və vətəndaş hüquq və azadlıqlarını tanımağa, onlara riayət etməyə və müdafiə etməyə, onların müdafiəsini təmin etməyə borcludur. Hər kəs istər dövlət, istərsə də başqa şəxslər tərəfindən törədilən hər hansı pozuntudan qorunmaq üçün öz hüquq və azadlıqlarından birbaşa istifadə edə bilər.
İnsan hüquqları sahəsində beynəlxalq standartları adekvat əks etdirməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasında, eyni zamanda, belə bir mütərəqqi müddəa nəzərdə tutulmuşdur: “...Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir” (12-ci maddənin II hissəsi).
Eyni zamanda, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan olunması xüsusi qeyd olunmalıdır. Çünki məhz layiqli həyat səviyyəsinin təmin edilməsi digər hüquq və azadlıqların da maneəsiz həyata keçirilməsini təmin edir. “Layiqli həyat səviyyəsi” müasir inkişaf etmiş cəmiyyətin standartları səviyyəsində maddi təminatı, mədəni dəyərlərə çıxışı, həm işləyənlərin, həm də işləyə bilməyənlərin şəxsi və ailə təhlükəsizliyi hüquqlarını təmin edən normalar məcmusudur. Layiqli həyat səviyyəsi bir iqtisadi elementdən deyil, bir çox elementlərdən ibarət olan daha mürəkkəb, əhatəli bir anlayışdır. Daha konkret desək, milli Konstitusiyamız tələb edir ki, dövlət elə zəmin yaratmalıdır ki, hər bir şəxs özünü qorunmuş hiss etsin, dövlətin onun qayğısına qaldığına əmin olsun. Bütün bunlar da Ana Qanunun sosial dövlət ideyalarına söykəndiyini bir daha təsdiq edir.
12-ci maddənin təhlili eyni zamanda onu deməyə əsas verir ki, insan hüquqları sahəsində etatizm doktrinasından imtina edilmiş və bunun əvəzinə mütərəqqi konsepsiya kimi insanın mərkəzdə olduğu humanizm doktrinası rəhbər tutulmuşdur.
İnsan hüquqlarının Konstitusiyanın təsbitinin əsasında duran mühüm prinsiplərdən biri də Konstitusiyanın 25-ci maddəsində əks olunmuş hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipidir. Bu müddəanın III fəsildə ön plana çəkilməsi prinsipial əhəmiyyətə malikdir. Belə ki, praktikada bərabərlik hüququnu təmin etmədən insanın bütün digər hüquq və azadlıqlarının real qorunmasına nail olmaq mümkün deyildir. Buna görə də 25-ci maddənin III hissəsində birmənalı şəkildə göstərilmişdir ki, dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
Konstitusiyada təsbit olunmuş hüquqlar sırasında yaşamaq hüququnun təminatı xüsusi qeyd edilməlidir. Yaşamaq hüququnun təsbit olunduğu konstitusiya müddəasına əsasən, dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. Yəni, heç kəs özbaşına həyatdan məhrum edilə bilməz.
Ulu Öndər Heydər Əliyev yaşamaq hüququna xüsusi önəm verərək xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra atdığı ilk addımlardan biri məhz ölüm hökmlərinin icrasının dayandırılması oldu. Bununla bağlı Ulu Öndər deyirdi: “1993-cü ilin iyun ayından biz Azərbaycanda ölüm hökmlərinin icrasını dayandırmışıq. Baxmayaraq ki, o illər bizim üçün çox mürəkkəb, ağır, çətin illər olubdur, Azərbaycan dövlətini, onun müstəqilliyini qoruyub saxlamaq, dövlətçiliyə olan qəsdlərin qarşısını almaq lazım idi. Şübhəsiz ki, bunlar çox qəti addımlar atmaq, tədbirlər görmək, həyata keçirmək tələb edirdi. Biz bunları etmişdik. Ancaq biz humanistliyimizi də itirməmişdik. Məhz ona görə də biz ölüm hökmünün icrasını dayandırmışdıq”. Ulu Öndərin Azərbaycan Respublikasında ölüm hökmünün ləğv edilməsi haqqında Milli Məclisə 3 fevral 1998-ci il tarixli müraciətində deyilirdi: “Ölüm hökmünün ləğvi ən yüksək dəyər olan insan həyatının qorunmasına təminat verir, cəmiyyətimizi insaniləşdirir, insan ləyaqətinə hörmət və ehtiram nümayiş etdirir. İnsan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan bu cəzanın tətbiqi, hansı dəlillərlə əsaslandırılmasından asılı olmayaraq demokratik cəmiyyətdə qeyri-insani və amansız tədbir kimi qiymətləndirilir”. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin insan həyatına, onun hüquqlarına və ləyaqətinə verdiyi yüksək qiymətin, xüsusi önəmin bariz göstəricisidir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə müraciət əsasında qəbul edilmiş “Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” 10 fevral 1998-ci il tarixli qanunla ölüm hökmü tamamilə ləğv edilmişdir. Ulu Öndər ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirmişdir.
