Bu barədə Prezident İlham Əliyev martın 2-də Rusiya Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edərkən söhbət zamanı məlumat verilib. Az sonra məlum olub ki, Qazaxıstanda qəza ilə bağlı yaradılmış istintaq komissiyası araşdırmanın mümkün qədər tez başa çatdırılması üçün maksimum səy göstərəcək. Qazaxıstanın Nəqliyyat Nazirliyi belə bir məlumat yayıb.
“İstintaqın başa çatması üçün dəqiq son tarix hələ müəyyən edilməyib, lakin komissiya araşdırmanı mümkün qədər tez başa çatdırmaq üçün əlindən gələni edir”, - deyə nazirlik qeyd edib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları"nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Təyyarə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Qroznı üzərində vurulub.
“Qəza ilə bağlı yaxın vaxtlarda kompleks praktik addımlar atılacaq” ifadəsi nə deməkdir? Yaxın perspektiv üçün gözlənti nədir? Azərbaycan Beynəlxalq Məhkəməyə müraciət etdimi? Çıxış yolu necə görünür?
Çingiz Qənizadə: Beynəlxalq təşkilatlar Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçisinə qarşı işgəncələrə qəti mövqeyini bildirməlidirlər
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a deyib ki, “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranmış problemlərin həlli üçün yaxın vaxtlarda “kompleks praktik addımlar” atılacağının anons edilməsi yeni hüquqi-siyasi mərhələnin başlanğıcına işarədir: “Azərbaycana məxsus mülki sərnişin təyyarəsinin Qroznıda hərbi hədəf olaraq atəşə tutulması və ardında baş verən qəza ilə bağlı ortada çoxsaylı məlumatlar, fotolar, videolar var. Videolardan Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” mülki sərnişin təyyarəsinin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu açıq görünür. Bu, texniki qəza yox, dövlət məsuliyyəti hadisəsidir. Dövlət məsuliyyəti isə beynəlxalq hüquqda kompensasiya və rəsmi mövqe deməkdir. Həmin hadisə zamanı 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Bu fakt artıq statistik rəqəm deyil – hüquqi öhdəlik yaradan reallıqdır. “Kompleks” sözünün özü göstərir ki, söhbət yalnız bəyanatdan yox, mexanizm və paket həllindən gedir”.
Çingiz Qənizadə hesab edir ki, cinayət işi üzrə Qazaxıstan tərəfinin araşdırmanı mümkün qədər tez başa çatdırmaq istəyi təsadüfi deyil: “Qəza Aktau yaxınlığında baş verdiyi üçün proses beynəlxalq element daşıyır. Bu isə gələcək hüquqi müstəvi üçün əsas sənədləşmə deməkdir”.
Hüquqşünas deyib ki, Azərbaycan beynəlxalq məhkəmədə müraciət etmək hüququna malikdir və bu hüquqdan istifadə edə bilər: “Hazırda rəsmi şəkildə belə müraciət açıqlanmayıb. Amma beynəlxalq hüquqi mexanizmlər mövcuddur. Adətən dövlətlər əvvəlcə ikitərəfli danışıqlara üstünlük verir. Çünki birbaşa məhkəmə mərhələsi artıq münasibətlərin sərtləşməsi deməkdir. Bakı hazırda diplomatik kanalı açıq saxlayır. Amma bu, hüquqi variantın masada olmadığı anlamına gəlmir”.
“Yaxın perspektiv üçün gözlənti nədir” sualına isə Çingiz Qənizadə belə cavab verib: “Yaxın mərhələdə hadisənin səbəbi ilə bağlı rəsmi sənədləşmiş mövqe, kompensasiya mexanizminin açıqlanması, gələcəkdə belə halların təkrarlanmaması üçün təhlükəsizlik zəmanəti verilməsi vacibdir. Əgər bu üç istiqamət üzrə real addım atılmasa, prosesin beynəlxalq müstəviyə keçməsi qaçılmaz olacaq. İndilik Rusiya tərəfi hadisəni törətməsini etiraf etməli, beynəlxalq praktika əsasında ədalətli təzminat hesablanması aparmalıdır. Eyni zamanda, mülki və hərbi hava koordinasiyasının yenilənməsini həyata keçirməlidir".
Tehsil-press.az











