Əsəd Mirzəliyev vəkillərə təlim keçdi

Əsəd Mirzəliyev vəkillərə təlim keçdi Yanvarın 24-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Vərəsəlik münasibətlərini nizama salan normaların tətbiqi zamanı yol verilən pozuntular” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.

Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun əhəmiyyəti ilə bağlı məsələlərə toxunub. Qeyd olunub ki, vərəsəlik münasibətləri normalarının düzgün tətbiqi mülkiyyət hüququnun davamlılığını təmin edir, cəmiyyətdə hüquqi ədaləti qorumaqla, sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə xidmət edir.

Həmçinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində vəkillik institutunun hüquqi əsaslarını, praktik fəaliyyətini əhatə edən “Vəkillik fəaliyyəti” adlı dərsliyin nəşri ilə bağlı məlumat verilib və “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub.

Təlimin əsas hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının üzvü Əsəd Mirzəliyev vərəsəlik münasibətlərini nizama salan mülki-hüquqi normaların tətbiqi zamanı yol verilən hüquqi pozuntular, vərəsəlik hüququ sahəsində normativ aktların düzgün tətbiq edilməməsi halları, vərəsələrin mülki hüquq və qanuni mənafelərinin pozulması, vərəsəlik münasibətlərində hüquqi qeyri-müəyyənliyə səbəb olan normativ boşluqlar və digər məsələlər üzrə geniş çıxış edib.

Təlimçi mövcud məhkəmə təcrübəsini vəkillərlə bölüşərək, mövzu üzrə vəkillərin çoxsaylı suallarını cavablandırıb.

Əyani qaydada təşkil olunmuş təlimdə Vəkillər Kollegiyasının 68 üzvü iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər