Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Donald Tramp yanvarın 16-da “Sülh Şurası” adlı beynəlxalq təşkilatın yaradıldığını elan edərək Azərbaycanı təsisçi üzv olmağa dəvət edib. Rəsmi Bakı bu dəvəti qəbul edərək niyyətini ABŞ tərəfinə çatdırıb. Yaxın günlərdə Azərbaycanın üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubunun göndəriləcəyi və prosedur məsələlərinin tamamlanacağı bildirilib.
Prezident İlham Əliyev də Donald Trampa ünvanladığı təşəkkür məktubunda bu dəvəti Azərbaycan–ABŞ münasibətlərinin qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, eləcə də Azərbaycanın sülh quruculuğundakı rolunun tanınması kimi qiymətləndirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Sülh Şurasına qoşulmaqla Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli qarşıdurmalardan əziyyət çəkən xalqlar üçün daha təhlükəsiz gələcəyin qurulması kimi nəcib missiyanı bölüşəcək.
Donald Trampın təşəbbüsü ilə formalaşan Sülh Şurasına dünyadan təxminən 60 lider dəvət olunub. Onların bir qismi Azərbaycan kimi təsisçi üzv statusu alacaq. Dəvət olunan ölkələr sırasında Rusiya, Belarus, Macarıstan, İtaliya, Braziliya, Hindistan və Türkiyə kimi mühüm regional və qlobal oyunçuların yer alması Şuranın iddialı formatda qurulduğunu göstərir. Trampın özü Sülh Şurasının ilk sədri olacaq. Şura ilk növbədə Qəzza zolağının yenidən qurulması üçün vəsait toplayacaq.
Azərbaycanın Sülh Şurasına təsisçi üzv qismində dəvət olunması təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin ardıcıl və prinsipial siyasətinin, ölkəmizin beynəlxalq nüfuzunun, təhlükəsizlik və sülh sahəsində irəli sürdüyü təşəbbüslərin məntiqi nəticəsidir.
Bu gün Azərbaycan artıq təkcə regional güc deyil, həm də sülh təşviqatçısı kimi qəbul olunur. 2025-ci il oktyabrın 13-də Prezident İlham Əliyevin Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət olunması bunun bariz nümunəsidir. Azərbaycan Prezidenti həmin sammitdə qalib ölkənin lideri kimi iştirak edirdi. Çünki Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa əsaslanaraq, heç bir xarici hərbi müdaxilə olmadan bərpa edib.
Qarabağda 30 illik işğala son qoyulması, müharibədən sonra isə Ermənistanı sülhə çağıran ardıcıl təşəbbüslər İlham Əliyevi real sülh modeli təqdim edən liderlər sırasında önə çıxarıb. Regionda dayanıqlı sülhün əsasının məhz Bakı tərəfindən qoyulması artıq beynəlxalq siyasi dairələrdə də qəbul edilən faktdır.
Bu kontekstdə 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində ortaya çıxan bu sənəd Cənubi Qafqazda sülh prosesinə beynəlxalq zəmanət kimi dəyərləndirilir və Azərbaycanın etibarlı tərəfdaş imicini daha da gücləndirib.
Mövzu ilə bağlı danışan millət vəkili Hikmət Babaoğlu bildirib ki, dünyada sülh yaratma təşəbbüsü irəli sürməli olan beynəlxalq təşkilatlar öz funksionallıqlarını itiriblər. Onun sözlərinə görə, bu uzun müddətdir ki, qlobal ictimai rəyi məşğul edən bir mövzudur: “Məhz belə bir məsuliyyətli tarixi mərhələdə ABŞ-nin prezidentinin “Sülh Şurası” təşəbbüsü ilə çıxış etməsi həm cari tələbat kimi qiymətləndirilə bilər. Eyni zamanda gələcəkdə “Sülh Şurası” institusional keyfiyyətlər əldə edərsə, yeni nizamlayıcı təşkilat kimi ortaya çıxa bilər. Azərbaycanın təsisçi dövlət kimi bu şuraya dəvət edilməsi hazırkı mərhələdə iki mühüm faktorla əlaqələndirilməlidir. Onlardan birincisi Azərbaycanın güclü dövlət olması və sülhyaratma qabiliyyətinin və təcrübəsinin olmasıdır. Digər tərəfdən isə bu təcrübəni dünyada yaymaq üçün resurslarının olmasıdır. Bu iki şərt Donald Trampın da diqqətindən yayınmadı. Beləliklə, yeni yaradılmaqda olan “Siyasi Şura” ya üzvlük Azərbaycanın nüfuzu, gücü, təcrübələri və resursları ilə bağlıdır”.
Millət vəkili deyir ki, Şuraya dəvət ABŞ -Azərbaycan münasibətlərinin tarixində indiyə qədər olmayan yüksək səviyyəli münasibətdən xəbər verir: “Bizim sülh əldə edərkən, beynəlxalq hüququ pozmamağımız, güclü tərəf olaraq aqressiv davranışlar etməməyimiz heç şübhəsiz ki, dünayada ədalətli sülh konteksində yüksək qiymətləndirilib.
Biz burada lider faktorunu da xatırlamalıyıq. Mürəkkəb coğrafiyada ən mürəkkəb problemi həll edən prezident İlham Əliyev və bu sülhü diplomatik müstəviyə daşıyan ABŞ prezidenti Donald Tramp – bu iki lider tandemi və dövlətlərin davranışı Azərbaycanı təsisçi dövlət kimi “Sülh Şurası”nda iştirakına yönləndirdi.
Hazırda Azərbaycanın yaratdığı Cənubi Qafqazda sülh təcrübəsi Yaxın Şərq, Balkanlar, postsovet məkanı və Şimali Afrika üçün də lazımdır. Bu model tamamı ilə sülhə xidmət edir”.
Tehsil-press.az







