“Ziraat Bank Azərbaycan”: Artım adı altında yığılan risklər

“Ziraat Bank Azərbaycan”: Artım adı altında yığılan risklər Azərbaycanda fəaliyyət göstərən “Ziraat Bank Azərbaycan” ASC son illər maliyyə hesabatlarında aktivlərin və kredit portfelinin artımı ilə diqqət çəkməyə çalışır.

Bankın açıqladığı rəqəmlər ilk baxışdan inkişaf və genişlənmə təsiri yaratsa da, statistik göstəricilərin dərin təhlili bu artımın arxasında ciddi risklərin, zəif risk idarəçiliyinin və sual doğuran kredit siyasətinin dayandığını göstərir.

Açıq maliyyə hesabatlarına görə, bankın aktivləri qısa müddət ərzində yüksək templə artıb. Kredit portfeli də iki rəqəmli artım göstərib. Lakin bankçılıqda əsas göstərici təkcə kreditin həcmi deyil, onun keyfiyyətidir. Məhz bu nöqtədə “Ziraat Bank Azərbaycan”ın göstəriciləri ciddi narahatlıq yaradır. Statistik məlumatlar bankın vaxtı keçmiş kreditlərinin bir il ərzində 40 faizdən çox artdığını göstərir. Bu isə kreditlərin verilməsi zamanı risklərin düzgün qiymətləndirilmədiyini açıq şəkildə ortaya qoyur.

Problemli kreditlərin bu templə artması təsadüfi deyil. Bank bazarda mövqeyini sürətlə genişləndirmək məqsədilə aqressiv kredit siyasəti yürüdüb. Bu yanaşma qısa müddətdə kredit portfelini böyütsə də, real sektorda iqtisadi risklərin artdığı bir dövrdə bankı daha həssas vəziyyətə salıb. Nəticədə gecikmələr, qaytarılmayan kreditlər və riskli aktivlərin payı sürətlə yüksəlib.

Digər diqqətçəkən məqam bankın mənfəət strukturu ilə bağlıdır. Maliyyə hesabatlarında mənfəət artımı göstərilsə də, bu artım əsasən faiz gəlirlərinin yüksəlməsi və portfelin həcminin genişlənməsi hesabına formalaşıb. Problemli kreditlər artmaqda davam edərsə, bu “kağız üzərində mənfəət”in real itkilərlə əvəz olunması qaçılmaz görünür. Bu halda bank ya əlavə ehtiyatlar ayırmalı, ya da kapital mövqeyini zəiflətməli olacaq.

“Ziraat Bank Azərbaycan”ın fəaliyyəti ilə bağlı tənqidlər yalnız maliyyə göstəriciləri ilə bitmir. Müştərilər tərəfindən bank xidmətlərinin ləngliyi, kredit və hesab əməliyyatlarında gecikmələr, müraciətlərə operativ cavab verilməməsi ilə bağlı narazılıqlar da səsləndirilir. Rəqəmsal bankçılıq sahəsində rəqabətin kəskinləşdiyi bir vaxtda bu cür problemlər bankın bazardakı mövqeyini daha da zəiflədə bilər.

Bankın Türkiyədəki ana struktura bağlı olması da ayrıca suallar yaradır. Ana bankın strategiyası və regional risklər Azərbaycan filialına da dolayı yolla təsir göstərə bilər. Xüsusilə ana bankın müxtəlif ölkələrdə eyni vaxtda genişlənməsi idarəetmə diqqətinin parçalanması riskini artırır.

Bütün bu faktorlar onu göstərir ki, “Ziraat Bank Azərbaycan”ın hazırkı fəaliyyəti sağlam və dayanıqlı inkişafdan çox, sürətli artım naminə risklərin gözardı edildiyi bir modelə bənzəyir. Bankın aktivlərinin böyüməsi, əgər kredit keyfiyyəti pisləşirsə, müsbət göstərici sayıla bilməz.

Bank üçün əsas məsələ yeni kreditlərin həcmini artırmaq deyil, mövcud portfelin keyfiyyətini qorumaq və risk idarəçiliyini sərtləşdirmək olmalıdır. Əks halda, bu gün statistikada görünən artım sabah daha böyük maliyyə problemlərinin başlanğıcı ola bilər.

Tehsil-press.az

Oxşar xəbərlər