Yeni sədr şəhid oğludur

Yeni sədr şəhid oğludur Xəbər verdiyimiz kimi, bu gün Dövlət Statistika Komitəsinə sədr təyinatı olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə Azər İsmayıl oğlu Mursaqulov gətirilib.

1981-ci ildə anadan olan Azər Mursaqulov 20 Yanvar şəhidi, professor İsmayıl Mursaqulovun oğludur.

İ.Mursaqulov 1990-cı ilin yanvarın 24-ü Azərbaycan SSR Elmlər Akademiyasının Sumqayıt filialına işə gedərkən Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində tank onun olduğu və yolun kənarında dayanmış avtomobilin üzərindən keçib. Ağır zədə alan professor fevralın 3-ü 50 yaşında vəfat edib.

İsmayıl Həsən oğlu Mursaqulov 13 noyabr 1939-cu ildə Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində anadan olub. Marneuli orta məktəbinin 1958-ci ildə qızıl medalla bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub və oranı 1963-cü ildə fərqlənmə diplomu ilə qurtarıb. Universiteti bitirdikdən sonra təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutuna göndərilib və orada bir neçə ay müddətində laborant vəzifəsində işləyib. 1963-cü ilin sonunda SSRİ Elmlər Akademiyası Ümumi Kimya İnstitutunun (Moskva) aspiranturasına daxil olub və oranı 1966-cı ildə başa vurub. 1967-ci ilin əvvəlində həmin institutun elmi Şurasında namizədlik dissertasiya işini müdafiə edib. 1966–1967-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, 1967–74-cü illərdə isə Azərbaycan EA Aşqarlar Kimyası İnstitutunda böyük elmi işçi vəzifəsində işləyib.

1990-cı il yanvarın 20-də Sovet İmperiyasının Bakı şəhərinə qoşun yeridərək xalqımızın başına gətirdiyi vəhşi cinayət qurbanlarından biri də professor İsmayıl Həsən oğlu Mursaqulov olub.

Professor İsmayıl Mursaqulov Şəhidlər Xiyabanında dəfn olunub. Ona "20 Yanvar Şəhidi" fəxri adı verilib.

Tehsil-press.az

Oxşar xəbərlər