Aqrar Tədqiqatlar Mərkəzi “Fermerlərin yaşlanması: kənd təsərrüfatına təsirlər və yeni başlayan fermerlər üçün proqramlar” mövzusunda seminar təşkil edib. Texas A&M Universitetinin Kənd Təsərrüfatı İqtisadiyyatı Departamentinin rəhbəri, professor Rodolfo M. Nayganın əsas məruzəçi qismində çıxış etdiyi seminarda Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumların əməkdaşları qatılıblar. Professor Rodolfo M. Nayga qlobal aqrar sektorda fermerlərin yaşlanma meyillərinə dair əsas nəticələri təqdim edərək fəaliyyətə yeni başlayan fermerlər üçün yaranan çağırışlar və imkanlar haqqında ətraflı məlumat verib. Müzakirələr dünyada fermerlərin orta yaşının artması və bunun kənd təsərrüfatının davamlılığına təsiri, torpağa çıxışda çətinliklər, yüksək investisiya xərcləri və maliyyə riskləri kimi maneələr səbəbindən gənclərin kənd təsərrüfatına marağının azalması, qadın fermerlərin mühüm rolu və onların üzləşdikləri spesifik problemlər, yeni nəsil fermerləri sektora cəlb etmək üçün siyasət tədbirləri və istehlakçı dəstək mexanizmləri kimi aktual mövzuları əhatə edib.
Mövzular seminar iştirakçılarının marağına səbəb olub, onlar təşkil edilən müzakirələrdə fəal iştirak ediblər. Seminarda Azərbaycanda kənd təsərrüfatı sahəsində siyasətçilər, tədqiqatçılar, maraqlı tərəflər üçün dəyərli biliklər təqdim edilib. Bu biliklər aqrar sahədə gənclərin iştirakı, gender bərabərliyinin gücləndirilməsi və kənd təsərrüfatının dayanıqlığının təmin olunmasına yönəlmiş strategiyaların formalaşdırılmasında özünü göstərəcək.
Qeyd edək ki, professor Nayga qida iqtisadiyyatı, istehlakçı davranışları və aqrar siyasət sahələrində qlobal səviyyədə tanınan iqtisadçı alimdir. Onun istehlakçıların qida seçimi, qidalanma və sağlamlıqla bağlı tədqiqatları həm akademik, həm də dövlət idarəetməsi sferalarında aparılan fəaliyyətlərə mühüm töhfələr verib.
Tehsil-press.az













