ATU-nun Tədris Terapevtik Klinikasının Kardiologiya şöbəsində unikal yenilik

ATU-nun Tədris Terapevtik Klinikasının Kardiologiya şöbəsində unikal yenilik Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının Kardiologiya şöbəsi innovativ restrukturizasiya və modernləşmə işlərinin müvəffəqiyyətlə başa çatdırılmasından sonra fəaliyyətini tam şəkildə bərpa edib.
Klinikanın 10-cu mərtəbəsində yerləşən bu şöbənin bir hissəsi müayinələr, digər hissəsi isə stasionar müalicə məqsədilə qəbul olunmuş xəstələr üçün nəzərdə tutulub. Angioqrafiya, stend və başqa müəyyən invaziv müayinələrə aid cihazlar isə klinikanın birinci mərtəbəsində quraşdırılıb. Kardiologiya ilə bağlı hər bir lazımi və müasir avadanlıqlara burada rast gəlmək mümkündür. Kardialogiya şöbəsində xüsusi qeydiyyat otağı və 9 palata fəaliyyət göstərir.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli Tədris Terapevtik Klinikanın yenicə istifadəyə veriləcək Kardiologiya şöbəsi ilə tanış olaraq, belə yeniliklərin çox vacib olduğunu qeyd etdi. Burada quraşdırılan avadanlıqlara tanış olan rektor, mərkəzin qurucuları və klinika rəhbərliyi ilə bir sıra fikir mübadiləsi apardı.
Rektor G. Gəraybəyli bildirdi ki, əvvəlcə ATU-da təhsil alan tələbələr, rezidentlər bu yeniliklərlə tanış olmalı, lazımi biliklər əldə etməlidirlər. Rektor bu yeni mərkəzdə tezliklə həkimlər tərəfindən aparılan pre-invaziv, invaziv müdaxilələrin dərs otağına tələbələr üçün translyasiya edilməsinin tədrisdə çox vacib bir yenilik olduğunu qeyd etdi: “Bizim yeniliklərimiz iki yönlüdür – bir tərəfdən xəstə məmnuniyyəti və digər tərəfdən tələbə təhsili. Buna görə də ilk olaraq, burada aparılan işləri tələbələr praktik olaraq görməlidirlər ki, əldə etdikləri biliklər və praktik vərdişlər onların dərslərinə bilavasitə kömək olsun. Dərs otağında belə bir şəraitin yaradılması olduqca vacibdir”.
Mərkəzin rəhbəri F. Əliyev bildirdi ki, Azərbaycanda texniki baxımdan müasir olan və hazırda bu cür incəlikdə, dəqiqlikdə exokardioqrafiya edən, mürəkkəb diaqnostik proseduraları belə dəqiqlikdə həyata keçirən ikinci bir mərkəz yoxdur.
Qeyd edək ki, sözügedən mərkəzdə Azərbaycanda ilk dəfə olaraq “Transtelifonik EKQ holter” müayinəsi cihazı da yerləşdirilib. Bu aparat ürəkdə baş verən gündəlik dəyişikliklərin izlənilməsi üçün ən son və ən yeni avadanlıqdır. Azərbaycanda ilk dəfə ATU-nun Tədris Terapevtik Klinikasının Kardiologiya şöbəsinin poliklinikasında quraşdırılan bu aparat eləcə də digər innovativ cihazlar həm klinikada müayinə və müalicə olunan xəstələr, həm də bu müalicə və tədris müəssisəsində təhsil alan tələbə və rezidentlər üçün tibb elminin kardiologiya sahəsinin ən son naliyyətlərinə əsaslanan unikal yeniliklərdir. Bu yeniliklərdən hər kəs bəhrələnə bilər.

ATU-nun Mətbuat Xidməti


ATU-nun Tədris Terapevtik Klinikasının Kardiologiya şöbəsində unikal yenilik
ATU-nun Tədris Terapevtik Klinikasının Kardiologiya şöbəsində unikal yenilik
ATU-nun Tədris Terapevtik Klinikasının Kardiologiya şöbəsində unikal yenilik
ATU-nun Tədris Terapevtik Klinikasının Kardiologiya şöbəsində unikal yenilik

Oxşar xəbərlər