Tanınmış siyasi məhbus ÖLDÜ

Tanınmış siyasi məhbus ÖLDÜ Rusiyada "çeviriliş etmək" ittihamı ilə məhkum edilmiş 64 yaşlı siyasi məhbus Oleq Tırışkin vəfat edib.

Bu barədə SotaVision və RusNews onun ailəsi məlumat verib. Bildirilir ki, o, ürək tutmasından ölüb. OVD-Info isə ölümün təxminən bir ay əvvəl baş verdiyini qeyd edir.

Tırışkinin harada vəfat etdiyi dəqiq bilinmir. Məlumatlara görə, o, başqa yerə köçürülərkən ölüb. Bəzi mənbələr onun Kemerovo vilayətindəki həbsxana koloniyasının xəstəxanasında dünyasını dəyişdiyini bildirir. Onun Anjero-Sudjensk şəhərində dəfn edildiyi qeyd olunur.

Oleq Tırışkin keçmiş mədənçi, həmkarlar ittifaqı lideri və müxalif “Birləşmiş Vətəndaş Cəbhəsi”nin Kemerovo bölməsinin sabiq rəhbəri olub. O, 2023-cü ilin martında saxlanılıb. Cinayət işi sosial şəbəkədə etdiyi şərhdən sonra başlanıb. 2024-cü ilin dekabrında məhkəmə onu iki il müddətinə azadlıqdan məhrum edib.

Məlumata görə, Tırışkinin səhhətində ciddi problemlər olub, o cümlədən beyin kistası və panik ataklardan əziyyət çəkib. Onun 2026-cı ilin dekabrında azadlığa buraxılması planlaşdırılırdı. “Memorial” təşkilatı onu siyasi məhbus kimi tanıyıb.

Qeyd olunur ki, bu, son iki ayda Rusiya həbsxanalarında qeydə alınan dördüncü siyasi məhbus ölümüdür. Daha əvvəl mart və aprel aylarında oxşar ittihamlarla həbs edilən bir neçə şəxsin də həbsdə öldüyü bildirilmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər