Pilot ərazilərdə icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

Pilot ərazilərdə icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbirləri keçirilib Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri noyabrın 14-15-də pilot ərazilərdə - Yevlax rayonunda və Mingəçevir şəhərində əhalinin icbari tibbi sığorta sistemi haqqında maarifləndirilməsi məqsədilə tədbirlər keçiriblər.
Agentlikdən tehsil-press.az-a bildirilib ki, Yevlaxdakı Heydər Əliyev Sarayında və Bəşir Səfəroğlu adına Xalq Teatrında keçirilən görüşlərdə tibb işçiləri və müəllimlər, rayonun 48 kəndinin, 29 bələdiyyəsinin və 1 qəsəbəsinin icra nümayəndələri iştirak ediblər. Görüşlərdə bildirilib ki, icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə dəstək verəcək. Səhiyyənin uzunmüddətli inkişafına nail olmaq məqsədilə bu sahədə dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması və mövcud resursların daha səmərəli istifadəsi tələb olunur.
Növbəti tədbirlər isə Mingəçevir Dövlət Dram Teatrında, Energetiklər klubunda və Mingəçevir Dövlət Universitetində şəhər sakinlərinin iştirakı ilə keçirilib. Görüşlərdə qeyd olunub ki, icbari tibbi sığortanın tətbiqi yeni maliyyə mənbələrinin yaradılmasına təkan verəcək. Azərbaycanda səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığorta modelini tətbiq etmək agentliyin əsas prioritetidir.
Pilot ərazilərdə keçirilən tədbirlərdə icbari tibbi sığortanın əhəmiyyəti, üstünlükləri və səhiyyədə tətbiqi haqqında təqdimatlar olub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdirləri Vüqar Qurbanov və İsa Əliyev, əməkdaşları Sadiq Mədətov və Tural Qulu sakinlərin suallarını cavablandırıblar.
Agentlik tərəfindən əhalinin məlumatlandırılması məqsədilə Yevlax rayonunda və Mingəçevir şəhərində posterlər vurulub.

Tehsil-press.az

Oxşar xəbərlər