Şərqdə ilk dəfə olaraq, ölüm cəzasının Azərbaycanda ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini, demokratik prinsiplərin inkişafına xüsusi önəm verdiyini bir daha təsdiqləmiş oldu.
İnsan hüquq və azadlıqlarının real təmin edilməsi üçün həlledici şərtlərdən biri də şəxslərə öz hüquqlarını müdafiə etmək və pozulmuş hüquqlarını bərpa etmək imkanının verilməsidir. Hələ qədim Roma hüququndan bizə belə bir hüquqi aksiom məlumdur ki, hüquq olan yerdə onun müdafiə vasitəsi də olmalıdır (ubi jus ibi remedium). Hüquqi dövlətin bu mühüm tələbi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində birbaşa öz ifadəsini tapmışdır. Həmin maddənin I hissəsində deyilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
Şəxsiyyətin ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar hüquqlarına təminat verilməsi Konstitusiyanın mühüm müddəalarından biridir. Bu müddəa hüquqi yardım almaq, məhkəmədə müdafiə olunmaq, müdafiəçinin köməyindən istifadə etmək, məhkəmə qərarından şikayət vermək, təqsirsizlik prezumpsiyası hüququnu və başqa hüquqları əhatə edir. Bundan əlavə, Əsas Qanun məhkəmə aidiyyətinin dəyişdirilməsinə, eyni cinayət üstündə təkrar məhkum edilməyə, habelə qohumların əleyhinə ifadə vermǝyə məcbur etməyə yol vermir. Konstitusiyaya görə, hər bir şəxsin cinayət, hakimiyyətdən sui-istifadə, yaxud dövlət orqanlarının və ya vəzifəli şəxslərin qanuna zidd hərəkətləri nəticəsində ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
Konstitusiyanın 24-cü maddəsinə əsasən, hüquqlardan sui-istifadəyə yol verilmir. İlk növbədə onu qeyd etmək lazımdır ki, insan hüquqlarının və əsas azadlıqların Konstitusiyada və digər qanunvericilik aktlarında təsbit edilməsi və səmərəli şəkildə təmin edilməsi, müdafiəsi və onlara hörmət olunması nə qədər vacibdirsə, bu hüquq və azadlıqlardan sui-istifadə edilməsi cəmiyyət üçün bir o qədər təhlükəlidir. Hüquqlardan sui-istifadə insan hüquqlarının mənəviyyata və əxlaq normalarına zidd şəkildə həyata keçirilməsidir. İnsan hüquqlarının həyata keçirilməsinin əsas şərti bu hüquqların qanun çərçivəsində, qanunauyğun şəkildə və qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilməsidir. Hüquqlardan sui-istifadə, həm də, hüquq pozuntusunun xüsusi formasıdır, sui generis hüquq pozuntusudur. Hüquqlardan sui-istifadə nəticəsində insana, cəmiyyətə və dövlətə ciddi zərər dəyir. Hüquqlardan sui-istifadə hüquq və azadlıqların, onların əsl mahiyyətinə və təyinatına zidd olaraq həyata keçirilməklə digər şəxslərin hüquqlarının pozulmasına gətirib çıxarır. Hüquqlardan sui-istifadənin qadağan edilməsi müasir dövrdə beynəlxalq insan hüquqları hüququnun ümumqəbuledilmiş prinsipi kimi nəzərdən keçirilə bilər. İstər milli qanunvericilikdə, o cümlədən konstitusiyada, istərsə də beynəlxalq hüquqi aktlarda, o cümlədən insan hüquqlarına dair fundamental beynəlxalq sənədlər olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada təsbit edilmiş istənilən hüququn qanuna, insan hüquqlarının mahiyyətinə zidd şəkildə həyata keçirilməsi, yəni bu hüquqlardan sui-istifadə edilməsi qanunla qadağan edilməlidir. Bu, digər şəxslərin hüquq və azadlıqlarının, mənəviyyatın və ictimai qaydanın, qanunçuluğun və təhlükəsizliyin təmin edilməsi üçün olduqca vacibdir. Məhz bu prizmadan çıxış edərək bir sıra demokratik-hüquqi dövlətlərin konstitusiyalarında bu prinsip öz əksini tapmışdır. Yunanıstan Konstitusiyasının 25-ci maddəsinə əsasən, hüquqlardan sui-istifadəyə yol verilmir. Bolqarıstan Konstitusiyasının 57-ci maddəsinə müvafiq olaraq, hüquqlardan sui-istifadə edilməsinə yol verilmir. Niderland Konstitusiyasında hüquqlardan sui-istifadəyə görə məsuliyyət prinsipi öz əksini tapmışdır. Məsələn, ifadə azadlığını və toplaşmaq azadlığını nəzərdə tutan 7-ci və 9-cu maddələrdə bu prinsip birbaşa olaraq təsbit olunmuşdur. Yaponiya Konstitusiyasının 12-ci maddəsində deyilir: “Xalq hüquqlardan və azadlıqlardan hər cür sui-istifadə hallarından çəkinməlidir və onlardan yalnız ictimai rifah maraqları naminə istifadə olunmasına məsuliyyət daşıyır.”