Bir aparat rəhbərinin 67 mülkü varsa...

Bir aparat rəhbərinin 67 mülkü varsa... Nə qədər “artıq bu ölkədə heç nəyə təəccüblənmək olmur” desək də, tez-tez heyrətlənəsi oluruq.

Çox uzatmadan dünən xalqın heyrətinə səbəb olan hadisədən bəhs edək. İnsanların təəccübünü sosial şəbəkədəki paylaşımlarından və buna dair şərhlərdən görmək olurdu.

Heyrət doğuran hadisə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun əmlaklarının hərraca çıxarılması deyil, əmlakların miqyasıdır.

Həmin əmlakların ölkəmizdə fəaliyyət göstərən saytların çoxunda, o cümlədən Musavat.com-da dərc olunan siyahısını yenidən təqdim etməyə ehtiyac yoxdur. Amma bəzi məqamlara nəzər yetirməyə dəyər.

Heç demə, ortabab nazirliklərin birində nazirdən, onun müavinlərindən sonra aparat rəhbəri kimi dördüncü dərəcəli vəzifə tutmuş Zeynalovun hərraca çıxarılan əmlaklarının ümumi dəyəri 43 milyon 489 min 537 manat imiş.

Bu, minimal qiymətləndirmədir. Hər əmlakın ünvanının, adının və təyinatının qarşısında dəqiq rəqəmlər göstərilib və məlumdur. Bu saat heç kəs o daşınmaz əmlakları siyahıda göstərildiyi kimi elə ucuz qiymətə satmaz. Nə də heç kəs o qiymətə mülk tapıb ala bilməz.

Demək, 67 adda, müxtəlif ünvanlarda yerləşən əmlakların ümumu dəyərini 2-yə qatlamaq lazımdır. Bu da təxminən 100 milyon manata gəlib çıxır.

Heyrət doğuran birinci məqam budur. Ortabab nazirliyin dördüncü dərəcəli vəzifə tutan işçisi bu miqyasda varidatı necə əldə edib? Həm də bir aparat rəhbərinin 67 mülkü varsa, görün, daha böyük vəzifəlilərin nələr var.

Hazırda o əmlakların müsadirə olunması və hərraca çıxarılması əslində şübhələrə yer qoymur. Hər bir kəs bu varidatın korrupsiya, dövlət vəsaitini talama yolu ilə əldə edildiyini bilir.

İkinci heyrət doğuran məqam odur ki, Zeynalov ailəsinə məxsus olan bu qədər əmlakların coğrafiyasıdır. Əmlaklar Şamaxı, İsmayıllı, Qəbələ, Yevlax, Lənkəran, Sabirabad rayonlarının kəndlərindədir. Həm də hər kənddə 5-6 vahid.

Bundan başqa, yayılmış siyahıda V.Zeynalovun Bakı şəhərinin rayonlarının əksəriyyətində (Səbail, Nərimanov, Xətai, Yasamal, Nəsimi, Binəqədi, Xəzər, Suraxanı, Qaradağ) onlarca villa və qeyri-yaşayış sahələri tədarük etdiyi əks olunub.

Qiyməti 14 milyon 445 min manat olan, qeyri-yaşayış sahəsi var. Molldur, rezidensiyadır, saraydır, hər nədirsə, qiyməti belədir. M.Qaşqay küçəsində yerləşən mənzilin dəyəri 6 milyon 944 mindir. Görünür, 7 milyon imiş, 56 min endirim edilib.

Siyahıda 100+ min manat civarında qiymətləndirilmiş çoxlu mənzil var, ancaq yuxarıda dediyimiz kimi, hazırda nəinki göstərilən yaşayış məntəqələrində o qiymətə, heç onun iki qatına da mənzil almaq mümkün deyil.

Bu qədər ev, torpaq, qeyri-yaşayış sahələri, əlbəttə ki, Zeynalova sırf dəyərdən düşməyən kapital olaraq lazım olub. Yoxsa bir ailənin şəhərin mərkəzində və ondan kənarda , eləcə də yuxarıda adı çəkilən rayonların birində mənzili, villası olması kifayətdir.

Hiss lunur ki, Zeynalov ta “ilişən”ə qədər varidat toplamaqda davam edib, özünün, ailə üzvlərinin adına əmlak ala-ala gedib. Bu qədər əmlakın içində nə bir istehsal müəssisəsi var, nə də iaşə, ticarət, xidmət obyekti.

Çində olsaydı, dövlət əmlakının talanması yoluyla əldə edilmiş çoxmilyonluq sərvətə görə Zeynalovun cəzası yeganə olardı və heç onun təmyiz şikayəti də qəbul olunmazdı.

Ancaq onun və ona bənzərlərin bəxtindən külli-miqdarda dövlət əmlakının mənimsənilməsinə görəvəzifəli şəxslərə ağır cəza verilməsi halları sovet dövründə qalıb. Artıq belə şəxslərə 10 ilin altında cəza verirlər, onlar da 4-5 il yatıb çıxır, gizlədə bildikləri milyonların xərclənməmiş hissəsi ilə özlərinə biznes qurub asudə yaşayırlar.

Həm də Zeynalov kimi korrupsionerlərin yüzdə biri yaxalanmır. Əndazəni gözləyənlər, tamahını boğanlar, işlərini etibarlı tutanlar, taladıqlarını himayədarlarla bölüşənlər “ilişmirlər” və vaxtında vəzifələrindən çıxaraq özəl sektora keçir, oğurluq milyonları leqallaşdırır, sayılan, seçilən biznesmenlər olurlar.

Gün gələcək, V.Zeynalov bu gün əlindən alınmış, satışa çıxarılmış əmlaklarının bir hissəsini geri tələb edəcək, deyəcək ki, onları öz halal qazancı ilə almışdı, o vaxt haqsızlığa məruz qalıb.

Belə edənlər olub. Bəzilərini şikayəti qismən təmin edilib, bəzilərinin uyğun iddiaları isə rədd olunub.

Dövlətin iqtisadi inkişafı, xalqın isə rifahı korrupsiyaya qarşı mübarizənin effektivliyindən, talançılığın mimimuma endirilməsindən çox asılıdır.

Hələlik bizim xalq olaraq əlimizdən belə məlumatları oxuyaraq heyrətlənməkdən başqa bir şey gəlmir. Korrupsionerlərdə insaf yoxdur, xalqda da onları durdurmağa həvəs və təpər. “Bacarana baş qurban” deyə hər cür talamaya haqq qazandıran cəmiyyətin görəcəyi budur.

Tehsil-press.az

Oxşar xəbərlər