ƏƏSMN-in “Çağrı mərkəzləri”nə edilən müraciətlər 7,7 faiz azalıb

ƏƏSMN-in “Çağrı mərkəzləri”nə edilən müraciətlər 7,7 faiz azalıb Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı 7,7 faiz azalıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Tehsil-press.az-a verilən məlumata görə, avqust ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə əlaqədar 18460 müraciətin operativ şəkildə cavablandırılması təmin olunub. Cavablandırılmış müraciətlərin 94,8 faizi və ya 17496-sı əmək qanunvericiliyi, sosial təminat, pensiya və müavinət təyinatı, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, məşğulluğun təminatı, sosial sığorta və digər məsələlərlə əlaqədar sorğu xarakterli müraciətlər olub. Araşdırılmasına ehtiyac olan müraciətlər isə müraciət vərəqəsi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.
“Çağrı mərkəzləri”nə daxil olan vətəndaş müraciətlərinin 30,9 faizi sosial təminat, 19,1 faizi nazirliyin elektron xidmətlərindən istifadə, 11,8 faizi əmək qanunvericiliyi, 8,6 faizi pensiya və müavinətlər, 7,9 faizi məcburi dövlət sosial sığortası, 7,5 faizi avtomatlaşdırılmış pensiya təyinatı, 7,1 faizi məşğulluğun təminatı, 4,8 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 2,3 faizi fərdi uçotun təşkili məsələlərinə aid olub.
Nazirliyin fəaliyyət istiqamətlərinə aid sahələrin elektronlaşdırılması nəticəsində iyul ayı ilə müqayisədə avqust ayında da “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayında 7,7 faiz azalma qeydə alınıb. Bu azalma daha çox sosial təminat sahəsini əhatə edib. Belə ki, nazirliyin digər fəaliyyət sahələri kimi, sosial təminat sisteminin də elektron texnologiyalar üzərində şəffaflaşdırılması, bu sahədə xidmətlərin sosial cəhətdən həssas qruplara əlçatanlığının təmin edilməsi həmin sahə ilə bağlı müraciətlərin də getdikcə azalmasına səbəb olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 “Çağrı mərkəzləri” tərəfindən nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək qanunvericiliyi, sosial təminat, pensiya və müavinət təyinatı, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, məşğulluğun təminatı, sosial sığorta və s.) əlaqədar müraciətlərin operativ və dolğun şəkildə cavablandırılması təmin olunur.


Tehsil-press.az

Oxşar xəbərlər