Təcili yardım ağır xəstə olan azyaşlını yolda düşürüb? - Video

Təcili yardım ağır xəstə olan azyaşlını yolda düşürüb? - Video Tovuz Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadası ağır vəziyyətdə olan xəstə uşağı yolda köməksiz vəziyyətdə qoyub.

Bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Məlumata görə, hadisə dünən Tovuz rayonunda baş verib.

Görüntüdə iddia olunur ki, rayon sakini olan uşaq ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, xəstənin vəziyyəti daha da ağırlaşıb və həkimlər onun Bakıya göndərilməsinə qərar veriblər.

Bu məqsədlə Tovuz Rayon Mərkəzi Xəstəxanası uşağı təcili tibbi yardım briqadası ilə Bakıya yola salıb. Lakin briqada yolda uşağın vəziyyətinin ağırlaşdığını görüb Bakıya getməkdən imtina edib. Həkim briqadası xəstəni qarlı hava şəraiti olmasına baxmayaraq, Şəmkir rayonu ərazisində avtomobildən düşürüb və geri qayıdıb.

Yolda xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir stasionar postunun əməkdaşları hadisə yerinə gəliblər və xəstəni Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırıblar.

***

Xəstənin 103 xidmətinin əməkdaşları tərəfindən “endirilərək tərk edilməsi” ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalımaz Tibbi Yardım Mərkəzinin məlumatına görə,18 yanvar 2026-cı il tarixində saat 20:50 radələrində Çobanzadə İnci Rəşad qızı Tovuz Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsində stasionar müalicə aldığı halda, xəstənin yaxınları tərəfindən özbaşına şəkildə Tovuz Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edilərək dispetçerə qarşı təzyiq göstərərək təxliyə tələbi irəli sürülüb.

"Mövcud qaydalara əsasən, xəstənin təxliyəsi barədə qərar yalnız həkimlərin konsiliumu və müvafiq mütəxəssislərin rəyindən sonra qəbul edilir və qəbul edən xəstəxana ilə razılaşdırıldıqdan sonra Regional Təcili Tibbi Yardım Mərkəzinin Mərkəzi Dispetçer Xidməti vasitəsilə təşkil olunur. Lakin qeyd olunan halda mövcud protokol pozulub, dispetçer tərəfindən mərkəzə məlumat verilmədən briqada göndərilib. Bununla əlaqədar olaraq məsul əməkdaş barəsində inzibati tənbeh tədbiri görüləcəkdir.

Hadisə zamanı təcili tibbi yardım briqadasına xəstənin yenidən xəstəxanaya qaytarılması, vəziyyətinin stabilləşdirilməsi və təxliyənin mövcud qaydalara uyğun şəkildə təşkili barədə tapşırıq verilib. Lakin xəstənin yaxınları geri qayıtmaqdan imtina edib, xəbərdarlıqlara baxmayaraq, ambulansı məcburi şəkildə saxlayaraq xəstəni ambulasdan götürərək, DYP patrul avtomobili ilə Gəncə istiqamətində aparıblar.

Xəstənin 103 xidmətinin əməkdaşları tərəfindən “endirilərək tərk edilməsi” ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir", - məlumatda bildirilib.



Tehsil-press.az

Oxşar xəbərlər