Səlim Müslümov Tərtərdə 5 rayonun sakinləri ilə görüşüb 

Səlim Müslümov Tərtərdə 5 rayonun sakinləri ilə görüşüb  Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tərtər rayonunda 5 rayonun sakinləri ilə görüşüb.

Bu barədə Tehsil-press.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
S.Müslümov Tərtər rayonunda 5 rayonun (Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Laçın) sakinlərini fərdi qaydada qəbul edib.
Vətəndaşlar əsasən əmək hüquqlarının müdafiəsi, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatı, məşğulluq, bərpa müalicəsi, əmək pensiyası hüququnun müəyyən olunması və s. məsələlərlə bağlı müraciət ediblər. Hər bir müraciətdə əksini tapan məsələ obyektiv şəkildə araşdırılıb, ayrı-ayrı müraciətlərlə bağlı hüquqi izahatlar verilib.
S.Müslümov Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin dövlət hesabına mənzillə təmin olunması ilə bağlı müraciətləri cavablandırarkən bu ilin ötən dövründə respublikanın müxtəlif bölgələrində 234 mənzilin həmin təbəqələrdən olan insanların istifadəsinə verildiyini bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzil tikintisi işləri bu bölgədə də uğurla aparılır. Keçən və cari ilin ötən dövründə Tərtər rayonunda 58 nəfər, Ağcabədi rayonunda 14 nəfər, Ağdam rayonunda 10 nəfər, Bərdə rayonunda 5 nəfər olmaqla, həmin rayonlar üzrə ümumilikdə 87 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə cavab verən mənzillərlə təmin olunub. Bu rayonlar üzrə cari ildə daha 16 fərdi evin tikintisi də nəzərdə tutulub”.
Vətəndaşların bir qismi müraciətlərinə əsasən, nazirliyin aidiyyəti müəssisələrində bərpa müalicəsinə cəlb edilmək üçün qeydiyyata götürülüb. Nazir bildirib ki, əlilliyi olan şəxslərin reabilitasiyası yönündə tədbirlər daim gücləndirilir: “Təkcə bu ilin yanvar-avqust aylarında nazirliyin əlillərin bərpa mərkəzlərində 5100 nəfərdən çox əlilliyi olan şəxs bərpa-müalicə xidməti ilə təmin edilib. Eyni zamanda 9747 nəfər əlilliyi olan şəxsə protez-ortopedik xidmətlər göstərilib, onlara 23156 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1077 ədəd əlil arabası verilib, 128 nəfərin isə xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil olunub”.
Məşğulluğun təmin olunmasına dair müraciətlərlə əlaqədar yerindəcə tədbirlər görülüb, onlara yaşadıqları ərazidə fəaliyyət göstərən müəssisələrdəki vakant iş yerləri təklif olunaraq, seçdikləri iş yerlərinə göndərişlər təqdim edilib. Habelə yeni peşələrə yiyələnmək arzusunda olan işaxtaran şəxslər nazirlik tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata götürülüblər. S.Müslümov cari ilin 8 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən 48759 nəfər, o cümlədən Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Laçın rayonları üzrə 2022 nəfər vətəndaşın münasib iş yerləri ilə təmin edildiklərini diqqətə çatdırıb.
Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən işsiz və işaxtaran şəxslərin mövcud potensialları nəzərə alınmaqla özünüməşğulluğunun təmin olunması işləri hazırda sakinlərini qəbul etdiyimiz rayonlar üzrə də məqsədyönlü şəkildə yerinə yetirilir: “Özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət etmiş şəxslər üçün artıq bir çox rayonlarda biznesin təşkili ilə bağlı təlimlərə başlanılıb. O cümlədən hazırda Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Laçın rayonları üzrə də proqramda iştirak etmək üçün müraciət edənlərdən ibarət ümumilikdə 130 nəfərdən çox vətəndaş üçün qeyd edilən təlimlər aparılır”.
Qəbula gələn vətəndaşlar müraciətləri zamanı sosial sahəyə göstərilən Prezident qayğısından da razılıqla bəhs edərək, sosial proqramların uğurla davam etdirilməsinə, əhalinin məşğulluq imkanlarının artırılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


Səlim Müslümov Tərtərdə 5 rayonun sakinləri ilə görüşüb 

Səlim Müslümov Tərtərdə 5 rayonun sakinləri ilə görüşüb 

Tehsil-press.az

Oxşar xəbərlər