BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov belə layihələrin gənclərin karyera inkişafında önəmli rol oynadığını bildirib. O, BDU-nun “ASAN xidmət” və İnnovasiyalar Mərkəzi ilə uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib, tələbələri inkubasiya proqramlarına qoşulmağa dəvət edib.
İnnovasiyalar Mərkəzinin Layihələrinin idarə olunması departamentinin müdir müavini Ziniddin Babayev və Mərkəzin layihə meneceri Nərmin Kərimova V “Tusi” inkubasiya proqramının istiqamətləri, qaydaları haqqında ətraflı məlumat verib. Bildirilib ki, İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, təhsil prosesində tələbələrə innovativ ideyalarını inkişaf etdirmək üçün dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahələrinə yönləndirilməsidir. V “Tusi” inkubasiya proqramı tələbələrə peşəkar dəstək, təlimlər və geniş mentor şəbəkəsi təqdim edir.
BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov "Gələcək üçün bacarıqlar" layihəsinin əhəmiyyətini vurğulayıb, Universitetdə tələbələrin startap layihələrinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb.
Daha sonra proqram haqqında videoçarx təqdim edilib, tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az














