Bahar Muradova: İşğal olunmuş bütün ərazilərin sakinlərinin eynən Cocuq Mərcanlı əhalisi kimi qayıdışı təmin ediləcək

Bahar Muradova: İşğal olunmuş bütün ərazilərin sakinlərinin eynən Cocuq Mərcanlı əhalisi kimi qayıdışı təmin ediləcək Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamı hər şeydən əvvəl Azərbaycan vətəndaşının öz doğma yurduna qayıtmasına şərait yaradacaq. Bunu Tehsil-press.az-a Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, uzun illər öz ev-eşiyindən didərgin düşmüş, əzab-əziyyət içərisində yaşamış, daim ora qayıtmaq arzusu ilə yaşamış insanlar öz evlərinə qayıdacaqlar:
“Bu həmin insanların haqqının özlərinə qaytarılması deməkdir. Azərbaycan dövləti bunu bacarır. Azərbaycan dövləti bu gün Cocuq Mərcanlıya qayıdacaq insanların haqqını özünə qaytarır və bunun ardınca işğal olunmuş bütün ərazilərin azad olunmasını və həmin ərazilərin sakinlərinin də eynən Cocuq Mərcanlı əhalisi kimi geri qaytarılmasını təmin edəcək. Azərbaycan dövləti öz vətəndaşı qarşısında öhdəliyini yerinə yetirəcək”.
Vitse-spiker bildirib ki, bunun Ermənistana mütləq təsiri var: “Ermənistanın keçirdiyi narahatlığı da anlamaq olar, çünki onlar bir-birinin ardınca Azərbaycan ərazilərini boşaltmalı olduqlarını artıq anlamağa başlayıblar. Aprel döyüşlərindən sonra Cocuq Mərcanlıya qayıdışla bağlı sərəncam verildi və konkret fəaliyyətə başlandı. Cənab Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan dövləti öz möhkəm iradəsini ifadə edir ki, bu, davamlı bir prosesin başlanğıcı olsun”.

Tehsil-press.az

Oxşar xəbərlər