. Hüquqlardan sui-istifadəyə yol verilməməsi ilə bağlı müddəanın Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunması insan hüquq və azadlıqlarının səmərəli təmininə, hüquq qaydasının mühafizəsinə xidmət edir.
İnsan hüquqları baxımından daha bir mühüm müddəa Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyaya əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İlk növbədə onu qeyd etmək lazımdır ki, işə ağlabatan müddətdə baxılması hüquqi dövlətin əsasını təşkil edən ədalət mühakiməsinin əsas elementlərindən biridir. Beynəlxalq hüquqda ağlabatan müddətin insan hüquqlarının səmərəli təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıması ilə bağlı bir sıra mühüm normalar mövcuddur. Beynəlxalq insan hüquqları hüququnun ən mühüm mənbələrindən biri olan Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Şurası Nazirlər Komitəsinin 1997-ci ildə qəbul etdiyi qətnaməyə əsasən, ədalət mühakiməsinin həyata keçirilməsinin hədsiz ləngiməsi nəinki proses iştirakçılarına ziyan vurur, həm də hüquqi dövlətə təhlükə törədir. Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə vurğulamışdır ki, ədalət mühakiməsinin həyata keçirilməsinin yubadılması onun səmərəliliyini şübhə altına alır. Avropa Məhkəməsi tərəfindən ağlabatan müddətin konkret olaraq rəqəmlə hansı müddəti əhatə etməsi müəyyən edilməmişdir. Avropa Məhkəməsinin mövqeyinə görə bu məsələ situasiyadan asılı olaraq hər bir işə konkret fərdi yanaşma tələb edir. Ağlabatan müddətin təyin edilməsi üçün Avropa Məhkəməsi tərəfindən 4 kriteriya müəyyən edilmişdir: işin mürəkkəbliyi, milli səviyyədə məhkəmə proseslərində ərizəçinin davranışı, müvafiq işə baxan milli məhkəmə orqanlarının davranışı, ərizəçinin qanuni maraqlarının və hüquqlarının həyata keçirilməsi üçün vaxt faktorunun əhəmiyyəti. Beləliklə, ağlabatan müddət qeyd olunan kriteriyalar nəzərə alınmaqla işin hallarının öyrənilməsi nəticəsində müəyyən edilir. Ağlabatan müddətlə bağlı müddəalar ayrı-ayrı dövlətlərin konstitusiyalarında da öz əksini tapmışdır. Niderland Konstitusiyasının 15-ci maddəsinə əsasən, işə məhkəmədə baxılmasından əvvəl azadlıqdan məhrum edilmiş şəxsin üzərində məhkəmə ağlabatan müddətdə keçirilməlidir. İsveçrə Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəs məhkəmə və inzibati instansiyalar qarşısında bərabər və ədalətli rəftar, həmçinin qərarın ağlabatan müddətdə çıxarılması hüququna malikdir. Göründüyü kimi, işə istər inzibati icraat, istərsə də məhkəmə prosesində ağlabatan müddətdə baxılması müasir beynəlxalq hüququn tələbi olmaqla yanaşı, bir sıra hüquqi dövlətlərin əsas qanunlarında bilavasitə öz əksini tapmışdır. Məşhur ingilis kəlamında deyildiyi kimi “Gecikmiş ədalət mühakiməsi qüsurludur” (“Justice delayed, justice denied”). Məhz bu baxımdan Konstitusiyada təsbit olunmuş işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılması ilə bağlı müddəa insan hüquqlarının və əsas azadlıqların məhkəmə təminatını gücləndirməklə hüquqi dövlətin ən mühüm prinsiplərindən olan ədalət mühakiməsinin səmərəli, qərəzsiz və şəffaf həyata keçirilməsi prinsipinin möhkəmlənməsinə xidmət edir.
