İrəvana Bakıdan UÇUŞLAR?

İrəvana Bakıdan UÇUŞLAR? Azərbaycanın yük aviaşirkətinin təyyarələrinin Ermənistan hava məkanı üzərindən uçuşuna ekspertdən reaksiya: “Bu reysin da açılması mümkündür, lakin...”

Azərbaycanın yük aviaşirkəti “Silk Way”-in təyyarələrinin Ermənistan hava məkanı üzərindən uçuş həyata keçirməsi regionda yeni müzakirələrə səbəb olub. “Sputnik Armenia”nın yaydığı məlumata görə, Flightradar24 xidmətində Azərbaycan təyyarəsinin Ermənistan hava məkanından keçidi qeydə alınıb. Bildirilib ki, İl-76 tipli nəqliyyat təyyarəsi Bakıdan Gürcüstan və Türkiyə üzərindən Naxçıvana uçub, geri dönüş zamanı isə Ermənistan hava məkanından istifadə edib. Məlumat Ermənistanın aeronaviqasiya qurumu “Armaeronavigation” tərəfindən də təsdiqlənib. Qurumun açıqlamasında qeyd olunub ki, bu, ilk belə hal deyil və 2025-ci ildə çətin meteoroloji şərait səbəbindən oxşar uçuşlar baş verib.

Bu açıqlamadan sonra cəmiyyətdə əsas sual yenidən aktuallaşıb: “AZAL”ın Bakı-İrəvan reysi açıla bilərmi? Əgər tərəflər arasında benzin satışı varsa, gələcəkdə sülh bərqərar olarsa, Azərbaycan vətəndaşları Ermənistana uça bilərmi?

Ermənistan hava məkanından həyata keçirilən bu kimi tranzit uçuşlar onu göstərir ki, regionda kommunikasiya xəritəsi tədricən dəyişə bilər. Siyasi razılaşmalar əldə olunacağı təqdirdə, onilliklərdir bağlı qalan hava yollarının açılması da istisna deyil. Hazırkı mərhələdə isə bu uçuşlar daha çox texniki zərurət və mövcud reallıqlar fonunda atılan addım kimi dəyərləndirilir.

İqtisadçı Natiq Cəfərli açıqlamasında bildirib ki, hazırkı şəraitdə Bakı–İrəvan arasında müntəzəm mülki uçuşların bərpası üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, qarşılıqlı təhlükəsizlik zəmanətlərinin verilməsi və hüquqi mexanizmlərin yaradılması əsas şərtlərdir. Bu tələblər yerinə yetirilmədiyi müddətdə birbaşa hava əlaqələrinin açılması ehtimal xarakteri daşıyır:

“Bunun üçün kifayət qədər mürəkkəb və uzun yolu keçmək lazımdır. İlk olaraq sülh müqaviləsinin son variantı imzalanmalı, qarşılıqlı konsulluq və səfirlik xidmətləri açılmalıdır. Bu dediklərimdən sonra ehtiyac yaranarsa, təbii ki, gələcəkdə Bakı-İrəvan reysinin açılması mümkündür. Lakin yaxın illərdə bunun baş tutacağı real deyil. Doğrudur, Azərbaycan Ermənistan üzərindən uçuşları artıq həyata keçirir. Ermənistandan da Azərbaycana üçüncü ölkəyə getmək üçün digər şirkətlərin uçuşları olur. Bu Türkiyə reysində məsafəni xeyli qısa edir. Bir ildən çoxdur ki, bu marşrut fəaliyyətdədir. Ancaq birbaşa Bakı-İrəvan reysinin açılmasından danışmaq çox tezdir”.

İqtisadçı deyir ki, hər iki ölkə arasında birbaşa reyslər həm turizm, həm də texniki xidmət üçün açıla bilər: “80-90-cı illərdə Qərbi Azərbaycandan deportasiya edilən azərbaycanlılar belə uçuşlar vasitəsi ilə öz dədə-baba yudlarını görmək istəyə bilərlər. Yəni bu, nostalji turizmi olar. Biz bunu Kipr hadisələrindən sonra da gördük. Məsələn, Yunanıstan Kirpindən Türkiyə Kirpinə və ya əks istiqamətdə gedənlər olur. Belə hadisələr dünya tarixində var. Buna ehtiyac yaransa və təhlükəsizliklə bağlı zəmanətlər verilsə, hətta Bakıda vaxtı ilə yaşamış ermənilərin paytaxtımızı gəlib görməsi də mümkündür. Eyni qayda ilə azərbaycanlılar gedib İrəvanı gəzə bilərlər. Bu cür turizm xəttinin yaranması mümkündür. Lakin bütün bunlara gedən yol asan deyil, həəlini tapmalı olan çox şey var. Onu da qeyd edim ki, uçuşların bərpası Azərbaycandan çox Ermənistanın marağında olmalıdır. Çünki bu ölkədən uçan təyyarədə hər hansısa texniki problem olarsa, rahatlıqla Azərbaycanda eniş edib müəyyən texniki xidmət ala bilər. Ermənilər və azərbaycanlılar gələcəkdə qonşuluq şəraitində yaşamağı öyrənməlidir. Sülh müqaviləsi imzalanandan sonra ticarət və insani əlaqələrin bərpası mümkündür. Lakin bunun üçün bir güvən ortamı da formalaşmalıdır”.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında birbaşa hava əlaqələri Qarabağ münaqişəsinin kəskinləşdiyi dövrdə – 1988–1990-cı illərdə dayandırılıb. Sovet İttifaqının süqutu ərəfəsində başlanan etnik qarşıdurmalar, azərbaycanlıların Ermənistandan deportasiyası, ardınca isə hərbi toqquşmalar mülki aviasiya üçün ciddi təhlükə yaradıb. 1990-cı ilin əvvəllərindən etibarən Bakı–İrəvan reysləri təhlükəsizlik səbəbilə ləğv edilib. 1992-ci ildə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi isə bu əlaqələrin tam və uzunmüddətli şəkildə dayandırılmasına gətirib çıxarıb.

Bundan sonra tərəflər arasında hava məkanı qarşılıqlı olaraq bağlanıb. Uzun illər ərzində nə sərnişin, nə də yük təyyarələri qarşı tərəfin hava məkanından istifadə edə bilib. Bu qadağa təkcə müharibə amili ilə deyil, eyni zamanda diplomatik münasibətlərin olmaması, hüquqi mexanizmlərin mövcud olmaması və siyasi düşmənçiliklə izah olunub.

2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıq formalaşsa da, bu dəyişikliklər mülki aviasiya sahəsində dərhal öz əksini tapmayıb.

Bununla belə, son illərdə müəyyən texniki istisnalar müşahidə olunur. Hava şəraiti, marşrut təhlükəsizliyi və yanacaq sərfiyyatı ilə bağlı hallarda tranzit uçuşlara səssiz razılıqlar verildiyi bildirilir. “Silk Way” təyyarəsinin Ermənistan hava məkanından keçməsi də məhz bu kontekstdə qiymətləndirilir.

Tehsil-press.az

Oxşar xəbərlər