Nazir: Azərbaycanda dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə başlanılır

Nazir: Azərbaycanda dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə başlanılır "Azərbaycan Prezidentinin müvafiq tapşırığına uyğun olaraq əhalinin məşğulluğunu artırmaq məqsədilə rüb ərzində dövlət şirkətləri ilə birgə səmərəli fəaliyyət həyata keçirilib. Bu şirkətlər tərəfindən qısa müddətdə məşğulluq orqanlarına 18 minə yaxın yeni vakansiya barədə məlumat təqdim edilib və işaxtaran kimi qeydiyyata alınmış şəxslər göndərişlərlə həmin iş yerlərində müvafiq işlə təmin olunub".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.
Nazir bildirib ki, bundan əlavə, məşğulluq orqanlarına təqdim edilmiş vakansiyalar üzrə 13 minə yaxın işaxtaran şəxs yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilən abadlıq və təmir-tikinti işlərinə cəlb edilib və bu şəxslərlə əmək müqavilələri bağlanıb:
"İlin ilk rübündə məşğulluq orqanlarına müraciət etmiş şəxslərdən ümumilikdə 33,3 min nəfəri müvafiq işlə təmin edilib. Fevralın 1-dən işsizlik müavinətinin minimum məbləği 36,4 faiz, bu məqsədə ayrılan büdcə vəsaitinin məbləği isə 2,4 dəfə artırılıb. Bu əlavə maliyyə imkanları işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, eləcə də vətəndaşların işsiz qalma risklərinin qarşılanmasına yönəldilib.
Əmək münasibətlərinin şəffaflaşdırılmasını təmin edən və əmək bazarı ilə bağlı dolğun və obyektiv informasiya bazası formalaşdıran əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi əmək münasibətlərinə birbaşa və operativ nəzarətin həyata keçirilməsinə imkan yaradıb. Bu sistemin məlumatına əsasən, 2016-cı ilin 1 yanvar tarixinə nisbətən muzdla işləyənlərin sayı 3 ay ərzində 6,6 min nəfər artaraq 1 aprel tarixinə 1256,7 min nəfər (Naxçıvan MR və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) təşkil edib".
Nazir əlavə edib ki, statistika ünvanlı dövlət sosial yardımı təyin olunmuş ailələrin 73 faizinin təkrar müraciət edən ailələr olduğunu göstərir: "Başqa sözlə, bu yardım ailələrin yoxsulluqdan çıxarılmasını şərtləndirmir. Fikrimizcə, ailələri yoxsulluqdan çıxarmaq üçün ilk növbədə onların məşğulluq imkanları araşdırılmalıdır və təhlillər göstərir ki, sosial yardım alan ailələrin əksəriyyətinin məşğulluq imkanları mövcuddur. Belə ki, 2016-cı ilin birinci rübündə sosial yardım alan ailələrin 70 faizi Bakı şəhərindən kənarda olmaqla, onların 75 faizinin pay torpağı var və eləcə də yardım təyin olunmuş ailələrin üzvlərinin 50 faizindən çoxu yaşı 18-dən yuxarı olan insanlardır.
Belə ailələrin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi məqsədilə özünüməşğulluq proqramlarına start verilib: "Artıq bu məqsədə 6 milyon manat vəsait ayrılıb və bu vəsait hesabına ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması təmin ediləcək. Bununla da biz aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçid edirik".

tehsil-press.az

Oxşar xəbərlər