Mövzu ilə bağlı tanınmış hüquqşünas Vüqar Dadaşov sualları cavablandırıb.
-Vüqar müəllim, pensiyanın geri alınması qanunun hansı tələblərinə uyğun həyata keçirilir?
-Vətəndaşa ödənilmiş pensiyanın geri alınması Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Daha dəqiq desək, Azərbaycan Respublikasının “Əmək Pensiyaları Haqqında” Qanunun 39-cu maddəsinə əsasən qanunsuz şəkildə təyin edilmiş və ödənilmiş pensiya məbləğinin geri alınması mümkündür və prosedur qaydaları mülki qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir.
-Onda, mütləq ortada bir neqativ olmalıdır ki, pensiyanın geri alınmasına o neqativ səbəb olsun?
-Əlbəttə, pensiyanın geri alınması üçün aşağıda göstərdiyim əsaslar mövcud olmalıdır: – rüşvət yolu ilə pensiya təyin edilməsi, – aldatma və ya hədə-qorxu, – sənədlərin saxtalaşdırılması, – hər hansı qanunsuz inzibati akt.
Əgər belə faktların mövcudluğunda pensiya ödənişi davam etdirilibsə, prosesdə belə hallar müəyyən edilibsə, yaxud uyğunsuz təyinatla bağlı ödənilmiş məbləğdə dəyişiklik baş veribsə, pensiya alan şəxsə rəsmi bildiriş verilməli, şəxsin razılıq vermədiyi halda dövlət orqanı məhkəməyə müraciət edərək artıq ödənilmiş məbləğin pensiyadan tutulmasını tələb edə bilər.
- Əgər pensiya alanın pensiyası geri alınarsa, bu neçə ili əhatə edir?
-Vacib bir məqam da qeyd etmək lazımdır ki, ödənilmiş pensiyanın geri tələb müddəti yalnız son üç il üçün nəzərdə tutulur. Yəni, hal-hazırda qüvvədə olan qanunvericiliyə görə, qanunsuz əsaslarla ödənilmiş pensiyanın geri alınması yalnız son üç il ərzində ödənilmiş məbləği əhatə edə bilər. Həmçinin, qanunun tələblərinə görə 2020-ci ildən əvvəlki dövr üçün artıq ödənilmiş pensiyanın tutulması mümkün deyil.
- Bəs, geri alınan pensiyadan tutulan məbləğ nə qədər olur?
-Pensiyadan tutulma məbləği isə hər ay ödənilən pensiyanın ən azı 10 faizi, ən çoxu isə 20 faizi həddində müəyyən edilə bilər.
- Bəs, pensiyanın geri alınması yalnız əmək pensiyaçıları üçün keçərlidir?
- 39 -cu maddə norması qanunsuz təyin olunmuş əlilliyə görə pensiyalara da tətbiq olunur. Yəni, bu norma yalnız əmək pensiyalarına aid deyil, həm də vətəndaşların sağlamlığı ilə bağlı təyin olunmuş pensiyaların qanunsuz ödənilmiş hissəsinin geri alınması prosedurunu tənzimləyir. Beləliklə, nəticə olaraq, nəinki əmək pensiyaları, ümumiyyətlə, sağlamlıq vəziyyətinə əsaslanan pensiyalar da dövlət orqanlarının qanuni əsaslarla vətəndaş razılığı olmadığı halda,dövlət orqanının müstəqil şəkildə pensiyadan tutulma həyata keçirə bilməz. Tutulma ancaq qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında mümkündür.
-Vüqar müəllim, geniş və əhatəli müsahibəyə görə təşəkkür edirik.
Tehsil-press.az












