Müəssisə və təşkilatlar peşə məktəblərinin idarə olunmasına cəlb ediləcək

Müəssisə və təşkilatlar peşə məktəblərinin idarə olunmasına cəlb ediləcək Azərbaycanda peşə təhsili sahəsində həm işəgötürənlər, həm də onların tədris prosesinə cəlb ediləcək mütəxəssisləri üçün müvafiq həvəsləndirici və stimullaşdırıcı tədbirlər müəyyən ediləcək.

Tehsil-press.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.
Qeyd olunur ki, “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın əmək bazarının tələblərinə uyğunlaşdırılması, işəgötürənlərin kadr hazırlığına yaxından cəlb olunması, regionlarda, xüsusən də sənaye mərkəzlərində eyni peşə istiqamətləri üzrə paralel kadr hazırlığını həyata keçirən ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması, maraqlı tərəflərin, xüsusilə də müəssisə və təşkilatların nümayəndələrinin ilk peşə-ixtisas təhsili müəssisələrinin idarə olunmasına cəlb edilməsi dəstəklənəcək. Bu məqsədlə iqtisadiyyatın müxtəlif sektorlarından olan əsas işəgötürənlərlə sıx əməkdaşlıq əlaqələrinin qurulması, peşə təhsili müəssisələrinin keyfiyyət və kəmiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlər təşviq ediləcək.
Formal (dövlət təhsil sənədinin verilməsi ilə başa çatan) təhsillə yanaşı, informal (özünütəhsil yolu ilə biliklərə yiyələnmə) və qeyri-formal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan) üsullarla əldə edilmiş səriştələrin tanınması metodikası hazırlanacaq.
Əmək bazarının keyfiyyət tələblərini – bilik və bacarıqlara olan tələbləri müəyyənləşdirmək üçün müəssisələrin nümayəndələri və sosial tərəfdaşlar ilə birlikdə prioritet sahələr üzrə peşə standartlarının hazırlanması dəstəklənəcək.

Tehsil-press.az

Oxşar xəbərlər