Naxçıvan Muxtar Respublikasında hüquqşünaslar üçün təlim keçirilib

Naxçıvan Muxtar Respublikasında hüquqşünaslar üçün təlim keçirilib Hüquq və İnsan Haqları İnstitutu Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasında hüquqşünaslar üçün təlim keçirib.
Avropa Şurası Katibliyinin İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının dəstəyi ilə “AİHK-in 3-cü maddəsi. Azərbaycanda İşgəncələrin qadağan olunması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda keçirilən təlimdə ədliyyə qurumlarının, prokurorluq orqanlarının əməkdaşları və Vəkillər Kollegiyasının üzvləri olmaqla 21 nəfər iştirak edib.
İnstitutun təlimçi-eksperti Vüsalə Muradxanlı AİHK-in 3-cü maddəsinin mahiyyətini, Avropa Məhkəməsinin müvafiq qərarlarda mövqeyini, işgəncə və qeyri insani rəftar hallarının, eyni zamanda, işgəncə faktlarının düzgün və qərəzsiz araşdırılmasında hüquq-mühafizə orqanlarının və məhkəmənin rolunun vacibliyini ehtiva edən təqdimatla çıxış edib.
Təlimçi-ekspert, Vəkillər Kollegiyasının üzvü Günel İsmayılbəyli maddədə nəzərdə tutulan ifadələrin açıqlanmasına dair şərhlər vermiş, o cümlədən Avropa Məhkəməsinin presedentlərinə görə hansı rəftarın qeyri-insani və ya ləyaqəti alçaldan rəftar olması, habelə işgəncələr və Konvensiyanın pozulmasına gətirib çıxaran hadisələr barədə məlumat verib.
Müzakirələr zamanı Konvensiyanın 3-cü maddəsinin pozulmasına dair Avropa İnsan Hüquqları Məhkəməsinin müxtəlif ölkələr üzrə presedentləri barədə müzakirələr aparılıb, heç kəsin işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmaması üçün yollar araşdırılıb, həmçinin maddə üzrə iştirakçı ölkələrin pozitiv öhdəlikləri barədə geniş fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılarla kazusların həlli qrup şəklində işlənilib və təlimin qiymətləndirilməsi həyata keçirilib. Təlimdə iştirak edən hüquqşünaslara sertifikatlar təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər