NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub

NDU-da 10 Mart – Azərbaycan Milli Teatr Günü qeyd olunub Naxçıvan Dövlət Universitetində 10 mart – Azərbaycan Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə NDU-nun Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülxarə Əhmədova çıxış edərək Milli Teatr Gününün əhəmiyyətindən söz açıb.

Teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi, rejissor Nurbəniz Bağırovanın rəhbərliyi altında aktyor sənəti ixtisası üzrə II kurs tələbələrinin iştirakı ilə yazıçı-dramaturq Kamal Abdullanın “Hərdən mənə mələk də deyirlər” əsəri əsasında hazırlanmış tamaşa nümayiş etdirilib.

Bədii rəhbəri Gülxarə Əhmədova, quruluşçu rəssamı Cavid İsmayılov olan səhnə işi maraqla qarşılanıb.

Tamaşadan sonra NDU-nun rektoru Elbrus İsayev əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib, muxtar respublikada, eləcə də ölkə və beynəlxalq səviyyədə keçirilən tədbirlərdə universiteti uğurla təmsil edən tələbələrin fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, ali təhsil müəssisəsində aktyorluq sahəsi üzrə ölkənin tanınmış sənət adamları tədris prosesinə cəlb olunur və bu da gənc aktyorların peşəkar formalaşmasına mühüm töhfə verir.

Rektor NDU-nun Tələbə teatr studiyasının fəaliyyətini də təqdir edərək bu sahədə çalışan hər kəsə uğurlar arzulayıb. Bildirib ki, belə əlamətdar günlər teatr sənətinin yaşadılması, gənc aktyorların yetişdirilməsi və milli teatr irsinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Sonda universitetin mədəni həyatına verdiyi töhfələrə və 2025-ci il ərzində səmərəli fəaliyyətinə görə İncəsənət fakültəsinin bir qrup müəllim və tələbəsi təşəkkürnamə ilə təltif olunub.

Tehsil-press.az

Oxşar xəbərlər