Konstitusiyanın insan hüquqları ilə bağlı ən mühüm normalarından biri də “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” adlı 71-ci maddəsidir. Həmin maddəyə əsasən, Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan hüquqları baxımından müstəsna əhəmiyyət kəsb edən bu normanı təhlil edərək belə nəticəyə gəlmək olar ki, Konstitusiyada təsbit edilib edilməməsindən asılı olmayaraq fundamental beynəlxalq hüquqi aktlarda öz əksini tapmış, yəni ümumtanınmış insan hüquq və azadlıqları Azərbaycan ərazisində qüvvədədir və birbaşa tətbiq edilə bilər. Yəni bu hüquqların milli hüquq tətbiq edən orqanlar, məhkəmələr tərəfindən tətbiq edilə bilməsi üçün onların dövlətdaxili hüquqa gətirilməsi mütləq deyil. Konstitusiya imkan verir ki, fundamental, ümumqəbulolunmuş insan hüquqları pozulduğu halda, hətta pozulmuş hüquq (hüquqlar) milli qanunvericilikdə öz əksini tapmasa belə, pozuntuya məruz qalan şəxs məhkəmə orqanlarına pozulmuş hüququn bərpası üçün müraciət etsin.
Beləliklə, Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri insan hüquq və azadlıqlarının qorunması olmuşdur. Ulu Öndərin rəhbərliyi altında həyata keçirilmiş islahatlar nəticəsində insan hüquqlarının səmərəli müdafiəsi təmin edilmiş, bütövlükdə insan hüquqlarının inkişafı üçün münbit şərait yaranmışdır.
Məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələnin əsas hədəfi insan hüquqlarına hörmətin təmin olunması və işğaldan azad edilmiş ərazilərin bərpası və çiçəklənməsidir.
Prezident İlham Əliyevin cəmiyyətdə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi, demokratiyanın inkişafı, vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində fəaliyyəti nəticəsində bu gün Azərbaycan hüquqi dövlət ideyasının reallaşdığı, dövlət, cəmiyyət və şəxsiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif millətlərin dilinin, dininin, mədəniyyətlərinin qovuşması nəticəsində yaranmış, tolerantlıq prinsiplərinə sadiq, multikultural mühitin formalaşdığı bir məkana çevrilmişdir. Bütövlükdə Prezident İlham Əliyevin yürütdüyü siyasət məhz insan hüquq və azadlıqlarının səmərəli təmininə yönəlmişdir.
Ulu Öndərin xeyirxahlıq və humanizm missiyası bu gün dahi liderin adını daşıyan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Fondun həyata keçirdiyi çoxsaylı sosial layihələr, eyni zamanda Fondun Prezidenti Mehriban xanım Əliyevanın vaxtilə (2013-cü ildə) amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciəti buna əyani sübutdur.
Hazırda respublikamız özünün yeni intibah dövrünü yaşayır. 2020-ci ilin sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı irimiqyaslı hücumuna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın davam edən işğala son qoydu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən uğurlu anti-terror əməliyyatı nəticəsində isə dövlət suverenliyimiz tam bərpa olundu. Ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə Azərbaycan həm də pozulmuş beynəlxalq hüquq normalarını da bərpa etmiş oldu.
Bununla da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı tarixə “Qalib Azərbaycan dövlətinin banisi” kimi qızıl hərflərlə yazıldı.
Builki İnsan Hüquqları Gününü əsas qanunumuz olan Konstitusiyanın qəbul edilməsinin 30 illiyi, şanlı Zəfərimizin beş illiyi və dövlət suverenliyimizin tam bərpası şərəfinə Azərbaycan Respublikası Prezidenti tərəfindən elan edilmiş Konstitusiya və Suverenlik İli çərçivəsində qeyd etmək olduqca qürurvericidir.
10 Dekabr – İnsan Hüquqları Günümüz, İnsan Hüquqları bayramımız mübarək olsun!
Zaur Əliyev
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı
hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı
hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent
Tehsil-press.az












