Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Birinci Türkoloji qurultayda türk dillərinin tarixi və inkişafı məsələləri” mövzusunda elmi seminar keçirilib.Seminarda BDU-nun Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Elbrus Əzizov məruzə ilə çıxış edib.
Məruzədə 1926-cı ilin 26 fevral – 6 mart tarixlərində Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi, mədəni və ictimai fikir tarixində tutduğu mühüm mövqedən ətraflı bəhs olunub. Qeyd edilib ki, qurultay yalnız elmi hadisə deyil, türk xalqlarının ortaq mədəni və dil irsinin sistemli şəkildə öyrənilməsi istiqamətində yeni bir mərhələnin başlanğıcı olub.
Elbrus Əzizov çıxışında bildirib ki, qurultayda türk dillərinin tarixi inkişaf mərhələləri, genetik və tipoloji xüsusiyyətləri, qarşılıqlı qohumluq əlaqələri, qədim türk yazılı abidələrinin – xüsusilə Orxon-Yenisey kitabələrinin dilçilik baxımından təhlili əsas müzakirə mövzuları sırasında yer alıb. Bu müzakirələr türkologiyanın metodoloji əsaslarının formalaşmasına mühüm təsir göstərib.
Məruzədə qurultay çərçivəsində əlifba, orfoqrafiya və terminologiya məsələlərinin də geniş şəkildə müzakirə edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, həmin dövrdə türk xalqları üçün vahid və ya uyğunlaşdırılmış əlifba sisteminin yaradılması ideyası elmi baxımdan ciddi əsaslandırılmağa çalışılıb və bu istiqamətdə irəli sürülən fikirlər sonrakı onilliklərdə aparılan islahatlara zəmin yaradıb.
Professor çıxışında akademik V.V. Bartold, B. Çobanzadə, N.N. Poppe, A.N. Samoyloviç, N.İ. Aşmarin və M.F. Köprülüzadə kimi görkəmli alimlərin məruzələrinə toxunaraq, onların türk xalqlarının dili, tarixi və mədəniyyətinin öyrənilməsində fundamental elmi yanaşmalar ortaya qoyduğunu qeyd edib. O, bu alimlərin ideyalarının müasir türkoloji tədqiqatlarda da aktuallığını qoruyub saxladığını vurğulayıb.
Məruzənin sonunda bildirilib ki, Birinci Türkoloji Qurultayda müzakirə olunan problemlər və irəli sürülən elmi qənaətlər bu gün də türk dillərinin tarixi və inkişafının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır və müasir türkoloji araşdırmalar üçün zəngin elmi mənbə rolunu oynayır.
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru İlhamə Hacıyeva və baş müəllimi Ramil Bayramov çıxışlarında Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi və mədəni həyatında mühüm rola malik olduğunu vurğulayıblar.
Tehsil-press.az





